Məlum olduğu kimi, Prezident İlham Əliyev Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Belə ki, sərəncama əsasən V.Ələsgərov Ələt azad iqtisadi zonasının İdarə Heyəti formalaşana qədər qurumun sədri vəzifəsini icra edəcək.
Məlumat üçün qeyd edək ki, V.Ələsgərov 2005-ci ilin dekabrından Milli Məclis sədrinin müavinidir. O, 2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. Bununla belə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Göründüyü kimi, V.Ələsgərov bir neçə vəzifəni icra edir. Adətən parlamentdə təmsil olunanlara icraedici qurumda yeni vəzifə veriləndə, onların parlament fəaliyyətinə xitam verilir. Yaxud da onlar özləri yeni vəzifəyə təyinat almaları ilə əlaqədar könüllü şəkildə mandatdan imtina edirlər. Ancaq elələri var ki, yeni vəzifəyə təyinat almalarına rəğmən, parlamentin üzvü olaraq qalırlar. Belə hallar da var.
Bütün bunların fonunda maraqlıdır, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edildiyi üçün V.Ələsgərov vitse-spikerlikdən və MM üzvlüyündən gedəcəkmi?
“Fikrimcə, sonrakı mərhələdə qanunvericilik çərçivəsində hər bir şey öz həllini tapır”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, V.Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edildiyi üçün onun əvvəlki vəzifələrdən getməsi mütləq deyil: “Nəzərə almaq lazımdır ki, V.Ələsgərova bu vəzifə həvalə olunub. O, uzun müddət Dövlət Neft Şirkətində çalışıb və şirkətin xarici iqtisadi əlaqələr şöbəsinə rəhbərlik edib. Ölkə Prezidentinin, eləcə də ulu öndər Heydər Əliyevin neft strategiyası ilə bağlı geniş məlumata və praktiki təcrübəyə malik olan şəxslərdən biridir. Digər tərəfdən, uzun müddətdir qanunverici orqanda fəaliyyət göstərir. Ələt azad iqtisadi zonası haqqında qanunun qəbul olunmasında deputat olaraq çox böyük təşəbbüsü var. Sözügedən qanunla bağlı bir sıra ölkələrin qanunvericiliyini və bunun tətbiqi mexanizmini öyrənib. Bir sözlə, bu işdə fəal millət vəkili olaraq prosesdə çox aktiv iştirak edib. Bütün bunları nəzərə alaraq cənab Prezident sözügedən vəzifəni ona həvalə edib. Fikrimcə, sonrakı mərhələdə qanunvericilik çərçivəsində hər bir şey öz həllini tapır. Çünki qanun çərçivəsində bütün bunların həll ediləcəyinə heç bir şübhə yoxdur”.
Vidadi ORDAHALLI