“AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər”. Bunu Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, gənclər bu tarixi bilməlidirlər: “Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü”.
O dövrü xatırlayanlar yaxşı bilirlər ki, sözügedən qüvvələrin hakimiyyəti dönəmində xarici dövlətlərin Azərbaycana təsir imkanları böyük idi. Ən başlıcası, ona görə ki, hakimiyyətdə olanlar səriştəsiz idilər. Bunun nəticəsi idi ki, prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar.
“O vaxt Arif Hacılı parlamentdə bəyan etdi ki, Azərbaycanda hakimiyyət dəyişikliyi 9 ölkənin...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, həmin illərdə xarici ölkələrin hakimiyyətə təsir imkanları aşkar şəkildə özünü göstərirdi: “Bununla bağlı çoxsaylı fakt sadalamaq olar. O vaxt Arif Hacılı parlamentdə bəyan etdi ki, Azərbaycanda hakimiyyət dəyişikliyi 9 ölkənin rəhbərliyi ilə razılaşdırılıb. Yalnız bu fakt həmin illərdə hakimiyyətin nə gündə olduğunu təsəvvür etməyə kifayət edir. Bu onu göstərir ki, həmin illərdə hakimiyyət necə fərqli spektrlərdən asılı idi. Prezident İlham Əliyev sözügedən məsələlərlə bağlı nümunə gətirməklə həmin dövrün real mənzərəsini aydın şəkildə təqdim etdi. Təsəvvür edin ki, bu dövlətlərin hər birinin özünün strateji, geosiyasi və iqtisadi maraqları var. Belə olduğu təqdirdə 9 ölkə ilə hansısa maraqları razılaşdırırsansa, nəticə etibarilə, bu ölkələrdən asılı vəziyyətə düşürsən. Yürütdüyün siyasətdə də onların maraqlarını nəzərə almaq məcburiyyətində qalırsan. Bu da ona gətirib çıxarır ki, ölkənin müstəqilliyi kifayət qədər məhdudlaşır. Xarici siyasət yürütmək problemi olur. İqtisadi müstəvidə ölkənin maraqlarına uyğun addımlar atmaq mümkün olmur. Bu, cəmiyyətin parçalanmasına, dövlətin təhdidlərlə üzləşməsinə zəmin yaradır. Bax, həmin illərdə vəziyyət belə idi”.
Vidadi ORDAHALLI