11/12/2019 05:46
728 x 90

Azərbaycan terrorla mübarizə vəziyyətinə görə dünyada öz yerini beş pillə də yaxşılaşdırdı…

Elçin Mirzəbəyli: “Terrorun bütün istiqamətlərinə qarşı ölkəmiz hər zaman aparıcı mövqedə dayanıb”

img

Azərbaycan terrorizmin səviyyəsi çox aşağı olan ölkələr siyahısında yer alıb. London İqtisadiyyat və Sülh İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, reytinqdə Azərbaycan öncəki hesabatla müqayisədə mövqeyini 5 pillə yaxşılaşdıraraq 103-cü yeri tutub.

Məlumat üçün bildirək ki, qonşu ölkələrdən Türkiyə 16-cı (terrorizmin yüksək səviyyəsi), Rusiya 37-ci (terrorizmin orta səviyyəsi), İran 39-cu (terrorizmin orta səviyyəsi), Gürcüstan 90-cı (terrorizmin çox aşağı səviyyəsi) sırada yer alıb.

Terrorizm baxımından ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriyadır. 26 ölkə isə terror təhlükəsi olmayanlar qrupuna daxil edilib: Kosta Rika, Sloveniya, Toqo, Mavritaniya, Portuqaliya, Xorvatiya, Salvador, Esvatini, Monqolustan, Rumıniya, Benin, Ekvatorial Qvineya, Kamboca, Botsvana, Namibiya, Kuba, Türkmənistan, Mavriki, Timor-Leste, Sinqapur, Eritreya, Şimali Koreya, Qambiya, Oman, Qvineya-Bisau, Belarus.

Qeyd edək ki, Azərbaycan terrorla mübarizə vəziyyətinə görə regionda və dünyanın ən təhlükəsiz ölkələri siyahısında ön cərgədə yer alır.

  • “Hesab edirəm ki, beynəlxalq hesabatda Azərbaycanın 5 pillə irəliləməsi ölkə əhalisinin mədəni səviyyəsini göstərən bir faktdır”

Siyasi şərhçi Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan terrora qarşı beynəlxalq miqyasda da mübarizə aparır: “Terrorun bütün istiqamətlərinə qarşı ölkəmiz hər zaman aparıcı mövqedə dayanıb. Ölkə daxilindəki vəziyyətə gəlincə, müvafiq qurumlar təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi addımlar atırlar. Çoxlu sayda tədbir həyata keçirilir. Ayrı-ayrı terror qruplarının tərkibində olan və ya ona cəhd edən insanlar müvafiq qurumlar tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın terrorizm baxımından ən təhlükəsiz ölkə kimi beynəlxalq hesabatlarda ön sırada yer alması reallığı əks etdirir. Bu məsələdə dövlətlə yanaşı, Azərbaycan cəmiyyətinin özünün rolu var. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyəti kifayət qədər sivil və modern düşüncəyə malikdir: “Hesab edirəm ki, beynəlxalq hesabatda Azərbaycanın 5 pillə irəliləməsi ölkə əhalisinin mədəni səviyyəsini göstərən bir faktdır”.

Günel CƏLİLOVA

Son xəbərlər