Ermənistanın saxta təbliğatı indi də Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə etdiyi çıxışı təhrif etməklə məşğuldur. İlham Əliyev həmin çıxışında deyib ki, 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi.
Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdılar, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən, Sumqayıtda: “Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı”.
Erməni mediası və rəsmiləri isə İlham Əliyevin bu açıqlamasını özlərinə sərf edən tərzdə yozublar. Onlar qeyd edirlər ki, guya İlham Əliyev həmin çıxışında Dağlıq Qarabağda yaşayan ermənilərin sıxışdırılaraq həmin bölgənin demoqrafik göstəricilərinin zorla dəyişdirildiyinə işarə edib. Erməni təbliğatının növbəti aşkar təhrifi nəyə hesablana bilər?
“Doğrular ortaya çıxanda ermənilərin saxtakarlıqları bir daha özünü göstərir”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər üçün bu həssas mövzudur: “Onlar bu cür yalanları uydurmaqla Dağlıq Qarabağda aborigen millət olduqlarını sübut etməyə çalışırlar. Prezident həmin çıxışında vəziyyəti olduğu kimi təsvir edib. Orada deyilmir ki, bölgənin demoqrafik göstəriciləri ermənilərin sıxışdırılması hesabına baş verib. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ora ermənilər sonradan köçürülüb. Bu da Çar Rusiyasının siyasəti olub. 19-cu əsrin əvvəllərində orada ermənilərin sayı bizə nisbətdə 15 faiz olub. Sonradan İrandan edilən köçürmələr nəticəsində həmin ərazilərdə ermənilərin məskunlaşması prosesi artıb. SSRİ-nin dönəmində də indiki Ermənistan ərazisindən ora köçürülmələr davam edirdi. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrə qədər olan dönəmdə ermənilərin rəhbərliyi ora azərbaycanlıları buraxmırdı. Yəni bir azərbaycanlı gedib orada daimi yaşayıb, işləyə bilmirdi. Görürsünüzmü bölgənin demoqrafiyasını kimlər zor gücünə dəyişirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə həmin maneələri aradan qaldırdı. Yəni azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmasına şərait yaratdı. Xüsusən də Laçın və Ermənistanın özündən Dağlıq Qarabağa köçmək istəyən azərbaycanlılara şərait yaradıldı. Həmin vaxt əhalinin nisbəti 60-40-a, bəzən hətta 60-45 oldu. Heydər Əliyevin bu yöndə atdığı addımlar qanun çərçivəsində olub. Prezident də bizim dediyimiz bu mənzərə barədə məlumat verib. Təbii ki, ermənilər həmin fikirləri təhrif edirlər. Doğrular ortaya çıxanda ermənilərin saxtakarlıqları bir daha özünü göstərir”.
Məhəmmədəli QƏRİBLİ