Müsavat Partiyasında təbəddülatlar səngimək bilmir. Oktyabr ayında Arif Hacılının yenidən partiyanın başqanı olması sözügedən siyasi təşkilatda intriqaları yenidən körükləyib. Görünən odur ki, bir çoxu A.Hacılının yenidən başqan seçilməsinə mənfi yanaşır.
Digər tərəfdən də mühacir biznesi ilə bağlı aparılan həbslər böyük rezonans doğurub. Yayılan məlumatlarda ölkədə bir sıra şəxslərin, ictimai fiqurların, Müsavat Partiyası üzvlərinin adlarının bu qalmaqalda hallanması gündəmi zəbt edib. Mühacir alveri ilə məşğul olduğu bildirilən bu şəbəkə Azərbaycandan vətəndaşları aldadaraq pul müqabilində onlara saxta sənədlər, arayışlar verib, habelə onların Almaniyaya səfərini təşkil edib, orada yerləşdirib və s. xidmətlər göstərib. Uzun illər ərzində minlərlə insan bu şəbəkənin xidmətindən istifadə edib, onların əksəriyyəti külli miqdarda vəsait xərcləməsinə baxmayaraq, oturum ala bilməyib və ölkədən deport edilib.
Müsavatın mühacir biznesi şəbəkəsinin ifşası partiya daxilində də ciddi qarşıdurmaya səbəb olub. Belə ki, vaxtilə partiya rəhbərliyinin qanunsuz fəaliyyətinə qarşı çıxan və bu səbəbdən Arif Hacılının qəzəbinə tuş gələnlər hazırda onun istefasını tələb edirlər.
Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı hesab edir ki, Arif Hacılı və onun ətrafındakı şəxslər birbaşa mühacir biznesinin əsas təşkilatçılarıdır: “Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa verməlidir”.
Maraqlıdır ki, bütün baş verənlərə “soyuqqanlı siyasətçi” imici daşıyan İsa Qəmbər açıq münasibət bildirmir. Prinsipcə, “hiyləgər gedişləri ilə tanınan” sabiq başqana belə qalmaqal sərf edir.
Bu dəfə “mühacir biznesi”nin miqyası o dərəcədə böyükdür ki, bu saxtakarlar üçün “hakimiyyətin məqsədyönlü hücumundan” danışmaqla vəziyyəti müsbətə doğru dəyişmək imkansız görünür. Saxta arayış məsələsini gündəmə gətirən və onu qabardan hakimiyyət deyil, demokratik Avropanın önəmli ölkələrindən olan Almaniyanın hüquq-mühafizə orqanları və başqan Hacılının sabiq və hazırkı silahdaşlarıdır.
Bütün bu deyilənlərin fonunda, Müsavat Partiyasının növbədənkənar qurultay keçirməsinə nə dərəcədə ehtiyac var?
“Reallıq ondan ibarətdir ki, təşkilatda narazılıqlar səngimək bilmir”
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, yaşanan çaxnaşmaları nəzərə alsaq, Müsavat Partiyasının növbədənkənar qurultay keçirməsinə ciddi zərurət var: “Müsavat Partiyası ilə bağlı 10 əvvəl demişdim ki, İsa Qəmbərdən sonra partiya dağılacaq. Nəticə ortadadır. 2014-cü ildən başlayaraq partiyanın dağılması göz qabağındadır. Hazırda partiyada A.Hacılının ikinci başqanlıq dönəmidir. Partiyadan bir vaxtlar getməyənlər indi üsyan qaldırırlar. Hazırkı narazılıqlar əvvəlkilərin davamıdır. Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir. Mühacir alveri ilə bağlı ortada çox ciddi faktlar var. Partiya bütün bunlarla bağlı düz-əməlli açıqlama verə bilmir. Reallıq ondan ibarətdir ki, Müsavat Partiyasında narazılıqlar səngimir. Ona görə də Müsavat Partiyasında növbədənkənar qurultayın keçirilməsinə ciddi zərurət var. Bir məqamı qeyd edim ki, 2005-ci ildə keçirilən qurultayda Əli Əliyev AMİP-in sədri seçildi. Narazı olanlar yeni qurultay tələb etdilər. Nəticədə növbəti qurultay keçirildi və Əli Əliyev yenidən sədr seçildi. Ona görə də Müsavatdakı narazılığı aradan qaldırmaq üçün növbədənkənar qurultaya ehtiyac var. Çünki, qeyd olunduğu kimi, buna zərurət var”.
Vidadi ORDAHALLI