Ermənistanın mövcud hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşması hələ də sülh ümidləri üçün hansısa əsas vermir. Çünki Nikol Paşinyan və komanadasında yer alanlar məsələyə münasibətdə hələ də sərsəm və beynəlxalq hüquqa zidd bir yanaşma sərgiləməkdə davam edir.
Xatırladaq ki, belə yanaşma indi Ermənistanın özündə də ciddi tənqid hədəfinə çevrilib. Hətta bu günlərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da Avropa Demokratik Partiyasının qurultayı zamanı bəyan edib ki, münaqişənin indiki danışıqlar mərhələsi narahatlıqlar doğurur: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz dəstəyini alması çox vacibdir”. Erməni ekspert Armine Adibekyanın sözlərinə görə, Sarksiyanın narahatlığı daha çox Ermənistanın indiki hakimiyyətinin fəaliyyətindən doğur. O bildirir ki, məhz bu fəaliyyət nəticəsində hazırda vəziyyət dəyişib, ancaq hansı istiqamətə dəyişdiyi qeyri-müəyyəndir: “Nə azərbaycanlılar, nə də ermənilər bu fəaliyyətdən nə baş verdiyini anlayır və mənə elə gəlir ki, Ermənistan hakimiyyəti bu prosesin hara getdiyini yaxşı başa düşmür. Sarkisyan hazırkı hakimiyyətə danışıqlar prosesinin aparılmalı olduğunu göstərib. Heç bir halda səhv addımlarla hərbi əməliyyatların başlamasına sürükləməməyi tövsiyə etməyə çalışıb. Amma Paşinyanın fəaliyyəti hərbi əməliyyatların yenidən başlanma ehtimalını yüksəldir”. Adibekyan bildirib ki, bunun əsas səbəblərindən biri hazırda erməni hakimiyyətinin Qarabağ məsələsindəki mövqeyinin nədən ibarət olduğunun aydın olmaması ilə bağlıdır: “Məndə elə təəssürat var ki, Ermənistanın birinci şəxsi bu mövzunu çiynindən atmaq və onu xalqın, Qarabağ rejiminin çiyinlərinə qoymaq istəyir. Paşinyan hakimiyyətdə olduğu müddət ərzində Qarabağla bağlı 3 tezis irəli sürüb. İlk növbədə bəyan etdi ki, Qarabağ danışıqlar tərəfi olmalıdır, daha sonra “Qarabağ Ermənistandır və son”, bundan sonra hər 3 tərəf - Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olacaq bir həll yolunun tapılması vacibliyini bildirib. Bu 3 tezis doğrudanmı bir-birinə ziddiyyət təşkil etmir? Yalnız Paşinyanın dəstəklədiyi Qarabağın danışıqlar masasına qayıtması fikri ilə o, münaqişənin həlli yükündən yaxasını kənara çəkmək və Azərbaycanla Qarabağ rejiminin öz aralarında problemlərini həll etməsinə nail olmaq istəyir. Amma bu mümkün deyil və beynəlxalq vasitəçilər də bunu dəstəkləmir”. “Qarabağ Ermənistandır və son” məsələsinə gəldikdə, ekspert vurğulayır ki, bu, əvvəllər “daxili mətbəx”də istifadə edilmiş bir termindir: “Amma daxildə deyilən xaricdə əksini tapmalıdır. Paşinyan xaricdə qüvvədə olmayan bir fikri irəli sürüb. Bu fikir danışıqlar məzmununa da ziddir. Azərbaycan cəmiyyətində bu tezisin dəstəklənməsinə necə nail olmaq niyyətində olduğu məlum deyil. Hər 3 tərəfi məmnun edəcək bir həll variantı mövcud deyil. Ona görə də yaxşı olardı ki, Paşinyan hakimiyyəti əsassız tezislərindən imtina etsin. Bunun əksi savaşdır və Paşinyan həmin savaş üçün Azərbaycana lazımi arqumentləri verir. Amma bu savaşda bizi nələrin gözlədyini heç Paşinyan özü də bilmir. Bu səbəbdən onun aprel döyüşlərini xatırlaması yaxşı olardı”. Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan da etiraf edir ki, hakimiyyət ziddiyyətli açıqlamaları ilə Qarabağla bağlı danışıqlar prosesini dalana dirəyib. O bildirib ki, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanla eyni, Ermənistanla isə fərqli mövqedən çıxış edir. Keçmiş nazir söyləyib ki, mövcud vəziyyət Ermənistan üçün təhdiddir. Şahnazaryan məhz bu fonda danışıqların dalana dirənməsi ilə əlaqədar Azərbaycanın hərbi əməliyyatlar keçirəcəyindən də narahatlığını gizlətməyib: “Azərbaycan gələcək hərbi əməliyyatlarını əsaslandırması üçün artıq ciddi arqumentlər əldə edib”.
Bu yanaşmalardan aydın görünür ki, Qarabağ məsələsinin hərbi həll ehtimalı, əslində Ermənistanda ciddi qorxu ilə qarşılanır. Hadisələr bu səpkidə inkişaf edəcəyi təqdirdə də əsas günahkar qismində Ermənistan hakimyyəti göstərilir. Çünki məhz onun absurd mövqeyi üzündən danışıqlar prosesi dalana dirənmiş vəziyyətə düşüb. Ermənistanda isə belə durumda, ən azından, politoloqlar və siyasi şərhçilər səviyyəsində hər kəs bilir ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan ordusu indi ən müasir silahlarla təchiz edilib. Bu durumda sülh danışıqları sona qədər getməsə, Azərbaycan ordusu Ermənistana lazım olan cavabı verəcək. Ermənistanın isə ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyət almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaş Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək. Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan savaşı istsina etmədiyindən, bu istiqamətdə intensiv hazırlıqlar görüb: “Azərbaycan üçün burada bir məqsəd var - Qarabağı geri qaytarmaq. Bu fonda Azərbaycan daha çox silah alır və daha da güclənir. Təbiidir ki, danışıqlar nəticə verməsə, bu silah Ermənistan ordusuna qarşı tətbiq ediləcək. Bu regionda Ermənistan Azərbaycanın düşmənidir və səbəb də işğal faktorudur”.
Digər ekspertlər də bildirir ki, danışıqların dalana dirənməsi fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Bu fonda davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan ordusu düşməndə böyük vahimə yaradır. Bu isə o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Qeyd edilənlər fonunda son illər ərzində Azərbaycan ordusunda keçirilən irimiqyaslı təlimlər getdikcə daha çox diqqət çəkir. Belə təlimlər ordunun döyüş hazırlığı səviyyəsinin yoxlanması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Təlimlərə böyük sayda şəxsi heyət, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnikaların cəlb edilməsi isə onun effektlivlyini daha da artırır. Eləcə də belə təlimlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir. Elə düşməni narahat edən başlıca məqamlardan biri də məhz budur. İndilikdə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması bu sahədə uğurları daha da artırır. Bütün bunlar isə, Ermənistanla aparılan danışıqlar ölkəmiz üçün istənilən şərtlərlə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın güc yolu ilə istəyinə çatmasına lazımi imkanlar yaradır. Bunu, Paşinyan hakimiyyətindən frəqli olaraq, Ermənistanda aydın şəkildə sezənlərin sayı az deyil. Elə buna görə də Paşinyanın Qarabağ siyasəti Ermənistanın özündə narazılıqla qarşılanır.
Digər tərəfdən, baş verənlərdə geosiyasi faktor məsələsinə də diqqət yetirilməlidir. Faktdır ki, yanlış xarici isyasət nəticəsində Ermənistanın həm Rusiyanın, həm də Qərbin dəsətəyindən məhrum olması regionda onun mövqelərinin daha zəif hala gəlməsinə səbəb olub. Məhz bu da Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək faktorlardan sayılır. Çünki Ermənistanın bu münaqişənin həllini indiyə qədər uzatması yalnız xaricdən aldığı dəstək sayəsində mümkün olub. Amma artıq bu dəstək tədricən aradan qalxır və belə şəraitdə Azərbaycan üçün Qarabağ münaqişəsinin həlli daha asan hala gəlir. Ümumiyyətlə, hesab edilir ki, yaxın tezlikdə Moskva, eləcə də Qərb ölkələri İrəvanın Qarabağ məsələsində müəyyən gedişlər etməsi üçün Ermənistana təzyiqlərini artıra bilər. Bu həm də Azərbaycan diplomatiyasının uğurlu gedişlərinin nəticəsi kimi qəbul olunur. Çünki Bakı Qafqazı beynəlxalq miqyasda əməkdaşlığın əsas ünvanlarından biri qismində görmək istəyir. Bunun əsas şərtlərdən biri isə Qarabağ münaqişəsinin həllindən keçir.
Digər tərəfdən, yaranmış vəziyyətdə danışıqlar nəticə verməsə, ABŞ və Rusiya kimi ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün hərbi əmliyyatlara başlamasına hansısa maneə yaratmayacaq. Erməni politoloq Qrant Postancan da Azərbaycanın belə vəziyyətdən istifadə edə biləcəyindən narahatlıq ifadə edib: “Azərbaycan Qarabağ məsələsini hərb yolu ilə həll edəcəyini gizlətmir. Bunun qarşısını alacaq qüvvə də yoxdur”. Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində yaxın tezlikdə müəyyən yeniliklərin olacağını istsina etmir. Azərbaycan ya hərb, ya da sülh yolu ilə məsələnin həllində artıq irəliləyişlərin olmasında israrlıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.