11/12/2019 04:47
728 x 90

Bəzi müxalifətçilərin xaricdə belə cinayətlərlə məşğul olduqlarını bilirdik...

Əli Həsənov: “Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar”

img

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müxalifətin “miqrant alveri” və Almaniyadan bir sıra azərbaycanlının deportasiya olunması məsələsinə münasibət bildirib.

“Trend”in məlumatına görə, Ə.Həsənov bildirib ki, biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq. Amma öz ölkəsində həm ictimai-siyasi, həm də iqtisadi sahədə ciddi nümunələr göstərə, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən öz ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik: "Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirdik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdi ki, nəyə görə bu insanları başqa adlarla, uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdanların yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətçilik ətrafında sıx birləşəcəklər”.

Ə.Həsənov, həmçinin, deportasiya olunan azərbaycanlıların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, bunların heç bir əsası yoxdur: “Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır və araşdırılacaq. Biz Azərbaycan vətəndaşlarının hər biri üçün bu ölkədə yaşayış, iş, fəaliyyət şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili, onların maraqları dayanır. Ona görə də Azərbaycana qaytarılan o insanların hər birinin ölkəmizin vətəndaşı olaraq gələcək həyatını qurması üçün lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar”.

Son xəbərlər