09/12/2019 21:40
728 x 90

AXC-Müsavat dövründə bizə kimlər rəhbərlik etdi və kimlər yenidən rəhbərlik iddiasındadır...

img

Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı tədbirdə çox mühüm tezislər üzrə çıxış etdi. Xüsusilə də Azərbaycanın yaxın tarixinə aid yaşanan hadisələrlə bağlı maraqlı izahlar verdi. İlham Əliyev həm də 1992-1993-cü illərdə Azərbaycana müvəqqəti rəhbərlik etmiş AXC-Müsavat hakimiyyəti ilə bağlı ciddi faktları açıqladı.

Prezident çıxışında həmin zaman ölkəyə rəhbərlik etmiş komandanın üzvlərinin kim olduqları və hansı əməlləri törətdiklərinə ətraflı izah verdi. Çıxışda həmin komanda üzvlərinin adları konkret çəkilməsə də, biz kiçik araşdırma aparmaqla söhbətin kimlərdən getdiyini təxmin etdik.  Maraqlıdır ki, İlham Əliyevin olduqca mənfi xarakterizə etdiyi həmin adamların çoxu hazırda da siyasi arenadadır. Bəziləri isə ölkəyə yenidən rəhbərlik etmək iddiasını ortaya qoyur. Gəlin görək, AXC-Müsavat dövründə bizə kimlər rəhbərlik etdi və kimlər yenidən rəhbərlik etmək iddiasındadır?

Prezident çıxışında ötən əsrin 90-cı illərinə ekskurs edərək, bunları deyib: “...O vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdı. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.

Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi”.

Prezident həmin vaxt kimlərin ali idarəetmədə olduğunu ayrıca sadalayıb, onların adlarını çəkməsə də, biz söhbətin konkret olaraq hansı şəxslərdən getdiyinə aydınlıq gətirəcəyik. Prezident sual edir: baxın, bizi kimlər idarə edirdi? Sonra Azərbaycan xalqının hansı rəzil dövrdə yaşadığına diqqəti yönəldir: “Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi”.

Aydındır ki, burada ölkə başçısı mərhum Əbülfəz Elçibəyi nəzərdə tutur. Çünki həmin vaxt ölkəyə rəhbərliyi məhz o edib.

“Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu, baş nazir idi”.

Burada Prezident hazırda Azərbaycan Xalq Partiyasına rəhbərlik edən Pənah Hüseyni nəzərdə tutur. Həmin vaxt ölkənin baş naziri bu şəxs olub və onun mövsümi ticarətlə məşğul olmasına dair fikirlər mətbuatda çox səslənib.

“Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı?”

Burada söhbət İsa Qəmbərdən gedir. İsa Qəmbər həqiqətən də elmi işçi olsa da, dissertasiya müdafiə edə bilməyib və qısa müddət Azərbaycan parlamentinə rəhbərlik edib.

“Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər? Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

Söhbətin AXCP sədri Əli Kərimlidən getməsinə qəti şübhə yoxdur. Çünki dəfələrlə mətbuatda Əli Kərimlinin vaxtilə “Yurd” fraksiyası ilə Elçibəyə xəyanət edib, hakimiyyətlə işbirliyinə getməsi haqda materiallar dərc edilib.

“Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim”.

Şuşanın işğalı ilə bağlı daha çox hədəfə gələn və bir müddət müdafiə naziri olan Rəhim Qazıyevdir. Bu şəxs həqiqətən də məlum ittihamlara görə məhkum olunub, uzunmüddətli həbsdən sonra əfv edilib.

“Ondan sonra daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb”.

Söhbət İsgəndər Həmidovdan gedir. O, vaxtilə DİN-ə rəhbərlik edəndə jurnalistlər Mahal İsmayıloğlu və Zərdüşt Əlizadəni döyüb. Heydər Əliyevi Naxçıvandan Bakıya gətirəcəyi ilə bağlı hədələr yağdıran da məhz o olub.

“Baş prokuror Gəncədə girov götürülmüşdü, prezidentə həbs əmri vermişdi. Bu da baş prokuror”.

Sürət Hüseynov qiyam qaldıranda belə bir hadisə olub. Elçibəy hakimiyyətində baş prokuror vəzifəsini tutan İxtiyar Şirinov, həqiqətən, öz prezidentinin həbsi üçün sanksiyaya imza atmışdı.

“Xarici işlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü”.

Söhbət hazırda mühacirətdə yaşayan Tofiq İsmayılovdan gedir. İxtisasca fizik olan bu şəxs AXC hakimiyyəti dönəmində xarici işlər naziri olub.

Prezident çıxışının bu hissəsini belə tamamlayıb: “Bax, budur Xalq Cəbhəsi, Müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki, qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi, yenə də yarımçıq qalacaqdı”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər