“Siyasi və beynəlxalq kontekstdən bəzilərinin tarixi yenidən yazmağa, onda baş verənləri yenidən hazırlamağa cəhd etdiyini görürük”. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Rusiya və Ermənistan arasında mübahisəyə səbəb olan Qaregin Njde mövzusunu şərh edərkən bildirib. Onun sözlərinə görə, bu məsələlər çox incədir.
Erməni mediası Rusiya səfirinin bu açıqlamasını tənqid edib. Qeyd olunub ki, Kopirkinin açıqlamasından tarixin yenidən dəqiqləşdirilməsinə kimlərin cəhd etdiyi tam anlaşılmır: “Bu çox ehtimal ki, erməni auditoriyası üçün verilən açıqlamadır. Bununla bu odu-alovu yumşaltmaq istəyirlər. Köçəryanın tərəfdarlarının iddia etdiyi erməni-rus münasibətlərindəki böyük ziddiyyəti şişirtmək istəyirlər”.
Erməni mediası iddia edir ki, Rusiya lazım gələndə tarixi yenidən yazır və bu, qəbahət sayılmır, amma Ermənistan bunu edəndə fərqli yozulur: “Bu arada Rusiya özü İkinci Dünya Müharibəsinə səbəb olan Molotov-Ribbentrop Paktını diplomatiyasının nailiyyəti elan etdi. Hansı ki, Yeltsinin dövründə Rusiya bu sazişi dövlət səviyyəsində pislədi. Yəni Rusiyada, əslində, tarixin yenidən yazılması və paktın əsaslandırılması mövcuddur”.
Düşmən ölkənin mediası hesab edir ki, bu, Rusiya səfirinin Ermənistan maraqlarına yönəlik ikinci saymazyana münasibətidir. Birinci dəfə Azərbaycana Rusiyanın silah satmasına münasibət sərgilənərkən özünü göstərdi. Səfir Kopirkin bu məsələyə münasibət bildirərkən faktiki surətdə erməniləri pərt edib və Azərbaycana silah-sursat satışına haqq qazandırıb: “Bu məsələlər, şübhəsiz, çox vacibdir və diqqətə və müzakirələrə layiqdir. Ancaq belə diskussiyalar və şərhlərin arxasında bəzən KTMT-nin əsas fəaliyyəti görünməz olur”.
Göründüyü kimi, erməni mediası yenidən Rusiyanın Ermənistandakı səfiri S.Kopirkinin üzərinə hücuma keçib. Bununla, açıq-aşkar, faşist Njde ilə bağlı tutduqları mövqeyi dəyişmək istəmədiklərini göstərirlər.
“Erməni mediasının Molotov-Ribbentrop Paktını Njde məsələsi ilə müqayisə etməsi primitiv axmaqlıqdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovn sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ermənistan Njde məsələsində geri addım atmaq istəmir: “Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin belə bir ifadə işlədirsə, deməli, o bununla öz dövlətinin mövqeyini bildirir. Nəzərə almaq lazımdır ki, Moskva faşizmin qəhrəmanlaşdırılmasına qarşı ciddi tədbirlər görür. Faşistlərə xidmət edənlərin qəhrəmanlaşdırılmasına öz narazılığını bildirir. Gələn il İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyi qeyd olunacaq. O səbəbdən Rusiyanın bu mövqedən çıxış etməsi özlüyündə bir faktdır. Başqa bir tərəfdən, erməni mediasının Molotov-Ribbentrop Paktını Njde məsələsi ilə müqayisə etməsi primitiv axmaqlıqdır. Məsələ ondadır ki, 1939-cü ildə SSRİ özünü müəyyən qədər sığortalamaq üçün Almaniya ilə belə müqavilə imzalayıb. Moskva o vaxt müharibənin başlanmasını yubatmaq məqsədilə bu addımı atdı. Bu o demək deyil ki, sözügedən pakta yeni yanaşma fonunda, Njdeyə də fərqli prizmadan yanaşmaq olar. Təbii ki, bu belə deyil. Ona görə ki, Njdenin fəaliyyəti faşizmə xidmət üzərində qurulub. O üzdən, Njde ilə faşist cəlladları arasında bir fərq yoxdur”.
Vidadi ORDAHALLI