Müsavat Partiyası ciddi cəhdlə mühacirlərə verilmiş arayışları gizlətməyə çalışır. Qanunsuz yolla satılmış sənədləri ictimaiyyətə açıqlamaq istəməyən partiya rəhbərliyi Divan üzvlərinin iradlarını qulaqardına vurur, sanki heç nə olmamış kimi davranır.
Bu arada Müsavat Partiyasının başqanlığına namizəd olmuş partiya üzvü Tofiq Yaqublu hazırkı başqan Arif Hacılı və partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlını mühacirlərə saxta arayış verilməsi ilə bağlı ittiham edib. O, sözügedən məsələ ilə bağlı bildirib ki, 2016-cı ildən indiyədək partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib. Amma buna şərait yaradılmayıb: “Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlının adına ərizə yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb etdilər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa, açıqlayacağam. Siz hələ ortada olan suallara cavab verin”.
Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı isə bunu guya onların təhlükəsizliyi ilə bağlı olduğuna görə açıqlamadıqlarını deyib: “Arayış verilən şəxslərin açıqlanmasını, onların ailə üzvlərinin təzyiqə məruz qala bilməsi və bir çox digər səbəbdən ictimailəşdirmək fikrimin olmadığını dəfələrlə söyləmişəm”.
Maraqlıdır, partiya mühacirlərə verdiyi arayışları niyə açıqlamır? Burada gizli nə var ki, Müsavat Partiyasının rəhbərliyi hər vəchlə bundan yayınır?
“Arayışların kimlərə verildiyi açıqlansa, o zaman onların çoxsaylı bədnam əməli faktlarla ifşa olunacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Müsavat Partiyası rəhbərliyi arayış məsələsində yol verdiyi saxtakarlıqları gizlətməkdən ötrü bu barədə məlumatları gizlədir: “Səbəb əsasən bununla bağlıdır. Arayışların kimlərə verilməsi açıqlansa, o zaman Müsavat funksionerləri dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Məsələ ondadır ki, arayışların kimlərə verildiyi açıqlansa, o zaman onların çoxsaylı bədnam əməli faktlarla ifşa olunacaq. Ona görə də hazırkı Müsavat Partiyası rəhbərliyi hər vasitə ilə bundan yayınır. Çünki onlar həmin arayışları, ən aşağısı, 3 avro məbləğində satıblar. Nəticədə bir çox insanı pis vəziyyətdə qoyublar. Elə insanlar var ki, bu işdə günahsızdırlar. Elələri var ki, birbaşa sözügedən saxtakarlıqlara rəvac veriblər. Gedənlərin bir çoxu saxta arayışlar hesabına xaricdə məskunlaşıblar. Bir sözlə, saxta arayışlarla bağlı dələduzluq əməlləri ortadadır. Hesab edirəm ki, bununla bağlı cinayət işi açılmalıdır. Hüquqi müstəvidə bu məsələlər araşdırılmalı və günahkarlar layiqli cəzalarını almalıdırlar. Ona görə də bunun guya arayış alanların təhlükəsizliyi ilə bağlı olduğu barədə deyilənlərin heç bir əsası yoxdur”.
Vidadi ORDAHALLI