Türkiyə NATO-nun Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə planlarını, alyansın Ankaranın Suriyada PKK/YPG ilə mübarizəsinə daha çox dəstək verənə qədər imzalamağı rədd edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi NATO-dakı mənbəərə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Ankara NATO-dakı təmsilçisinə alyansın YPG-ni rəsmi olaraq terror təşkilatı kimi tanıyana qədər sözügedən müdafiə planlarını imzalamaması, şəxsi və rəsmi görüşlərdə bununla bağlı daha sərt mövqe ortaya qoymasını tapşırıb.
NATO-dakı Türkiyə nümayəndəsi, Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi məsələ ilə bağlı agentliyin sorğusuna cavab verməyib.
NATO ölkələri Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə plan hazırlayıb. Plan alyansa üzv ölkələr tərəfindən rəsmi olaraq təsdiqlənməlidir. "Reuters"ə açıqlama verən diplomatik mənbə Türkiyənin razılığı olmadan bu planın həyata keçirilməsinin çox çətin olduğunu deyərək, müdafiə planını bloklayaraq, Türkiyənin Şərqi Avropa ölkələrini bu məsələdə “girov götürdüyünü” iddia edib.
Başqa bir mənbə isə Türkiyənin addımlarını "dağıdıcı" adlandırıb.