Müsavat Partiyasında qalmaqal səngimək bilmir. Müsavat başqanının sabiq müavini Tofiq Yaqublu bəyan edib ki, Avropa Koordinasiya Mərkəzi Müsavatın strukturudur, partiya rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb:
“Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə, QHT kimi qeydiyyatdan keçirməyə məcbur olublar. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat partiyasına aidiyyəti olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib və yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda evin ona aid olmadığını deyir”.
Almaniyada Müsavatın mühacir biznesinin ifşasından sonra partiya rəhbərliyi məsuliyyəti öz üzərindən atmaq üçün yollar axtarışındadır. Bu məqsədlə partiya başqanı Arif Hacılı şəbəkənin əsas qolu hesab olunan AKM-dən imtina etməyə çalışır. İddia edir ki, AKM Avropada qeydiyyatdan keçmiş təşkilatdır və onun Müsavata bağlılığı yoxdur. O zaman ortaya bir neçə sual çıxır. Əgər təşkilatın Müsavatla bağlılığı yoxdursa, necə olur ki, Arif Hacılı tez-tez onların təşkil etdiyi tədbirlərə qatılır və bu təşkilat vasitəsilə Avropada partiya vəsiqələri paylanılır? Bütün hallarda, AKM Müsavat Partiyasının strukturu sayılırmı?
“Koordinasiya Mərkəzi Müsavatın Avropa bürosudur və ən başlıcası, partiyanın strukturu sayılır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, AKM Müsavat Partiyasının strukturudur: “O üzdən, bunu inkar etmək mümkün deyil. Burada anlaşılmayan məsələ yoxdur. AKM-in harada və necə qeydiyyatdan keçməsinin məsələyə dəxli yoxdur. AKM Müsavatın Avropa bürosudur və ən başlıcası, partiyanın strukturu sayılır. Saxta arayışlara görə kimlər hansı işləri görübsə, buna görə cəzalanmalıdır. AKM-in Almaniyada QHT kimi qeydiyyatdan keçməsi nəyisə dəyişmir. Ona görə də Müsavat Partiyası funksionerlərinin özlərini qorumaq üçün səsləndirdikləri arqumentlərin heç bir əsası yoxdur. Baş verənlərə görə Müsavat Partiyası həm hüquqi, həm də siyasi məsuliyyət daşıyır. Ona görə də kim bu cinayətləri edibsə, onlar cəzalandırılsın və partiyadan xaric edilsin. Yoxsa, bu cür mövqe qoymaqla məsuliyyətdən qaçmaq olmaz. Fikrimcə, ciddi partiya bütün bu məsələlərə konkret aydınlıq gətirməlidir. Bu cür mövqe sərgiləməklə nəyəsə nail olmaq mümkün deyil”.
Vidadi ORDAHALLI