Almaniyanın Miqrasiya və qaçqınlar üzrə Federal Komitəsi Ermənistandan miqrasiya və mövcud sosial-iqtisadi vəziyyət barədə hesabat dərc edib. Hesabat bu ölkədə miqrasiya ilə bağlı vəziyyətin acınacaqlı durumda olduğunu üzə çıxarıb.
Qeyd olunur ki, hər il on minlərlə vətəndaşını miqrasiya üzündən itirən Ermənistan yalnız Rusiyadan gələn maliyyə və diasporun hesabına yaşayır. Hesabatda xüsusi vurğulanır ki, tək 1991-ci ildə Ermənistanı birdəfəlik olaraq 800 mindən 1 milyona yaxın insan tərk edib. Sonrakı üç il ərzində Qarabağda gedən aktiv hərbi əməliyyatlar zamanı yaşanan iqtisadi çətinliklər üzündən Ermənistanı daha 500 minə yaxın insan tərk edib. Hesabatda xatırladılır ki, o zaman Ermənistandan azərbaycanlılar da qovuldu. Ardınca digər xalqların da nümayəndələri – ruslar, yəhudilər ölkəni tərk edib getdilər. Nəticədə ölkə əhalisinin 96 faizi ermənilərdən ibarət oldu. Beləliklə, bu gün Ermənistanı dünyanın ən monomillətçi ölkələrindən biri adlandırmaq olar. Kütləvi miqrasiya isə Ermənistanın iqtisadi problemlərini daha da artırmış oldu. Sözsüz ki, buna Dağlıq Qarabağ münaqişəsi, işğalçılıq siyasəti nəticəsində Azərbaycan və Türkiyənin tətbiq etdiyi sərhədlərin blokadası da ciddi təsir etdi.
Hesabatda qeyd edilir ki, bu gün artıq defakto Ermənistan Rusiya kreditlərindən, eləcə də xaricdə fəaliyyət göstərən erməni diasporundan asılı vəziyyətə düşən ölkəyə çevrilib. Almaniyanın Miqrasiya və qaçqınlar Komitəsi bəyan edir ki, yeni erməni hakimiyyəti, "inqilabçı lider” Nikol Paşinyanın komandası Ermənistanın başı üzərində “Domokl qılıncı” kimi asılan bir çox problemdən – yoxsulluq, korrupsiya və oliqarxiyanın öhdəsindən gəlməlidir. Bununla belə, ölkəni inkişafdan saxlayan başlıca problem kimi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi, Azərbaycan torpaqlarını işğal altında saxlaması göstərilir. Hesabatda xüsusi vurğulanır ki, Ermənistan öz ata-baba torpaqlarından azərbaycanlıları qovmasına görə günahkardır. Bundan əlavə, etnik təmizləmə, işğal olunan torpaqlardan insanların qovulmasının əsas günahkarıdır. Göründüyü kimi, müstəqil bir qurum Ermənistandakı vəziyyətin acınacaqlı olduğunu qeyd edir. Ermənistandakı miqrasiya ilə bağlı vəziyyətin bu hala düşməsinin başlıca səbəbi nə ilə bağlıdır?
Ekspert Zamin Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandan mühacirət edənlərin sayının artması danılmaz faktdır: “Göründüyü kimi, bu acınacaqlı vəziyyətlə bağlı xarici təşkilatlar da həyəcan təbili çalırlar. Hətta Ermənistanın daxilində olan təşkilatlar da bunu təsdiqləyirlər. Bu vəziyyətə, ilk növbədə, iqtisadi-sosial problemlər təsir edir: işsizlik, əməkhaqqının azlığı, ixtisas üzrə iş tapmaq və bizneslə məşğul olmağın mümkün olmaması. Ermənistanın daxilində keçirilən rəy sorğularının nəticəsinə görə, respondentlərin dörddə biri miqrasiyanın artmasına, həmçinin, ölkədə korrupsiya, məhkəmə sistemi, ədalətsizlik səbəbindən yaranmış “qeyri-məqbul mənəvi atmosferin” təsir göstərdiyini qeyd edib. Ölkədə ciddi siyasi, sosial gərginliklər, iqtisadi böhranlar, işğalçı siyasət nəticəsində yaranan hərbi şərait əhalinin öz dövlətində yaşaması üçün problem yaradır. Bu səbəbdən Ermənistanda əhalinin sayının azalması müşahidə edilir. Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra bu ölkədən köç güclənib. Bu təkcə keçmiş ittifaqın daxilində baş verən hadisələrlə bağlı deyildi. Son zamanlar Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət əhalinin davamlı olaraq xarici ölkələrə miqrasiyasına şərait yaratmaqdadır.
BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi bildirib ki, Lori vilayəti üzrə ilk dəfə ölüm halları doğum hallarını 90 hadisə üstələyib. Bunun bir səbəbi gənc kişilərin ailə qurmaq istəməməsidir. Demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır. Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır.
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb. O bildirib ki, mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyət yaradıb. Ermənistan Statistika Komitəsinin 2019-cu ilin yanvar ayına olan məlumatına görə, ölkə əhalisinin sayı 2 milyon 965 min nəfər olub. Bu, 2017-ci illə müqayisədə 7 600 nəfər azdır. 2018-ci ildə ölkə üzrə 36 502 uşaq dünyaya gəlib, bu rəqəm 2017-ci ildə 37 700, 2016-cı ildə isə 40 592 nəfər olub. Bütün bu rəqəmlər göstərir ki, Ermənistan indiki siyasi kursunu davam etdirəcəyi təqdirdə onun vəziyyəti daha da acınacaqlı hal alacaq”.
Məhəmmədəli QƏRİBLİ