Ermənistanın Baş naziri Nikol Paşinyan “Corriere della Sera” qəzetinə müsahibəsində guya ermənofobiya fenomeninin Azərbaycanda geniş yayılmasından danışıb. O bildirib ki, Avropa ölkələri bu barədə kifayət qədər məlumatlandırılmayıb.
Gəlin Paşinyanın müsahibəsində arqument kimi təqdim etdiyi faktların saxtalığına diqqət edək: “Məsələn, ötən ilin yazında Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Liqasının finalında o zaman “Arsenal” və hazırda “Roma”nın oyunçusu Henrix Mxitaryan iştirak edə bilmədi. Niyə? Çünki onun erməni soyadı Azərbaycanda böyük bir məsələdir. Onun soyadını daşıyan köynək geyən avropalı azarkeşlər polis tərəfindən dayandırılıb. Bir həftə əvvəl bir azərbaycanlı sürücü erməni musiqiçinin mahnısını dinlədiyi üçün həbs olundu. Keçən ildə isə ABŞ, Rusiya və Türkiyənin bəzi vətəndaşlarının soyadları erməni soyadlarına bənzədiyi üçün Azərbaycana girməməsi halları oldu. Bu vəziyyətin Azərbaycan hökumətinin rəsmi siyasəti ilə nə əlaqəsi var?”
Baş nazir müsahibəsində erməni zabit Qurgen Marqaryanın öldürülməsindən də danışıb: “Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Marqaryan yatarkən azərbaycanlı zabit Ramil Səfərov tərəfindən balta ilə öldürüldü. Hər ikisi NATO seminarında iştirak etmək üçün Budapeştdə idi. Bu, 2004-cü ildə baş verdi. Macarıstanda ömürlük həbs cəzasına məhkum edildikdən bir neçə il sonra azərbaycanlı zabit öz ölkəsinə ekstradisiya edildi. Vətəndə milli qəhrəman kimi qəbul edildi, Prezident İlham Əliyev tərəfindən əfv olundu, ona Bakıda mənzil verildi ”.
Göründüyü kimi, əsaslı arqument tapa bilməyən Paşinyan Azərbaycana qarşı yenə yalanlar uydurmaqla məşğuldur. Onun guya ermənifobiya elementi kimi təqdim etdiyi bütün faktlar səslənib və rəsmi Bakı tərəfindən ciddi arqumentlər ortaya qoyularaq təkzib olunub. Paşinyanın saxta ermənifobiya uydurması onlara hansısa dividend gətirə bilərmi?
Elşən Mustafayev: “Paşinyan kimi diletant siyasətçilər məsuliyyətsiz çıxışları ilə özlərini ifşa edirlər”
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan bu mövqeyi ilə bir daha saxta siyasət yürütdüyünü sübut etmiş oldu: “Ermənistanda islamofobiya və başqa millətlərə qarşı olan fobiya mövcuddur. Bunu yalnız biz demirik. Dünyanın nüfuzlu təşkilatları belə bu faktı etiraf edirlər. Dövlət başçıları fərziyə ilə danışmamalıdırlar. Onlar fikirlərini konkret fakta əsaslanıb söyləməlidirlər ki, yalanları ifşa olunmasın. İndi internet, sürətli kommunikasiya əsridir. İnformasiya bir neçə saniyənin içərisində 10 minlərlə kilometri yarıb keçə bilir. Azərbaycanda ermənifobiya olsaydı, bura da Ermənistan kimi monoetnik olardı və bir nəfər də olsun erməni millətinin nümayəndəsi tapmaq mümkün olmazdı. Azərbaycanda erməni əsilli vətəndaşların yaşadığını Ermənistanın özü də etiraf edir. Paşinyanın dediyi futbolçu məsələsində də erməni təbliğatı ifşa olundu. Bəlli oldu ki, həmin futbolçu oynadığı komandanın heç əsas heyətinə buraxılmayıb. Sadəcə, futbol oynamağı bacarmadığı üçün belə üsulla özünü reklam edib, baha satmaq istədi. Bilirik ki, Azərbaycanda keçirilən idman yarışlarında erməni əsilli idmançılar dəfələrlə çıxış ediblər və onların təhlükəsizliyi üçün hansısa problem yaranmayıb. Paşinyanın əsaslandığı digər fakt da yalandır. Azərbaycanda saxlanan sürücü ilə bağlı məsələdə təxribat elementi olub. Onlar yalnız avtomobildə erməni mahnısına qulaq asmırdılar, həm də ermənicə təxribatçı söhbət edirdilər. Şübhəsiz ki, müharibə şəraitində olan ölkədə belə faktlar dəqiq araşdırılmalıdır. Bu məsələdə də ermənifobiya elementi axtarmaq doğru deyil. Erməni soyadlı başqa ölkə vətəndaşları ilə bağlı yoxlamanın ciddi aparılması da doğru addımdır. Bu məsələdə Azərbaycan öz təhlükəsizliyini qoruyur. Çünki bir neçə dəfə Bakıda törədilən və törədilməsinə cəhd olunan terror hadisələrində erməni izi aşkar olunub. Bu baxımdan da həmin kateqoriyadan olan şəxslərlə bağlı ciddi yoxlamaların aparılmasında heç bir qəbahət görmürəm. Ermənistan bunun belə olmamasını istəyirsə, özü bu barədə düşünüb, qonşuları ilə əminamanlıq şəraitində yaşamaq siyasətini həyata keçirməlidir. İşğaldan əl çəkiləcəyi təqdirdə iki xalqın qonşu yaşaması, kommunikasiyaların bərpasında da problem olmaz. Ramil Səfərov isə Azərbaycan bayrağını təhqir edən bir erməni zabitini öldürüb. Zabitimizin psixologiyasında yaranan bu amildə də erməni işğalının təsiri olub. Səfərov doğma yurdu işğal olunan bir zabitdir. Törətdiyi əməldə bu amilin də buraxdığı izlər az olmayıb. Onun Azərbaycan xalqı tərəfindən sevilməsinin isə ermənifobiya ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar bir daha sübut edir ki, Paşinyan kimi diletant siyasətçilər məsuliyyətsiz çıxışları ilə özlərini ifşa edirlər”.
Məhəmmədəli QƏRİBLİ