Bu gün Rusiya və Azərbaycan arasında münasibətlərin kifayət qədər rəvan müstəvidə inkişaf etdiyi, hər iki ölkənin qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində xüsusi maraqlı tərəf kimi çıxış etdiyi özünü qabarıq şəkildə büruzə verməkdədir. Belə görünür ki, qarşıdakı dövr ərzində tərəflər arasında əlaqələrin inkişafı strateji tərəfdaşlığın inkişafına da mühüm töhfə verəcək. Bu məsələdə, heç şübhəsiz ki, birinci vitse-prezident Mehriban Əliyevanın son Rusiya səfəri də mühüm rol oynayıb.
Qeyd edək ki, Azərbaycan tərəfi Mehriban Əliyevanın Rusiyada görüşlərindən və burada ən yüksək səviyyədə qarşılanmasından məmnun qalıb. Bu xüsusda prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra maraqlı fikirlər səsləndirib: “Mehriban Əliyevanın Moskvaya başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq”.
Rusiya mediasının yazdıqlarından, ekspert dairələrinin səsləndirdiyi fikirlərdən belə bəlli olur ki, şimal qonşumuzda da səfərdən, onun nəticələrindən kifayət qədər məmnun qalıblar. Məsələn, politoloq Oleq Kuznetsov bu xüsusda bildirir: “Ən vacib məqamlardan biri də odur ki, dövlət xadimi humanitar məsələlərin müzakirəsi üçün qonşu ölkəyə gəlir. Bu, sözügedən məsələ üçün düşünülə biləcək ən yüksək səviyyədə atılmış addım idi. Bu, de-yure rəsmi səfər xarakteri daşımasa da, de-fakto rəsmi səfər statusu daşıyırdı. İndi başa düşürəm ki, hər hansı bir ölkədə vitse-prezident olmaq təkcə daxili siyasi səbəblərə görə deyil, həm də xarici əlaqələr baxımından çox əlverişli ola bilər.
Mehriban Əliyeva Moskvada ən yüksək səviyyədə qarşılandı. Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşü və Rusiya prezidenti Vladimir Putinin şəhərətrafı iqamətgahında qəbulu bunun sübutudur. Mehriban Əliyeva bir daha uğurla sübut etdi ki, dünya KİV-ləri onu dünyanın ən intellektual siyasətçi xanımlarının top beşliyinə təsadüfən aid etmirlər. Əminəm ki, müstəqil siyasətçi olaraq Moskvaya etdiyi ilk rəsmi səfəri çərçivəsində o, hər kəsdə yaxşı təəssürat oyatdı”.
Kuznetsov birinci xanımın Moskva səfərini daha iki mühüm aspektdən analiz edib: “Birincisi, Vladimir Putin şəxsən özü onu “Dostluq” ordeni ilə təltif etdi. Bu təltiflə bağlı qərar bu ilin avqustunda imzalansa və Putinin bu ordeni Rusiya səfiri ilə göndərmək imkanı olsa da, o bunu şəxsən özü etmək istədi. Bu isə o deməkdir ki, Mehriban Əliyevanın səfərinə son 3 ay ərzində hazırlıq görülüb. İkinci aspekt, Mehriban Əliyevayla Vladimir Putinin görüşündə Rusiya prezidenti Azərbaycan prezidenti İlham Əliyevin 20 dekabrda baş tutacaq Sankt-Peterburqa işgüzar səfərini elan etdi. Mənim bu təxminlərim doğrudursa, dekabr görüşündə tərəflərin müzakirə edəcəyi əsas siyasi sual 10-11 oktyabr tarixində Aşqabadda İlham Əliyevin MDB ölkə başçılarının görüşündə Ermənistanda nasist cinayətkarların dövlət səviyyəsində qəhrəmanlaşdırılması olacaq. Nasizmin qəhrəmanlaşdırılması Rusiya qanunvericiliyində ekstremizmin bir növü kimi qəbul olunur. Bununla mübarizə dövlətin xüsusi xidmət orqanlarının borcudur. Əminəm ki, o günə qədər Armavirdə Njdenin qanunsuz qoyulmuş memorial lövhəsini vəhşicəsinə müdafiə edən erməni millətçilərinin hoqqabazlığı yoxa çıxacaq. Və bu, Putinin Azərbaycana növbəti gizli hədiyyəsi olacaq”.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikov isə “Moskva-Bakı” portalına müsahibəsində bildirib ki, Putinin özü Mehriban Əliyeva ilə görüşdə ona "Dostluq" ordeninin təqdim edilməsinin Azərbaycanda yüksək vəzifəli şəxs olması ilə birbaşa əlaqəli məsələ olmadığını, bunun Rusiya-Azərbaycan münasibətlərinə verdiyi dərin dəstəklə bağlı düşünülmüş qərar olduğunu deyib: "Bir neçə ay əvvəl Mehriban Əliyeva ilə danışdım və doğrudan da onun Azərbaycanda rus dilinin və rusdilli məktəblərin qorunub saxlanmasına, inkişafına verdiyi töhfələr böyükdür, bu onun şəxsi əməyidir. Ölkələrimiz arasındakı münasibətlərin indiki kimi olması üçün həm Rusiya, həm də Azərbaycan tərəfindən müəyyən səylər göstərilməlidir. Azərbaycan prezidenti və birinci vitse-prezident tərəfindən bu səylər göstərilir. Xanım Əliyeva Rusiya ilə dost münasibətlərini sözlə deyil, əməllə göstərir. Bunun üçün ona minnətdarıq. Rusiyada bunu çox yaxşı başa düşürlər. Beləliklə, prezident Putin bu töhfəyə görə təşəkkürünü açıq şəkildə nümayiş etdirdi. Hər kəs Mehriban Əliyevanın Rusiyada necə qarşılandığını, ona hansı münasibət göstərildiyini gördü. Bütün prezidentlər belə qarşılanmır. Səfər iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi".
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev də görülən işlərin iki ölkənin qarşılıqlı münasibətlərinə böyük töhfə olacağını vurğulayır: “Hörmətli Mehriban xanım ən yüksək səviyyəli tədbirlərdə öz dövlətini təmsil etməklə Azərbaycanın müasir beynəlxalq imicini formalaşdırır, Rusiya prezidenti Vladimir Putinin ona şəxsən təqdim etdiyi “Dostluq” ordeni isə Mehriban xanımın dövlətlərarası əlaqələrin dəstəklənməsinə və inkişafına yönəlmiş fəaliyyətinin əhəmiyyətini vurğulayır. Bu sözlər hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı fayda prinsipləri əsasında strateji tərəfdaşlığa öz töhfələrini verən Rusiya-Azərbaycan Regionlararası Forumuna da aiddir.
Xatırlatmaq istəyirəm ki, müstəqil Azərbaycan xaricdə özünün ən birinci ticarət nümayəndəliyini məhz Rusiyada açıb. Bu baxımdan, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində hələ 1939-cu ildə tikilmiş milli pavilyonun respublikaya verilməsi çox məntiqli addımdır. Bu, regionlararası forumun əsas məqsədinə - ən müxtəlif səviyyələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlədilməsinə də aiddir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva hər iki tədbirdə iştirak etmək üçün Moskvaya gəlmişdi. Bu, Mehriban xanımın Azərbaycanın birinci vitse-prezidenti statusunda Rusiyaya ilk səfəri idi. Ötən il Bakıda keçirilən Regionlararası forumu Rusiya və Azərbaycan liderləri açdılar, bu dəfə isə forumun plenar iclasına Mehriban xanım Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko sədrlik edirdi”.
Bütün bunlar Rusiyanın Azərbaycanla münasibətlərin inkişafına indi xüsusi önəm verdiyini əyani surətdə nümayiş etdirir.
Ramil QULİYEV