Rusiyanın gələn ilin ortasında tam istifadəyə verməyə hazırlaşdığı “Şimal axını-2” qaz kəməri ətrafında yenidən qalmaqal yaranmaqdadır. Belə ki, ABŞ Konqresi reallaşmasına az bir müddət qalan bu kəmərin çəkilişinə mane olmaq üçün növbəti həmləyə hazırlaşır. Konqres “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır. Senatın Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş faktı təsdiq edib.
Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər: “Bu onlara çox baha başa gələcək. Düşünürəm ki, bu sanksiyalar keçərsə, şirkətlər bağlanar və Rusiya, əgər bunu edə bilsə, layihəni həyata keçirmək üçün başqa bir yol axtarmalı olacaq". Respublikaçılar Partiyasından olan senator Ted Kruz da bildirir ki, ABŞ-ın sanksiyaları “Şimal axını-2” kəmərinin istismara verilməsinin qarşısını almaq gücündədir. O, boru kəmərinin Rusiyaya milyardlarla dollar xeyir, Avropa ölkələrinə isə zərər verəcəyini bildirib: “O bütün Avropaya zərər vuraraq, regionu Rusiya enerjisindən daha da asılı edəcək. Məncə, ən yaxşısı enerjini şantaj vasitəsi kimi istifadə etməyəcək mənbələrdən almaqdır. Avropa ABŞ-dan qaz alsa, bu, amerikalılar üçün yeni iş yerlərinin yaradılmasına da kömək edəcək”. Bu problemin həlli üçün Kruz Ağ Evin CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiqini təklif edib. Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Qanuna əsasən, Rusiya hərbi sənaye komplekslərinə sanksiyalar tətbiq edilib.
Hesab edilir ki, Senat müvafiq qanun qəbul edəcəyi təqdirdə, gələn ildən “Şimal axını-2”yə qarşı yeni sanksiyalar işə düşəcək. Hazırda bu kəmərin inşası Danimarkaya görə ləngiyir. Xatırladaq ki, rəsmi Kopenhagen Danimarkanın ərazi sularında boru kəmərinin çəkilməsinə icazə verməyib. Odur ki, Rusiyadan Almaniyaya qaz kəmərinin vaxtında çəkilərək istifadəyə verilməsi hələlik sual altındadır. Halbuki, bundan əvvəl Rusiya baş nazirinin müavini Dmitri Kozak jurnalistlərə "Şimal axını-2" qaz boru kəmərinin 2020-ci ilin ortalarında işə başlayacağını bildirmişdi. Amma hazırda iş Danimarkaya qalıb. Lakin bu ölkə cavab verməyə hələlik tələsmir. Kopenhagenin cavabı nə qədər uzadacağı isə hələlik məlum deyil. Eyni zamanda, belə icazənin verilməməsi üçün ABŞ-dan da Danimarkaya təzyiqlər artır.
Belə bir vaxtda müşahidə olunan hallardan biri də budur ki, ABŞ Azərbaycan qazının Avropaya mümkün qədər tez çatmasını istəyir. Bu məsələ energetika naziri Pərviz Şahbazovun ABŞ-a səfəri çərçivəsində də xüsusi diqqət mərkəzində yer alıb. Burada nazir nəhəng infrastruktur və enerji təhlükəsizliyi layihəsi olan "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyinin təqdirəlayiq olduğunu bildirib. Prezident Donald Tramp tərəfindən Birləşmiş Ştatların enerji katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Dan Brullet də “Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyə kimi Azərbaycanın Xəzəri dünyaya inteqrasiya edən çoxsaylı qlobal enerji təşəbbüslərinin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb. "Cənub Qaz Dəhlizi"nin enerji təhlükəsizliyində mühüm rolunu vurğulayan ABŞ rəsmisi ölkəsinin, bu layihə ilə yanaşı, Azərbaycanın islahat xarakterli yeni enerji siyasəti kursu ilə də əlaqəli mümkün dəstəyini və köməyini diqqətə çatdırıb.
ABŞ-ın enerji nazirinin müavini Mark Menezes ABŞ və Azərbaycanın enerji sektorundakı əlaqələrinin dünya bazarındakı əhəmiyyətindən bəhs edib: “Enerji təhlükəsizliyi iqtisadi rifahı və milli təhlükəsizliyi təmin edir və bu prioritet məsələdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-ın regionda vacib tərəfdaşına çevrilib, bu əlaqələrin daha da genişləndirilməsini arzu edirik. Azərbaycan etibarlı tərəfdaşdır, bizim və bütün dünya üçün vacib ölkədir”. ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Frensis Fannon da qeyd edib ki, enerji siyasi sabitliyin təməlidir və ona görə də Birləşmiş Ştatların siyasətinin vacib bir hissəsidir. Diplomat “Əsrin müqaviləsi”nin Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatını transformasiya etdiyini bildirərək, ABŞ-ın bundan sonra da Azərbaycanın enerji layihələrinə dəstək verəcəyini bildirib.
Xatırladaq ki, Avropanın özündə də “Şimal axını-2” ilə bağlı ziddiyyətlər mövcuddur. Məsələn, Avropa Komissiyasının sədri Ursula fon der Layen “Şimal axını-2”nin həm iqtisadi, həm də siyasi miqyasının olduğunu deyir. O, indiki halda bu layihənin reallaşmasını Avropa üçün təhdid sayır: “Rusiya bizim qonşumuzdur və bu həmişə belə qalacaq. Lakin Kreml zəifliyi bağışlamır. Buna görə də, fikrimcə, biz güc mövqeyindən çıxış edərək dialoqu davam etdirə biləcəyimizi qarşı tərəfin diqqətinə çatdırmalıyıq. Tətbiq olunan sankisyalar Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozması nəticəsində ortaya çıxdı. Ona görə də situasiyanın yaxşılaşması Rusiyanın özündən asılıdır”. Amma Avstriyanın Rusiyadakı keçmiş səfiri Fridrix Bauer bildirir ki, “Şimal axını-2” layihəsindən imtina Avropa Birliyi ölkələrinə baha başa gələcək: “Rusiyadan qaz tədarükü Avropanın ABŞ-dan alacağından daha sərfəlidir. Amerika qazı üçün geniş infrastruktur qurulmalıdır. Rusiya qazı isə daha ucuz və daha təmizdir". Hazırda Avropa ölkələrində “Şimal axını-2” ilə bağlı ziddiyyətlər davam edir. Amma ABŞ kimi Avropa da Azərbaycan qazının idxalında vahid mövqedən çıxış edir. Avropa "Cənub Qaz Dəhlizi"nin reallaşmasının qitənin enerji təhlükəsizlyinin təmin edilməsində mühüm rol oynayacağını ən yüksək səviyyədə bəyan edir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio bu xüsusda bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verir. O, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq “Cənub Qaz Dəhlizi“ və onun tərkib hissəsi olan TAP boru kəmərinin əhəmiyyətini vurğulayıb. Nazir boru kəmərinin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini də bəyan edib. Eyni mövqeyə digər Avropa rəsmilərinin açıqlamalarında da rast gəlmək olar.
Nahid SALAYEV