Bu gün hərtərəfli böhran yaşayan Ermənistanda ərzaq, qida məhsullarının, dərman vasitələrinin qiyməti həddindən artıq bahadır. Bu məhsulların qiyməti get-gedə daha da bahalaşır. Ermənistan mətbuatının yazdığına görə, Ermənistanda növbəti bahalaşma gözlənir.
“Joxovurd” qəzeti rəsmi mənbələrə istinadən yazır ki, 2020-ci il yanvarın 1-dən ölkədə 699 adda məhsulun qiyməti bahalaşacaq. Qeyd edilənə görə, bura ət, bitki yağı, taxıl, gübrə, dərman preparatları və s. məhsullar daxildir. İqtisadçı Qaqik Markaryan sözügedən nəşrə bildirib ki, hökumət sosial partlayışın qarşısını almaq üçün əhaliyə kompensasiya verməyi nəzərdən keçirir: “Minimum əməkhaqqının artırılması da qiymətin bahalaşması amillərindəndir” - deyə erməni ekspert bildirib.
Ermənistanda qida məhsullarının, ərzağın, dərman preparatlarının, kənd təsərrüfatına aid dərman vasitələrinin qiymətinin bu şəkildə qaldırılması erməni cəmiyyətini səfalətə sürükləyir. Düşmən ölkədən fərqli olaraq, Azərbaycanda isə bazar qiymətləri dövlət tərəfindən tənzimlənir və qiymətlərin optimallaşdırılması istiqamətində siyasət yürüdülür. Azərbaycan dövləti qiymətlərin ucuzlaşmasına çalışır və buna nail olur.
“...xarici bazarda həmin məhsulların qiyməti qalxan kimi, Ermənistanda da qiymətlər bir neçə qat qalxır”
Tanınmış iqtisadçı-ekspert Samir Əliyev bizimlə söhbətində bildirdi ki, Ermənistanda qiymətlərin günü-gündən bahalaşması və 2020-ci ilin ilk günündən isə daha da artması səbəbsiz deyil. Ermənistanın özünün təbii resurslarının olmadığını vurğulayan S.Əliyev hesab edir ki, bu ölkəyə bir sıra məhsullar xaricdən idxal edlir, bu da bahalaşmaya səbəb olur: “Ermənistanda 700-ə yaxın məhsulun daha da bahalaşacağının bir sıra səbəbləri var. Bahalaşma sahəsində Azərbaycanla Ermənistanı müqayisə etmək olmaz. Çünki Azərbaycanda vəziyyət tamam başqadır. Əvvəla Ermənistan neft ölkəsi deyil, bu ölkənin neft gəlirləri yoxdur. Onların büdcəsinin əhəmiyyətli hissəsi xarici diasporun göndərdiyi ianələr, bir hissəsi isə Ermənistandan kənarda işləyən ermənilər tərəfindən göndərilən vəsait hesabına formalaşıb. Ermənistanın büdcəsi vergi və gömrük gəlirlərindən başqa, həm də bu dediyim mənbələrdən maliyyələşir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizdə neft var, neft də digər mənbələri üstələyir. Azərbaycanın dövlət büdcəsinin 60-70 faizi neftdən gəlir. Bir də ki, bizim iqtisadiyyatımız böyükdür, əhalimiz çoxdur, gəlirlərimiz artıqdır. Qiymət artımına gəlincə, bu sahədə Azərbaycanla Ermənistanın fərqi çoxdur. Baxmayaraq ki, Azərbaycan bazar iqtisadiyyatına keçib, amma bir çox sahədə qiymətlər dövlət tərəfindən tənzimlənir, kommunal sektorda və s. Ermənistanda qiymətlər dövlət tərəfindən tənzimlənmir. Orada kommunal sektorun bir hissəsi özəlləşib və bu sektorda əcnəbilər işləyirlər. Azərbaycanda isə bu sahə dövlətindir və dövlət də qiymətlərin qalxmasına imkan vermir. Amma qiymətlərə dövlət nəzarəti olmasa, bizdə də qiymətlər bir neçə dəfə qalxardı. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət budur ki, ölkədə heç bir sahədə qiymət artımı baş verməsin, amma Ermənistanda dövlət bu sahədə işlər görmür” - deyə bildirən S.Əliyev hesab edir ki, Azərbaycan dövləti qiymətlərin optimallaşdırılmasına, ərzaq və digər məhsulların ucuzlaşmasına yönəlik addımlar atır, sahibkarlara çağırışlar edir.
S.Əliyev, həmçinin, vurğuladı ki, Azərbaycanda daşınmaz əmlakın qiyməti baha olsa da, ərzaq və digər məhsulların qiyməti Ermənistanla müqayisədə bir neçə dəfə azdır. “Ermənistanın istehlak bazarında bir sıra məhsullar var ki, onların xaricdən asılılığı var, xarici bazarda həmin məhsulların qiyməti qalxan kimi, Ermənistanda da qiymətlər bir neçə qat qalxır. Dövlət qiymətləri tam tənzimləmədiyi üçün, xaricdə qiymətlər qalxan kimi, Ermənistanda da qalxır. Yaxud da ki, xarici valyuta bahalaşan kimi, onların pulu ucuzlaşır, ucuzlaşan kimi də qiymətlər bahalaşır” - deyə S.Əliyev qeyd etdi.
İradə SARIYEVA