“İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz”. Bunu Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür və dövlətimiz dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir: “Hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar, yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıb, ona görə çabalayırlar”.
Görünən odur ki, ənənəvi radikal müxalifət artıq xaricdən də dəstəyini itirib. Onlara etimad göstərilmir.
“Çünki bu qüvvələrin heç bir perspektivi yoxdur”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, əvvəllər radikallara dəstək verən qüvvələr artıq bunu etmirlər: “Prezident bununla bağlı çox vacib məqamları qeyd etdi. O həqiqətən də haqq olanı, doğru olanı qeyd etdi. Bir vaxtlar radikal müxalifətə ümid bəsləyən müəyyən xarici dairələr artıq onlara dəstək vermirlər. Onların yaşadıqları ölkələrin hüquq-mühafizə orqanları mühacir alverinə görə belələri barədə ölçü götürürlər. Onları cinayətkar şəbəkənin üzvləri kimi məsuliyyətə cəlb edirlər. Belələrinə, əlbəttə ki, heç xarici dairələr də artıq dəstək vermirlər. Çünki bu qüvvələrin heç bir perspektivi yoxdur. Perspektivi olmadığı üçün də artıq xarici dairələr də bunlara etimad göstərmirlər. O dərəcədə miskin durumdadırlar. Ona görə də ənənəvi müxalifətin heç bir perspektivi yoxdur”.
Vidadi ORDAHALLI