“Bu plan iflasa məhkumdur. Onun ömrü ABŞ-Türkiyə barışığınadəkdir”
Türkiyədə fəaliyyət göstərən xristian keşişin ABŞ xeyrinə casusluq ittihamı ilə həbs edilməsindən sonra ABŞ-Türkiyə münasibətlərində müəyyən soyuqluq nəzərə çarpmağa başladı. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmayacağını bəyan etməsi isə bu münasibətlərin perspektivi üçün ciddi narahatlığın olacağını vəd edir. Ermənistanda aparılan ictimai müzakirələrdən hiss edilir ki, rəsmi İrəvan ABŞ-la Türkiyə arasındakı ziddiyyətdən maksimum faydalanmağa çalışır. Bu nə dərəcədə mümkün hesab edilə bilər?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan və erməni ideoloqları hər zaman Türkiyə ilə Rusiya arasında ixtilaf və ziddiyyətlərin olmasında maraqlı olub, bir qayda olaraq bundan öz məkrli planlarının həyata keçirilməsi üçün istifadə etməyə çalışıblar: “Lakin son illərdə biz tarixdə ilk dəfə Rusiya və Türkiyə arasında bu dərəcədə yaxın múnasibətləri müşahidə edirik. Bu isə Ermənistanı, erməni diasporasını olduqca narahat edir. Ermənistanın dövlət kimi yaranması, mövcudluğu Rusiyanın hesabına baş veribsə, sonrakı Azərbaycan və Türkiyə torpaqlarına iddiaların gerçəkləşməsi də Rusiyanın dəstəyi ilə baş tutmalı idi. Lakin Türkiyə və Rusiya arasında dostluq münasibətləri dərinləşir. Onlar bundan narahat olaraq yeni bir himayəçi axtarışına çıxdılar və erməni diasporası bu rolda ABŞ-ı görməyə başlayıb. Haylar hay-küylə Rusiya-Türkiyə yaxınlaşmasına mane ola bilməyəcəklərini görüb, okeanın o tayına üz tutublar. Bununla da tarix boyu həm Türkiyəyə, həm də Rusiyaya etdikləri xəyanəti bir daha təkrarladılar”.
Politoloqun sözlərinə görə, onlar indi də ABŞ-ın Türkiyə və Rusiya ilə olan ziddiyyətli münasibətindən öz məqsədləri üçün yararlanmağa çalışırlar: “Halbuki, düz 10 il əvvəl avqustun 8-də baş verən Gürcüstan-Rusiya müharibəsi göstərdi ki, ABŞ gəlib Qafqazda heç bir dövləti Rusiyaya qarşı mudafiə etməyəcək.
Ermənistan isə yaxın qonşunu qoyub, uzaq himayəçiyə sığınmaqla nəsə əldə edəcəyinə ümid etməklə səhv edir. Əgər Paşinyanın dediyi kimi demokratikləşmək istəyirsə, əvvəla, demokratiya idxal olunan maddi bir şey deyil. O dəyərdir. Dəyərlər isə cəmiyyətin özündə təkamül yolu ilə yetişməlidir. Lakin tarix boyu başqasının torpağını işğal edib burada dövlət yaratmaq ideologiyasını əsas tutan erməni cəmiyyəti buna hazır deyil, ola da bilməz.
Deməli, demokratiya sadəcə bir bəhanədir. Məqsəd ABŞ-ın regionda Türkiyə, Rusiya və İrana qarşı geosiyasi oyunlarında əlaltı vasitə kimi istifadə olunmağa razılıq verməklə əvəzində öz məkrli ideologiyalarına dəstək almaqdır”.
Nəzakət Məmmədova deyir ki, dövran dəyişir, lakin ermənilər öz mənasız ideologiyalarından əl çəkmir: “ 1878-ci ildə ilk dəfə Berlin konqresində "erməni məsələsi"nin Qərb və Türkiyə arasında müzakirə predmeti olmasına, eləcə də Birinci Dünya müharibəsində Sevr müqaviləsində öz planlarının yer almasına nail oldular. ABŞ prezidenti Vilson erməni məsələsinə diqqət yetirmişdi.
İndi ermənilər 100 il əvvəl - 1918-ci ildə olduğu kimi yenidən ABŞ-la yaxınlaşıb, türklərə və ruslara qarşı istifadə olunmağa razılıq verirlər. Onlar öz ideologiyaları üçün əbədi dost, müttəfiq anlayışını qəbul etməyərək bütün cəbhələrdə yer alırlar və sonda qalib kim olarsa, onun ətəyindən yapışırlar.
İndi Türkiyə, Rusiya və İranın beynəlxalq siyasətdə zəif durumda olmasını görüb ABŞ və Avropanın tərəfinə keçiblər. Halbuki, Suriyada Bəşər Əsədin tərəfində ABŞ və koalisiyaya qarşı vuruşublar. Bu ölkənin prezidenti İngiltərənin, baş naziri Amerikanın adamıdır, sərhədlərini Rusiya qoruyur.
Onların ASALA və digər terror təşkilatları vaxtilə Suriyada təlim keçib İsrailə qarşı vuruşub, indi isə ABŞ-dakı diaspora Erməni Milli Assambleyası yəhudi lobbisinə sığınaraq Türkiyə, Rusiya və İrana qarşı onların Cənubi Qafqazdakı geosiyasi planlarında yer almaq istəyir”.
Politoloq bildirir ki,Türkiyə İrana qarşı planlarda yer almaq istəmədiyi üçün ABŞ-la müəyyən gərginlik yaşanır və ermənilər bundan yararlanmağa çalışır: “ Lakin Türkiyə Amerika üçün ermənilərə görə gözardı edilməyəcək qədər qiymətli bir müttəfiqdir.
Türkiyə və ABŞ arasında münasibətlər istənilən an yoluna düşə bilər. Necə ki, biz bunu 24 iyun seçkiləri ərəfəsində Menbiç məsələsində müşahidə etdik. Bu ölkələrin bir-birinə qarşı bir neçə konkret iddia tələbi var: ABŞ Suriyada PYD/YPG-ni dəstəkləmir, Güləni Türkiyəyə verir, F-35 və digər silah satışına qadağanı ləğv edir, bir sözlə, öz ikitərəfli müttəfiqlik və NATO üzrə öhdəliklərini yerinə yetirərsə, Türkiyə də rahub Bransonu qaytarmaq şərtilə ABŞ-ın bir neçə tələbini yerinə yetirərsə, münasibətlər yaxşılaşa bilər. Bu zaman ermənilərin nə düşünməsi, nə istəməsi qətiyyən ABŞ-ı maraqlandırmayacaq. Böyük dövlətlər onları daim öz məqsədləri üçün istifadə edib, bu gün də edir.
Ermənilər 100 il əvvəl də oxşar sityasiya ilə qarşılaşdılar, axırda böyük dövlətlər onları istifadə edib son anda geri çəkildilər və pis vəziyyətdə qoydular. Bu gün də onlar öz səhvlərindən nəticə çıxarmayaraq yalnız böyük dövlətlərin, o cümlədən ABŞ və Türkiyənin ziddiyyətli münasibətlərindən yararlanmağa çalışır. Lakin bu plan iflasa məhkumdur. Onun ömrü ABŞ-Türkiyə barışığınadəkdir”.
Məhəmmədəli QƏRİBLİ