Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində, 1996-ci ildən bəri müzakirə olunan Xəzər dənizinin statusu ilə bağlı razılaşma imzalanacaq.
Baki-xeber.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Xəzəryanı ölkələr - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan prezidentləri Aktauda baş tutacaq "Xəzər Beşliyi" zirvəsində bir araya gələcək. Zirvədə Xəzər dənizinin hüquqi statusuna dair saziş imzalanacaq.
Sammitdə iştirak edən liderlər Xəzər regionunun müxtəlif sahələrində əməkdaşlıq imkanlarını, habelə əvvəlki qərarların icrasını müzakirə edəcəklər. Sammitdə həmcinin bir sıra hökumətlərarası sazişlər də imzalanacaq.
Qeyd edək ki, dənizin hüquqi statusuna dair işlər 1996-cı ildən bəri davam edir.