ABŞ-ın İŞİD-ə qarşı mübarizədə rəhbərlik etdiyi Beynəlxalq Koalisiya Suriya kürdləri ilə birgə İŞİD terrorçularına qarşı birgə hərbi əməliyyatların keçirildiyini elan edib. Belə ki, ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata yenidən başlayıb.
Məlumata əsasən, ABŞ Deyr əz-Zorda kürd silahlıları ilə əməliyyata start verib və əməliyyat zamanı çox sayda İŞİD üzvü öldürülüb. 10-dan çox terrorçunun isə saxlandığı bildirilib.
Onu da qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “CENTCOM” rəhbəri general Kennet Makkenzi şənbə günü ABŞ qüvvələrinin Suriya Demokratik Qüvvələri ilə birlikdə İŞİD terror qruplaşması ilə mübarizəsini tezliklə bərpa edəcəyini demişdi: “Mənim hazırda Fəratdan şərqə qədər, Deyr əz-Zordan Həsakiyə qədər, şimali-şərqdən Suriyanın şimal-şərqinə qədər olan ərazidə 500-ə yaxın ABŞ əsgərim var. Bu mövqedə qalmaq niyyətindəyik. Suriyadakı tərəfdaşlarımızla birgə Fərat çayı ərazisində İŞİD-ə qarşı əməliyyatları davam etdirmək üçün çalışırıq”.
Nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti oktyabrın əvvəlində Amerika qoşunlarının Suriyadan çıxarılmasını elan etdikdən sonra Türkiyə ordusu Suriyanın şimal-şərqində yerləşən kürd qoşunlarına qarşı hücuma başladı. Əməliyyat çərçivəsində Türkiyə qarşısına qoyduğu məqsədə nail oldu. Gözlənilirdi ki, ABŞ bundan sonra Suriyada fəal hərbi əmələyyatlara qoşulmayacaq. Ən başlıcası, ona görə ki, regionda İŞİD-in nəzarətində olan ərazi, demək olar, qalmayıb. Belə olan halda, ABŞ-ın yenidən Suriyada hərbi əməliyyatlara start verməsi maraq doğurur. Maraqlıdır, Suriyada nə baş verir? ABŞ-ın növbəti hərbi əməliyyatlara başlamasında məqsədi nədir?
“Neft yataqlarının mühafizəsi adı ilə reallaşan bu planda əsasən kürdlərin muxtariyyətini yaratmaq məqsədi dayanır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın bu addımına bir neçə kontekstdən yanaşdı: “Məsələ ondadır ki, Suriya düyünü geopolitik bir qarşıdurmadır. Burada iştirak edən ölkələr yeni dünya nizamında öz siyasətlərini qurmağı hədəfləyiblər. Qeyd edim ki, Suriyada İŞİD beynəlxalq terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlar və burada ABŞ-ın fəal iştirakı, demək olar, İŞİD-in orada olan varlığına son qoydu. Məhz ABŞ Prezidenti Donald Tramp İŞİD məğlub edildikdən sonra Suriyadan çıxacaqlarını elan etdi. Türkiyənin Suriyanın şimalında YPG terror təşkilatına qarşı hərbi əməliyyatı və burada ABŞ-ın planlarının üzərindən xətt çəkməsi Vaşinqtonun yenidən bir plan həyata keçirməsinə gətirdi. Ankaranın “Sülh Çeşməsi” adlı hərbi əməliyyatı çərçivəsində ABŞ ordusu böyük bir ərazidən çəkilmişdi. ABŞ qüvvələrini İraqa çəkmişdi. Göründüyü kimi, Suriyada mövqelərinin zəiflədiyinin fərqində olan ABŞ İŞİD-ə qarşı əməliyyat adı altında yenidən orada möhkəmlənmək istəyir. Bu minvalla, Suriyada əsgəri gücünü artırmaqla, yeni oyun qaydaları planlayır. Neft yataqlarının mühafizəsi adı ilə reallaşan bu planda əsasən kürdlərin muxtariyyətini yaratmaq məqsədi dayanır. Hesab edirəm ki, ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyat adı ilə öz qüvvələrini burada yerləşdirərək yenidən Suriyada böyük bir ərazini nəzarətə almaq istəyir. Rusiya və İranın burada təsir mövqeyinin güclənməsi Vaşinqtonu ciddi narahat etməyə başlayıb. Göründüyü kimi, Suriyada sülh və təhlükəsizliyin təmini yaxın perspektivdə görsənmir. Çünki ABŞ yeni oyun qaydaları cızır. Bu da yeni müharibənin alovlanması deməkdir. Görünür, ABŞ Suriyada istədiyini bundan sonra əldə etməyi qərara alıb”.
Vidadi ORDAHALLI