Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev azərbaycanlı jurnalistlərin İrəvana və işğal olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfərlərinin tarixi və həmin jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəblərini açıqlayıb.
“Trend”in məlumatına görə, icma sədri bildirib ki, bu, müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə əvvəlcədən açıqlanmayıb:
“Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq, dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mətbuatdan izlədiyimə görə, jurnalistlərimiz səfər zamanı hər hansı problemlə qarşılaşmayıblar. Çünki görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsizlik zəmanəti çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”.
“Erməni jurnalistlər Bakı, Gəncə və Quba şəhərlərinə səfəri zamanı Azərbaycanda müxtəlif qurumlarla, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər”- deyən Tural Gəncəliyevin sözlərinə görə, erməni jurnalistlər, həmçinin Bakıda ASAN xidmət və DOST mərkəzləri ilə tanış olublar: "Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.
Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərlərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar. Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.
Hesab edirəm ki, bu səfərlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək".