Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putinlə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.
Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedyev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Mehriban Əliyeva səfər müddətində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.
Birinci vitse-prezident TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb. Həmin geniş müsahibədə Mehriban xanım Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu və gələcək perspektivləri barədə ətraflı fikir bildirib. M.Əliyeva, həmçinin, Rusiya-Azərbaycan münasibətlərinin bəzi yeni perspektiv istiqamətlərini aktuallaşdırıb. M.Əliyevanın Rusiya səfəri ölkələrimiz arasında daha hansı yeni imkanların mövcudluğunu gündəmə gətirmiş oldu?
Aydın Mirzəzadə: “Mehriban Əliyevanın səfəri hər iki ölkənin maraqlarına cavab verir və ölkələrimiz arasında əlaqələrin daha da güclənməsi, bu istiqamətdə yeni sahələrin inkişafına kömək edəcək”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, M.Əliyevanın Rusiyaya etdiyi səfərin özü böyük bir hadisədir: “Mən bunu yalnız Rusiya ilə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün əhəmiyyətli sayıram. Bundan əlavə, iki ölkə arasında olan çox yaxın və xoş münasibətlər Birinci vitse-prezidentin səfərinə olan diqqəti daha yüksəyə qaldırdı. Tərəflər mövcud əlaqələri müzakirə etmək üçün geniş müzakirələr apardılar. Eyni zamanda, yeni təşəbbüslərlə bağlı bir çox fikirlərin üst-üstə düşdüyü məlum oldu. Şübhəsiz ki, Mehriban xanımın verdiyi müsahibələr və etdiyi çıxışlarda bütün bunların konturları aydın cızılıb. Yeni istiqamətlər barədə isə bunları demək olar. Birincisi, Azərbaycan və Rusiyanın beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi. İkincisi, iqtisadi inteqrasiyanın da artırılması. Ticarət və iqtisadi əlaqələrin bugünkü 2,6 milyard ABŞ dollarından daha yüksək səviyyəyə qaldırılması. Yeni texnologiyalardan birgə istifadə etmə, humanitar sahələrdə əlaqələrin gücləndirilməsi, müasir təhsil modelinin yaradılmasını da həmən yeni perspektivlər sırasına aid etmək olar. Hesab edirəm ki, tərəflərin bir-birinin tarixi və mədəniyyəti ilə daha dərindən tanış olması ilə bağlı məsələlər də müzakirə mövzusu ola bilər. Rusiyada keçirilən rəy sorğusu şirkətləri tez-tez vətəndaşlara “Rusiyanın dostu hansı ölkələrdir” sualı ilə müraciət edirlər. Əvvəllər həmin rəy sorğularının nəticələrinə görə, Azərbaycan 3-4 faiz səslə ilk onluqda qərar tuta bilirdi. Son nəticələrə görə isə Azərbaycan 16 faizlə Rusiyanın dostları sırasında 5-ci yerdə qərarlaşıb. Bu göstəricinin gələcəkdə daha da artacağı gözlənir. Hesab edirəm ki, M.Əliyevanın səfəri hər iki ölkənin maraqlarına cavab verir və ölkələrimiz arasında əlaqələrin daha da güclənməsi, bu istiqamətdə yeni sahələrin inkişafına kömək edəcək”.
Məhəmmədəli QƏRİBLİ