11/12/2019 12:17
728 x 90

Prezidentin Sumqayıt məruzəsində ən yeni tariximizin bir sıra maraqlı faktları açıldı

img

1949-cu ildə şəhər statusu alan və 70 illik yubileyini qeyd etdiyimiz Sumqayıt şəhərinin tarixi inkişafı, burada baş verən mütərəqqi hadisələr, sənaye şəhəri olmaqla paralel şəkildə həm də mədəni bir mərkəzə çevrilməsi, çoxmillətli şəhər kimi formalaşması onun tarixini xarakterizə edən mühüm detallardır. 

Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubiley tədbirindəki məzmunlu məruzəsində Sumqayıt şəhərinin tarixi formalaşma dövrləri, eləcə də ən yeni tariximiz üçün çox mühüm olan bir sıra məsələlərdən bəhs edib. Prezident qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edib, burada yeni yaşayış binaları tikilib, sosial obyektlər yaradılıb, parklar, xiyabanlar salınıb, ağaclar əkilib. Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf edib.

Prezident vurğulayıb ki, 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılıb və onun sürətli inkişafı başlayıb. “...Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular” - deyə bildirən ölkə başçısı məruzəsində tariximizin son 70 ili üçün böyük əhəmiyyət kəsb edən digər məsələlərə də toxunub.  “...1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən, Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü. 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən, Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi...”.

Ölkə başçısı məruzəsində Sovetlər dövründə türk, islam respublikalarına qarşı kadr məsələsində ciddi kampaniyalar aparıldığını da vurğulayıb. “...Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən, milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır.

Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən, cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrıseçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyllərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki, Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi...” - deyə ölkə başçısı qeyd edib.

Prezidentin məruzəsində ən yeni tariximizin son 70 ili ilə bağlı hansı obyektiv elmi-tarixi faktlar təqdim edildi?

  • Bəhruz Quliyev: “Cənab Prezident öz məruzəsində Azərbaycanın ən yeni tarixinin müxtəlif dövrlərinin xarakteristikasını tezis şəklində verdi”

“Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin məruzəsində ən yeni tariximizin bütün dövrləri əhatə olunub və elmi-tarixi faktlarla o hadisələr qeyd edilib: “Cənab Prezident öz məruzəsində Azərbaycanın ən yeni tarixinin müxtəlif dövrlərinin xarakteristikasını tezis şəklində verdi. Bu məruzədə tariximizin son 70 ili geniş şəkildə təhlil edilib. Prezidentin məruzəsində həm bu tarixi dövr ərzində ölkəmizdə həyata keçirilən dəyişikliklərdən, kadr islahatlarından bəhs etməklə yanaşı, həm də SSRİ dövründə Azərbaycanın malik olduğu resursların SSRİ-yə müxtəlif formalarda dividend gətirdiyini də vurğuladı. Sumqayıtın bir sənaye şəhəri kimi yaradılmasından, burada həm Azərbaycan Respublikası, həm də digər İttifaq respublikaları üçün kadrlar yetişdirilməsindən, başqa respublikalardan işləmək üçün bu sənaye şəhərinə insanların kütləvi axın etməsindən, bu şəhərin çoxmillətli şəhərə çevrilməsindən danışan cənab Prezident bununla çox mətləblərə işıq tutdu. Gizlin deyil ki, Azərbaycanın SSRİ dövründə ən yüksək səviyyədə inkişafı ulu öndərin adı və Azərbaycana rəhbərliyi dövrü ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamız üçün böyük işlər gördü. Sumqayıtın bir sənaye şəhəri kimi daha çox inkişaf etməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin tikintisinin Azərbaycana salınması, eləcə də fabrik və zavodların inşa edilməsi, burada respublika və ittifaq miqyaslı mütəxəssislərin yetişdirilməsi qeyd edilməlidir. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması müasir dövrdə də hərbi kadrların yetişdirilməsi sahəsində öz töhfəsini verib. Həmin dövrdə milli düşüncəli siyasi kadrların yetişməsi işinə də xüsusi əhəmiyyət verilib. Azərbaycan üçün yüksək ixtisaslı kadrlar hazırlanması üçün gənclərimizin SSRİ-nin müxtəlif respublikalarına göndərilməsi, onların ölkəyə qayıdaraq faydalı kadrlar kimi dividendlər gətirməsi faktları diqqəti çəkməyə bilmir. Bunlar hamısı o dövr üçün çox vacib nüanslar idi. O dövrdə milli düşüncəli insanların, kadrların sovet ideologiyasının təsirindən hifz edilməsi tendensiyası da mövcud olub. 1967-ci ildə ulu öndər Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edərkən burada milli kadrların yetişdirilməsinə nail oldu. O vaxt SSRİ-də bəlli bir çərçivə vardı, türkdilli respublikalarda milli kadrların yetişdirilməsinə maneçiliklər törədilirdi. Həmin dövrdə Azərbaycana və digər türkdilli respublikalara münasibət elə də müsbət deyildi. Bütün respublikalarda milli kadrların yetişdirilməsinə açıq şərait yaradılsa da, bu prosesin türkdilli respublikalarda həyata keçirilməsi elə də asan deyildi. Lakin Heydər Əliyev bu çətinliklərə baxmayaraq, ölkəmizdə milli kadrların, Azərbaycanın gələcəyini düşünən beyinlərin yetişməsinə nail oldu. Həmin düşünən beyinlərin çiyinlərində müstəqil Azərbaycan quruldu. Bizim böyük şairlərin müdafiə olunması, Heydər Əliyev tərəfindən onların sovet repressiyasından xilas edilməsi tariximizin unudulmaz səhifələridir”.

AXC-Müsavat dövründə ölkəmizin ağır vəziyyətə düşdüyünü, ölkə iqtisadiyyatının, sənayesinin dağıdıldığını deyən B.Quliyevin sözlərinə görə, bu qruplaşmanın Azərbaycana rəhbərliyi müddəti müasir tariximizin ən böyük ağrısıdır. 

Ermənilərin əli ilə törədilən Sumqayıt hadisələrindən də danışan B.Quliyevin bildirdiyinə görə, Sumqayıt son 70 ildə Azərbaycanın sənaye paytaxtı olub, eyni zamanda, burada müxtəlif millətlərin yaşaması təmin edilib, şəhər beynəlmiləl şəhər kimi diqqəti cəlb edib. Sumqayıtın yüksək şəkildə inkişafı, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daha da çiçəklənməsi erməniləri ciddi şəkildə narahat etdiyi üçün, onlar bu şəhəri ələ keçirib buranı erməniləşdirmək məqsədi güdüblər. “Sumqayıtın inkişafı erməniləri narahat edib və bu səbəbdən də bu şəhərə qarşı müxtəlif təxribatlar törədiblər. SSRİ dövründə Sumqayıtın erməniləşdirilməsi prosesi gedib və onun nəticəsi idi ki, sonrakı dövrdə Sumqayıt hadisələri baş verdi. Cənab Prezident də qeyd etdi ki, Sumqayıtda törədilən cinayətləri ermənilər həyata keçiriblər. Onların bu təxribatı Sumqayıtda törətməkdə məqsədləri o idi ki, əsas diqqəti Sumqayıta yönəldib Dağlıq Qarabağı alsınlar. Ermənilər Sumqayıt hadisələrində Azərbaycanı ittiham etmək istəyirdilər, tarixi sənədlər və faktlar bu hadisənin ermənilərin özləri tərəfindən törədildiyini sübut etdi. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi ulu öndərin Azərbaycandan kənarda olduğu dövrdə başladı, ermənilər onun respublikada olmamasından sui-istifadə edərək bu problemi yaratdılar. Cənab Prezident çox haqlı olaraq dedi ki, ulu öndər həmin dövrdə Azərbaycana rəhbərlik etsəydi, Qarabağ münaqişəsi baş verməzdi” - deyə qeyd edən B.Quliyev bildirdi ki, Azərbaycanın 70 illik tarixinin bütün uğur və nailiyyətləri müasir tariximizin formalaşması üçün bir təkan oldu.

İradə SARIYEVA

Son xəbərlər