Cənubi Qafqazda hələ də böyük təsir gücünə malik Rusiyanın regionda indi əsas tərəfdaş qismində Azərbaycanı görməsi və ölkəmizlə işbirliyini genişləndirməsi Ermənistanda böyük təşvişlə izlənir. Burada hesab edilir ki, Rusiya tədricən Ermənistanın arxasından çəkilərək onu güclü Azərbaycan qarşısında yalnız qoyur. Bu şəraitdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini daha qısa zaman kəsiyində öz maraqları çərçivəsində həll edə biləcəyi də indi ermənilər üçün böyük qorxu mənbəyinə çevrilib.
Digər tərəfdən düşmən ölkədə daha bir narahatlıq predmeti Moskvada İrəvana qarşı sərgilənən və sərt xarakter üzərində köklənən siyasətdir. Ermənistanda bu xüsusda indi belə bir fikir hakim olmağa başlayıb ki, Rusiya tədricən təzyiq siyasətini işə salır və bu hal Ermənistanın daha da zəifləməsini sürətləndirir. Bu şəraitdə isə Azərbaycanın Ermənistanı işğal siyasətinə görə daha asan əzməsi də qaçılmaz sayılır. Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Vahe Davtyan qeyd edilənlərə konkret misal kimi Rusiya qazının gələn ildən ölkəsi üçün bahalaşmasını göstərir. O bildirir ki, bu halda Ermənistan Rusiyaya daha çox vəsait ödəməli olacaq və bu vəsait hərbi, sosial xərclərin azalmasına gətirib çıxaracaq: “Ermənistan üçün qaz tarifinin qaldırılması qaçılmazdır. Nikol Paşinyanın verdiyi bəyanat kontekstindən açıq şəkildə görünür ki, 2020-ci il aprelin 1-dən etibarən qazın qiymətləri artacaq”. Onun sözlərinə görə, sərhəddə qazın bahalaşması təqribən 20%, əhali üçün isə 7% ola bilər: "Lakin qazın qiymətlərinin artması elektrik enerjisinin son tarifinin formalaşmasına da təsir göstərir, həm də bu, dolayısı ilə iqtisadiyyatın müxtəlif sahələrində sabitliyə əks təsir edəcək”. Onun sözlərinə görə, hazırda qazın qiymətinin yanvarın 1-dən qaldırılmaması ilə bağlı siyasi qərar var, ancaq bu çox qısa müddətlidir: “Həm qlobal enerji bazarında, həm də Rusiya qaz bazarında baş verən makroiqtisadi prosesləri nəzərə alsaq, bu məsələni yalnız iqtisadi məntiqlə nəzərdən keçirsək, Ermənistan üçün qaz qiymətinin artması qaçılmazdır”. Davtyan Rusiya ilə danışıqların bir ilə yaxındır davam etdiyini, lakin hər hansı yekun nəticə olmadığını deyib: “Paşinyanın açıqlamasına rəğmən, 2020-ci il aprelin 1-dən etibarən qazın qiymətində artım olacağının əlamətlərini görürük. Düşünürəm ki, qiymət artımı təqribən 20% ola bilər. Aydındır ki, hətta sərhəddəki indiki qiymət Ermənistanın iqtisadi fəallığını azaldır və iqtisadi artımı təmin etmək üçün stimul ola bilməz. İstənilən halda, Rusiyaya qaza görə daha çox pul ödəniləcək. O zaman digər istiqamətlərdən, məsələn, hərbi sahədən xərcləri kəsməli olacağıq. Bax bu da Rusiyanın Ermənistana vurduğu ən böyük ziyanlardan biri olacaq. Çünki belə vəziyyətdə Ermənistan regionda Azərbaycan, Türkiyə qarşısında daha zəif duruma düşür".
"Jamanak" qəzeti isə yazır ki, Paşinyanın qaz qiymətində Rusiyanı razı salmaq cəhdləri iflasa uğrayıb. Bildirilir ki, Rusiya Ermənistana min kubmetr qazın qiymətini, əslində 2020-ci il yanvarın 1-dən 200 dollara qaldırmaq niyyətindədir: "Ermənistan hakimiyyəti Rusiya ilə təbii qazın qiymətinə dair aparılan danışıqların təfərrüatını gizlədir. Amma danışıqlar Ermənistan tərəfi üçün yetərincə əlverişsiz şəraitdə keçir". Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək bahalaşdırıb. Ermənistanın “1in.am” saytı isə yazır ki, Moskvanın qaz siyasəti Rusiyanın Azərbaycana növbəti köməyi, jestidir: "Rusiya prezidenti Vladimir Putinlə razılaşmaya əsasən, Ermənistanda rus qazının qiyməti elə olmalıdır ki, ölkəmizin iqtisadiyyatına ziyan vurmasın. Bu bəyanatı Ermənistanda tanışlıq xarakteri daşıyan səfərdə olan rus jurnalistlərlə görüşdə Nikol Paşinyan səsləndirib. Amma reallıqda qiymət məsələsində Ermənistana qulaq asan yoxdur.
Qazın qiyməti yalnız ermən-rus münasibətlərinin deyil, ümumiyyətlə, Rusiyanın istənilən ölkə ilə, özü də yalnız iqtisadi, hətta mümkündür ki, yalnız siyasi deyil, həm də geopolitik, hərbi-siyasi münasibətlərinin mühüm göstəricisidir. Məhz buna görə, inqilabdan sonra qazın qiymətilə bağlı gedən proseslər və hələ başa çatmayan danışıqlar geniş müşahidələr üçün göstərici olur. Ermənistan və Rusiya, hər halda, rəsmi bəyanatlara əsasən danışıqları aparmağa davam edirlər. Paralel olaraqsa, məsələn, qeyri-rəsmi mənbələrə istinadlara əsasən, mətbuatda məlumatlar yayılır ki, Rusiya qazın qiymətinin əhəmiyyətli ölçüdə qaldırılması haqqında qərar qəbul edib, söhbət sadəcə bunun elan olunması müddətindən gedir. Və burada həm cəmiyyət, həm də dövlət olaraq, bizim üçün həlledici olan dilemma qarşısında qalırıq. Aydındır ki, qazın qiyməti müəyyən mənada mürəkkəb erməni-rus münasibətlərinin, dövlətlərarası münasibətlərin sağlamlaşdırılması prosesinin, nəhayət, Ermənistanın suverenliyinin qiymətinə çevrilir. Məhz burada geniş mənada sual yaranır: Ermənistan cəmiyyəti bu qiyməti ödəməyə nə qədər hazırdır? Xüsusilə o halda ki, bir sıra erməni dairələri, böyük hesabla, qazın qiymətini uyğunlaşdırma məsələsini hansı hakimiyyətin Rusiyanın iradəsinə daha yaxşı uyğunlaşa biləcəyi məsələsinə çevirərək, bu mövzu ilə bağlı möhtəkirlik etməyə, yanıltmağa, problemin əsl mahiyyətini, qavrayış və reallıqları dəyişdirməyə cəhd edirlər.
Nəhayət, necə deyərlər, siyasi cəza və ya kötək olaraq, Ermənistan üçün qazın qiymətinin qaldırılması, demək olar ki, məsələn, müharibə vəziyyətində Azərbaycana dəstək vermək kimi bir şeydir. Yəni Moskva bunun nəticələrini, o cümlədən bunun Ermənistanın itirilməsinə aparan birbaşa yol olduğunu dəqiq təsəvvür etməlidir. Bunda maraqlı olan bir sıra qüvvələrin mövcudluğu şübhəsizdir. Çünki bu qüvvələr dəqiq təsəvvür edir ki, erməni-rus probleminin olması Rusiya üçün Qafqazda çox ciddi problemin yaranması demək olacaq. Amma indiki halda Rusiya və Azərbaycan arasında dərinləşən münasibətlər Moskvanı tam qane edir. Çünki o, bununla regionda mövqelərini qoruyub saxlayır. Azərbaycan isə Rusiyanı öz yanında görür və proseslərin belə axarının Qarabağ münaqişəsinə də təsir göstərəcəyini hesablayır. Moskva istəsə də, istəməsə də Qafqazda rolu və mövqeyini qorumaq üçün özü də Azərbaycana yaxınlaşır. Bundan isə Ermənistan itirir”.
Avropada yaşayan erməni ekspert Marine Meliksetyan bütün bunların Nikol Paşinyanın yanlış siyasətinin nəticəsi olduğunu vurğulayır: “Paşinyanın yürütdüyü bu siyasət Ermənistanı məhvə aparır. Bir Ermənistan vətəndaşı kimi, mən yeni hakimiyyətin xarici və daxili siyasətindən son dərəcə narahatam”.
Meliksetyan vurğulayıb ki, Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır, Dağlıq Qarabağ məsələsində isə hökumətin aydın strategiyası yoxdur: “Hesab edirəm ki, bu siyasət Ermənistanın dövlətçiliyi üçün ciddi təhlükədir. Bu, dağıdıcı bir siyasi kursdur, ona görə də hökuməti və şəxsən Paşinyanı istefa verməyə çağırıram. Paşinyan hakimiyyətdən getməklə Ermənistana ən böyük faydanı vermiş olar. Bu gün onun apardığı siyasət Ermənistanın məhvinə səbəb olacaq. Bizim regionda artıq heç bir müttəfiqimiz yoxdur. Biz Rusiyanı belə itirmişik”.
Erməni politoloq Vigen Akobyan isə bildirir ki, Moskva artıq Qarabağ məsələsində müəyyən ərazilərin ilk mərhələdə Azərbaycana qaytarılmasını istəyir və bunun üçün Ermənistana təzyiqləri artırır. Onun sözlərinə görə, bu durumda erməni tərəfinin Qarabağ məsələsinin həlli haqqında bəzi vurğuları transformasiya yaşayır: “Əvvəllər millətlərin öz müqəddəratını təyin etməsi haqqında danışılırdısa, indi məsələyə cavabdeh olanlar status, insan hüquqları və təhlükəsizlik məsələlərini irəli sürür”. O xatırladır ki, illər əvvəl məqalələrindən birində belə bir versiya haqqında birinci prezident Levon Ter-Petrosyan danışıb: “Bunun çox vurğulandığını düşünmürəm, çünki biri dominant olur, biri isə öz müqəddəratını təyin etməyəyə tərəf qayıdır. Məncə, erməni tərəfinin strateji yanaşmaları sona qədər aydınlaşdırılmayıb. Buna görə də, təsadüfi deyil ki, siyasi arenada bir çoxları bir həftə əvvəl verilən bəyanatın bu gün gündəm olub-olmadığını aydın şəkildə anlaya bilmir. Geosiyasi rakursda da vəziyyət maraqlıdır. Rusiyanın “Lavrov planı” əsasında Qarabağ münaqişəsini çözmək və bunun üçün İrəvana təzyiqlərini artırması da bunu göstərir”.
Digər ekspertlər də hesab edir ki, Rusiya həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi, həm də regionun aparıcı dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyır. Buna görə də, Kreml rəsmiləri münaqişənin həlli ilə bağlı artıq müəyyən nəticələrin olmasını istəyir. Bu nəticələrin olması Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsindən keçir. Belə mövqenin sərgilənməsi isə Ermənistana konkret təzyiqlər olduğu halda mümkündür. İndi belə görünür ki, Rusiya bu məsələdə Ermənistana təzyiq etməkdə istəkli tərəf kimi çıxış edir. Sözsüz ki, burada Azərbaycan diplomatiyasının təsiri də mühümdür və Moskva ilə bu istiqamətdə kifayət qədər fəal iş aparılır. Azərbaycan hesab edir ki, münaqişə mərhələli, beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu məsələyə isə Rusiyanın da Ermənistana qarşı təzyiq kartlarını işə salıb töhfə verməsi vacib sayılır və belə görünür ki, Kreml Bakının bu istəyi ilə hesablaşır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.