Məlum olduğu kimi, Azərbaycan və Ermənistanı təmsil edən bir neçə jurnalistin hər iki ölkəyə qarşılıqlı səfərləri reallaşıb. Ermənistan Xarici İşlər Nazirliyi bu səfəri özünəməxsus tərzdə təqdim edib və qondarma qurumu prosesdə iştirak edən müstəqil tərəf kimi qələmə verib.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan jurnalistlərin mübadilə proqramına dair sualına cavab verərkən bildirib ki, noyabrın 17-dən 21-dək jurnalist qruplarının qarşılıqlı səfərləri olub: “Ermənistan və “Artsax” KİV-nin nümayəndələri Azərbaycanı, Azərbaycan KİV-nin nümayəndələri isə Ermənistan və “Artsax”ı ziyarət etdilər. Proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin koordinasiyası və Ermənistan, “Artsax” və Azərbaycanın müvafiq qurumlarının iştirakı ilə həyata keçirilib”. Göründüyü kimi, Naqdalyan “Artsax” ifadəsini hər fürsət düşəndə vurğulayır ki, prosesdə iki yox, üç tərəfin iştirak etməsinə dair təəssürat yarada bilsin. Ermənistan rəsmilərinin bu mövqeyini növbəti təxribat cəhdi kimi qiymətləndirmək olarmı?
Aydın Quliyev: “Yəqin ki, Xarici İşlər Nazirliyimiz ermənilərin bu informasiya təxribatının arxasındakı tam aşkar və məkrli niyyəti ifşa edən sərt cavab bəyanatı yayacaq”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev sosial şəbəkədəki hesabında bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, qarşılıqlı səfərlər etmiş Azərbaycan və Ermənistan jurnalistlərinin missiyası əleyhinə Ermənistan hakimiyyətinin təxribatı dərhal özünü göstərdi: “Jurnalistlərin Bakıya və İrəvana səfərlərinin yekunları barədə Ermənistan XİN-in rəsmisi Anna Naqdalyanın yaydığı bəyanatı, sözün həqiqi mənasında, təxribat adlandırmaq olar. Əvvəla ona görə ki, Naqdalyan bu səfərlərin ATƏT sədrinin şəxsi nümayəndəsinin koordinasiyası ilə Azərbaycan, Ermənistan və “Artsax”ın XİN rəhbərləri tərəfindən hazırlandığını bildirib. Beləliklə, "Artsax" adlı qondarma qurum Azərbaycan və Ermənistanla bərabər tərəf kimi təqdim olunub. Qətiyyən yolverilməz yanaşmadır. İkincisi, Naqdalyan bəyan edib ki, Azərbaycan jurnalistləri Ermənistanda və “Artsax”da, Ermənistan və “Artsax” jurnalistləri isə Azərbaycanda olublar. Yenə həmin yolverilməz yanaşma. Qondarma “Artsax” Azərbaycan və Ermənistana bərabər tərəf kimi təqdim edilib. Yəqin ki, Xarici İşlər Nazirliyimiz ermənilərin bu informasiya təxribatının arxasındakı tam aşkar və məkrli niyyəti ifşa edən sərt cavab bəyanatı yayacaq, hətta ATƏT sədrinin şəxsi nümayəndəsini bu təxribata reaksiya verməyə çağıracaq”.
Hatəm Cabbarlı: “Bir daha sübut olundu ki, erməni təbliğat maşını bu kimi humanitar məsələləri də istismar edərək öz xeyirlərinə istifadə etməyə çalışır”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı qəzetimizə bildirdi ki, jurnalistlərin qarşılıqlı səfərləri baş tutandan sonra bu məsələ hər iki ölkənin mətbuatında geniş şərh edilir: “Biz mətbuatdan oxuyuruq ki, səfərin təşkilatçısı ATƏT sədrinin şəxsi nümayəndəsi olub. Əvvəla bu qarşılıqlı səfərlərin baş verdiyi zamana xüsusi diqqət yetirmək lazımdır. Nikol Paşinyan hakimiyyətə gələndən sonra yalnız sülhə mane olan, danışıqlar prosesini pozan bəyanatlar səsləndirir. Belə olan təqdirdə, hansı etimad mühitinin formalaşdırılmasından söhbət gedə bilər? Proqramın daha çox tərəfləri sülhə hazırlamaq məqsədilə həyata keçirildiyini bildirirlər. Sülhə hazırlamaq deyəndə nə başa düşüldüyünü anlamıram. Çünki, faktiki olaraq, danışıqlar prosesi dalana dirənib. Belə bir şəraitdə xalqların sülhə hazırlanması mümkün ola bilərmi? Proqramın mahiyyəti ilə bağlı təqdimatlarda bildirilir ki, ATƏT-in şəxsi nümayəndəsinin bilavasitə razılığı ilə, Ermənistan və Azərbaycanın iştirakı ilə hazırlanaraq həyata keçirilib. Bunun özü də olduqca maraqlıdır. Ermənistan XİN rəsmisi isə öz bəyanatı ilə məsələnin mahiyyətinə təhrif etməyə çalışır. Biz burada psixoloji müharibənin tərkib elementlərini görürük. Çünki rəsmi sənəddə qondarma qurumun adı keçmir. Yalnız Azərbaycan və Ermənistanın adı hallanır. Proses baş tutandan sonra Ermənistan rəsmi qurumunun verdiyi bəyanatı biz özlərinə yönəlik təbliğat, ümumi anlamda isə təxribat xarakterli kimi qiymətləndirməliyik. Məqsəd xalqları sülhə hazırlamaqdırsa, bu proses niyə gizli keçirilir? Jurnalistlərin kimlərlə təmasda olduğu ilə bağlı ətraflı məlumat verilmir. Hər iki ölkənin rəsmi qurumları görüş baş tutana qədər heç bir açıqlama verməyib. Yalnız görüşdən sonra kiçik açıqlama ilə kifayətləniblər. Əslində, Ermənistan XİN-in verdiyi bəyanatdan belə başa düşülür ki, onlar hələ də psixoloji müharibəni davam etdirməkdə daha maraqlıdırlar, nəinki xalqları sülhə hazırlamaqda. Biz bilirik ki, səfərlə bağlı rəsmi sənədlərin heç birində “Artsax” adına rast gəlinmir. Bir daha sübut olunur ki, Ermənistan bu prosesdə də səmimi deyil. Belə etimadla heç bir nəticə əldə oluna bilməz. Çünki hər iki ölkənin ictimai rəyindən gizlin saxlanan prosesdən biz yalnız görüş baş tutandan sonra xəbər tuturuq. Belə proseslərdə hər iki ölkənin XİN-i ətraflı məlumat verməliydi. Bir daha sübut olundu ki, erməni təbliğat maşını bu kimi humanitar məsələləri də istismar edib, öz xeyirlərinə istifadə etməyə çalışır”.
Məhəmmədəli QƏRİBLİ