Məlum olduğu kimi, ATƏT-in təşkilatçılığı ilə Azərbaycandan və Ermənistandan olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər. Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav rus, katolik kilsələri, yəhudi sinaqoquna baş çəkib, həmçinin, “ASAN xidmət”, DOST mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Onlara Bakının mərkəzində olan və erməni dilində kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olmaq imkanı da verilib.
Erməni jurnalistlər ölkəmizdə olarkən Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görsələr də, bu barədə bir cümlə də olsa qeyd etməyiblər. Onların burada yaxından müşahidə etdikləri multikulturalizm mühiti, tolerantlıq, təbii ki, öz ölkələrində yoxdur. Ermənistan monoetnik dövlət kimi bütün bu kimi ali göstəricilərdən məhrumdur.
Azər Həsrət: “Erməni jurnalistlər Azərbaycana gəlib burada gördükləri tolerantlığı, multikulturalizmi, inkişafı yazıb erməni cəmiyyətinə çatdırmırlarsa, bu onların və arxalarında duran Ermənistan hökumətinin qeyri-səmimiliyindən xəbər verir”
Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət bizimlə söhbətində bildirdi ki, Azərbaycanda mövcud olan və bütün dünya üçün örnəyə çevrilən multikulturalizm, tolerantlıq haqqında erməni jurnalistlərinin yazmaması, danışmaması erməni xislətindən irəli gələn məsələdir. A.Həsrətin sözlərinə görə, Azərbaycanın hərtərəfli inkişafı, sivil dövlətə çevrilməsi, ölkəmizin inkişaf və tərəqqi içində olması erməni jurnalistlərini əməlli-başlı məyus edib. “Erməni jurnalistlər Azərbaycana gəlmədən belə buradakı inkişaf, tərəqqi, multikulturalizm mühüti haqqında məlumata malik idilər. Onlar açıq şəkildə görür və hiss edirlər ki, Azərbaycan xalqının, dövlətinin erməni xalqı ilə heç bir problemi yoxdur, bizim problemimiz erməni işğalı ilə bağlıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Azərbaycan dövləti və xalqı da torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışır. İndi erməni jurnalistlər Azərbaycana gəlib burada gördükləri tolerantlığı, multikulturalizmi, inkişafı yazıb erməni cəmiyyətinə çatdırmırlarsa, bu barədə danışmırlarsa, bu onların və arxalarında duran Ermənistan hökumətinin qeyri-səmimiliyindən xəbər verir. Erməni jurnalistlər Azərbaycanda kilsələrdə, dini məbədlərdə, o cümlədən, dövlət tərəfindən qorunan erməni kilsəsində oldular, amma onlar burada gördükləri haqda gedib ölkələrində danışmadılar. Azərbaycana gələn erməni jurnalistlər Ermənistan mediasında yazmadılar ki, biz ölkəmizdə, eləcə də işğal etdiyimiz Dağlıq Qarabağ torpağında bir dənə də olsa türk abidəsi saxlamamışıq, amma Azərbaycan dövləti tolerantlıq nümayiş etdirərək Bakının mərkəzindəki erməni kilsəsini qoruyur, saxlayır. Erməni jurnalistlər məhz bu amilləri qabartmalıdırlar. Amma onlar bunu yazmırlar. Çünki Azərbaycandakı tolerant mühit, inkişaf onların ürəyincə deyil”.
A.Həsrət qeyd etdi ki, Ermənistana və Dağlıq Qarabağa səfər edən azərbaycanlı jurnalistlərin səfər təəssüratları hələ ki, mediada işıqlandırılmayıb. Onun fikrincə, Azərbaycan jurnalistləri Ermənistanda və erməni işğalı altında olan Dağlıq Qarabağda erməni jurnalistlərinin Azərbaycanda gördüklərinin tam əksini görüblər. Onun sözlərinə görə, ermənilər Ermənistandakı türk-müsəlman abidələrini dağıdıb, xristian-alban abidələrini isə erməniləşdiriblər, Dağlıq Qarabağda isə bizə aid abidələrin, dini ocaqların izlərini siliblər.
İradə SARIYEVA