“Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”. Bunu Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Prezident İlham Əliyev bildirib.
Ölkə başçısının sözlərinə görə, o dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı: “Bu da müstəqilliyə aparan yol idi. Yeni Azərbaycan Partiyası təsis edildi, bununla da Azərbaycanda siyasi sistem formalaşdı. Çünki Yeni Azərbaycan Partiyası yaranana qədər Azərbaycanda siyasi sistem yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular, bir-birilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədər bütün rəhbərləri fərarilik edib, xalqı və ölkəni ağır vəziyyətdə tərk edib, qaçmışdılar. İkisi Moskvaya, biri Kələkiyə qaçmışdı. Bu, fərarilik, satqınlıqdır, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır. Heydər Əliyev hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər bunları bilməlidir. Mən dəfələrlə bunu demişəm, biz - bu tarixi yaşayan insanlar heç vaxt bunu unutmayacağıq, bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik”.
Həqiqətən də 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətdə olsaydı, torpaqlarımız işğal olunmazdı. Təəssüf ki, o zaman ölkə daxilində olan bədnam qüvvələr buna imkan vermədilər. Nəticədə Dağlıq Qarabağda vüsət alan erməni separatizmi son nəticədə qarşı tərəfin torpaqlarımızı işğal etməsinə gətirib çıxardı.
“...torpaqlar işğal altına düşməzdi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, torpaqlar işğal altına düşməzdi: “Nəzərə almaq lazımdır ki, Heydər Əliyev böyük siyasətçi idi. Çünki o, dünya səviyyəsində böyük siyasi xadim idi. Təbii ki, Heydər Əliyevə SSRİ dağılan ərəfədə maneçilik törədilməsəydi, Azərbaycana gəlib ölkəyə rəhbərlik etsəydi, bu proseslər heç vaxt baş verməzdi. Ölkə ərazisinin bir hissəsi ermənilər tərəfindən işğal oluna bilməzdi. Ən azından, ona görə baş verməzdi ki, ermənilər Heydər Əliyevdən çəkinirdilər. Onlar Heydər Əliyevi şəxsiyyət kimi bütöv qəbul edirdilər. Bilirdilər ki, Heydər Əliyevin rəhbərlik etdiyi məmləkətə müharibə elan etmək yersizdir. Çox təəssüflər olsun ki, o vaxt Azərbaycanda hakimiyyət başında olan qüvvələr bütün bunları dərk etmək istəmədilər. O vaxt SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov erməni separatizminə hərtərəfli dəstək verirdi. Ona görə də Prezident İlham Əliyev tamamilə haqlıdır. Ulu öndər ölkəyə rəhbərlik etsəydi, torpaqlar işğal altına düşməzdi”.
Vidadi ORDAHALLI