Məlum olduğu kimi, noyabrın 17-21-də Azərbaycan və Ermənistan tərəfindən iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Sözügedən səfər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyilə keçirilib.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın sözlərinə görə, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən, Şuşa şəhərində olublar: “Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.
Təbii ki, sözügedən səfərlər humanitar missiya daşıyır. Qarşılıqlı səfərlər o demək deyil ki, bu, münaqişənin həllini dərhal sürətləndirəcək. Ancaq qəribədir ki, bir sıra erməni mətbuat orqanları bundan bərk narahatdırlar. Müxtəlif vasitələrlə bu missiyanı qaralayırlar. Eyni zamanda, həmin səfərlərə kəskin tənqidi münasibət bəsləyərək müxtəlif böhtan xarakterli yanaşmalar ortaya qoyurlar.
Bəzi erməni KİV-i bunu dünyadakı ən qəribə “jurnalist mübadiləsi” kimi təqdim edib: “Adları açıqlanmayan erməni jurnalistlər Bakıya, azərbaycanlı jurnalistlər isə “Artsax”a səfər etdilər. Ermənistan və Azərbaycan cəmiyyətlərinin təmaslara və etimad qurmağa hazırlığının göstəricisi olduğu aksiya tərəflərin uzun müddət “etimad” xəttinə yaxın ola bilməyəcəyini nümayiş etdirdi”.
Maraqlıdır, erməni mediası sözügedən səfərlərdən niyə bu qədər narahatdır və qaralama kampaniyası aparır?
“Ümumiyyətlə, erməni mediasının əksər hallarda sözügedən səfərlər barəsində dezinformasiya xarakterli məlumatlar yaymasının şahidi oluruq”
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bu, ermənilərin xislətindən irəli gələn məsələdir: “Bu onu göstərir ki, ermənilər kompromisdə maraqlı deyil. Hər vasitə ilə bu kimi təşəbbüsləri qaralamağa çalışırlar. Xüsusən də Paşinyana qarşı müxalif mövqedən çıxış edən mətbuat orqanlarında bu özünü daha qabarıq şəkildə göstərir. Onlar, birmənalı olaraq, bu cür səfərlərin əleyhinə çıxış edirlər. Digər tərəfdən, ümumiyyətlə, erməni mediasının əksər hallarda sözügedən səfərlər barəsində dezinformasiya xarakterli məlumatlar yaymasının şahidi oluruq. Bu cür yanaşma ermənilərin xəbis niyyətindən xəbər verir. Şəxsən mən özüm sözügedən səfərlərin tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan əraziləri işğaldan azad edilmədən Ermənistan jurnalistləri ilə hər hansı təmas prosesə müsbət təsir göstərməyəcək. Bu baxımdan düşünürəm ki, belə məsələlərdə bir qədər diqqətli olmaq lazımdır”.
Vidadi ORDAHALLI