Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması Kremlin İrəvana qarşı artıq daha sərt siyasət sərgiləməsi ilə müşahidə edilməkdədir. Hətta erməni mediasının yazdıqlarından belə bəlli olur ki, Rusiya bu ölkədə hakimiyyəti əvəzləməyi düşünür.
“Qraparak” qəzeti yazır ki, Moskva Rusiyaya qarşı açıq mövqe sərgiləyən baş nazir Nikol Paşinyanı kimlə əvəzləyəcəyini müəyyən edib. Bu, Ermənistanın eks-prezidenti Robert Köçəryandır. Qeyd olunur ki, Robert Köçəryan yenidən siyasətlə məşğul olmaq üçün ölkəyə qayıdacaq: “O, ölkəyə təkcə 1 mart qırğını ilə bağlı dindirilmədə iştirak üçün gəlmir. Köçəryanın hədəfi siyasətə girməkdir. Belə ki, Rusiya zamanında Serj Sarkisyandan narazı idi, indi isə Nikol Paşinyan onu qane etmir. Moskvanın Paşinyanın yerini Köçəryana ötürəcəyi ilə bağlı proqramın olması istisna edilmir. Köçəryanın zəmanət verilmiş toxunulmazlığı var. Ciddi əsaslar olmadan Köçəryanın toxunulmazlığını ləğv etmək mümkün deyil. Bunun üçün isə bir neçə il ərzində gərgin iş görülməlidir”.
Xatırladaq ki, Robert Köçəryan son bir neçə həftəni Rusiyada keçirib. Burada onun Ermənistanda hakimiyyətə gəlmək üçün Rusiyadan lazımi dəstək alması istisna olunmur. Hesab edilir ki, Ermənistanın eks-prezidentinin yenidən iqtidara gəlməsi üçün Rusiya bəzi təzyiq amillərindən istfiadə edəcək. Buraya Ermənistan daxilində vəziyyətin gərginləşdirilməsi ilə yanaşı, Qarabağ kartı da daxildir. Hesab edilir ki, Rusiya Paşinyan iqtidarının mövqelərini daha tez laxlatmaq üçün müəyyən müddət Qarabağ məsələsində Ermənistanı yalnız buraxacaq. Bu hal öz növbəsində Azərbaycanın işğal altındakı ərazilərin daha bir qismini azad etməsinə lazımi şərait yaradacaq. Ümumiyyətlə, Moskvanın Paşinyanı devirmək üçün bu qəbildən olan gedişlər etməsi indiki halda tamamilə təbii sayılır. Sabiq dövlət müşaviri Qabil Hüseynli bunun səbəbini belə izah edir ki, artıq Paşinyanın mahiyyəti açılmaqdadır. O bildirib ki, Paşinyan baş nazir seçildikdən sonra əvvəlcə Rusiyaya getdi və Putinlə görüşdü: “Görüşdə o, Rusiya ilə münasibətlərin dəyişilməz olaraq qalacağını bəyan etdi. Bunun ardınca Brüsselə səfər edən Paşinyan NATO-nun zirvə sammitinə qatıldı. Baş nazir seçilənə qədər Paşinyan və onun tərəfdarları ya deputat idi, ya da sadə xalqın nümayəndəsi və onlar o zaman antirusiya meyllərinin daşıyıcıları sayılırdı. Hətta bu şəxslər açıq-aşkar Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması, İrəvanın KTMT-dən çıxması kimi şüarları çəkinmədən cəmiyyətdə və mətbuatda səsləndirirdilər. Paşinyan baş nazir seçildikdən sonra bir müddət özünü təmkinli apardı və öz baxışlarını müəyyən qədər gizlətməyə çalışdı. Amma Brüssel səfərindən sonra Paşinyan və onun tərəfdarlarından biri olan müdafiə naziri Tonoyan boxçada nə varsa, hamısını açıb-tökməyə başladı. Onlar ilk olaraq, Ermənistanın sərhədlərini qoruyan Rusiya Sərhəd Qoşunlarının Ermənistandan çıxarılmasını tələb etdilər. Bu tələb bu gün açıq surətdə Rusiya tərəfinə göndərilib. Onlar belə hesab edirlər ki, müstəqilliyin birinci atributu dövlətin öz sərhədlərini qoruma potensialına sahib olmasıdır. Bu nöqteyi-nəzərdən bu gün gündəmdə duran əsas məsələlərdən birincisi sərhədlərin erməni sərhədçiləri tərəfindən qorunmasını dövlətin öz üzərinə götürməsidir”.
Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanda iki böyük hərbi bazası var: “Gümrüdə yerləşən hərbi baza Rusiyanın Cənubi Qafqazda saxladığı ən böyük baza hesab olunur. Son vaxtlar bu baza ilə bağlı əhali ilə rus qoşunları arasında ciddi ixtilaflar əmələ gəlir. Yəni əhali Gümrü hərbi bazasının önündə sistemli şəkildə mitinqlər keçirərək, rus qoşunlarının Ermənistandan çıxarılmasını tələb edir. Hökumət, xüsusilə Paşinyan özünü elə göstərir ki, guya bu aksiyalar kortəbii surətdə baş verir. Amma hökumət buna ögey münasibət bəsləsə, ən azından mitinqlərin qarşını alar. Bunu etmirsə, deməli, hökumət də xalqın düşündükləri ilə razıdır. Hətta ola bilər ki, bu düşüncələri xalqa transfer edən elə hökumətin özüdür. Gümrü hərbi bazasında əhali ilə rus hərbçiləri arasında baş verən iğtişaş sanki Rusiyanın Ermənistana mesajı idi”.
Politoloq erməni əhali arasında rus qoşunlarının Ermənistandan çıxarılması tələbinin getdikcə genişlənməsinin səbəblərinə də aydınlıq gətirib: “Erməni əhalisi etiraz edir ki, rus qoşunları əvvəl Azərbaycandan, sonra isə Gürcüstandan çıxarılıb. Ermənistanda qoşunların qalmasına görə də əhali etiraz edir. Bu şəraitdə Ermənistanda əvvəlcədən mövcud olan antirusiya əhval-ruhiyyəsi özünün pik səviyyəsinə çatıb. Rusiya mətbuatında da bəzi politoloqların və siyasətçilərin buna qarşı ciddi reaksiyalarının şahidi oluruq. Onlar açıq surətdə ermənilərə eyham vururlar ki, rus bazalarına qarşı bu cür əhvalı davam etdirsəniz, Rusiya da Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarını geriyə qaytarması istiqamətində aparacağı fəal hərbi əməliyyata etinasız yanaşacaq”. Politoloq bildirib ki, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlar həyata keçirməsinə mane olan Rusiyadır: “Rusiya Bakıya imkan versə, Azərbaycan öz torpaqlarını qısa müddətdə geri qaytaracaq. Bu gün Rusiyada Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməyə təhrik edən bəzi çıxışlar səsləndirilir. Rusiyanın Azərbaycana bu mövzuda yaşıl işıq yandırması Azərbaycana hava-su kimi lazımdır. Rusların proseslərə müdaxilə etməyəcəyinə 100% əmin olduqdan sonra ərazi bütövlüyü məsələsinin aktuallaşması an məsələsi olacaq”.
Ermənistan “1in.am” saytı isə yazır ki, rus ordusunun çıxarılması məsələsinin gündəmə gəlməsinin İrəvan üçün mütləq nəticələri olacaq: “Ermənistan müdafiə naziri David Tonoyan Şirak vilayətinin Panik kəndinə səfər etdikdən və Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının komandanlığı ilə görüşdükdən sonra jurnalistlərlə söhbətində bəyan edib ki, Ermənistanda dislokasiya olunmuş rus sərhəd qoşunlarının statusu haqqındakı Ermənistan-Rusiya müqaviləsinin bir sıra müddəalarına yenidən baxılacağını istisna etmir. Panik kəndində baş verən hadisənin bir sıra dəyişikliklərin edilməsini sürətləndirə biləcəyini təsbit edən nazir deyib: “Bunlar daş üzərində oyulmuş sənədlər deyil və zaman keçdikcə müqavilə-hüquq dəyişiklikləri tələb edən problemlər yaranır. Və bu, əlbəttə ediləcək”.
Panikdə baş verən hadisə ilə bağlı nazir deyib ki, bu həm Rusiya komandanlığının, həm də erməni tərəfinin qüsurları üzündən baş verib. Ancaq David Tonoyanın müqavilənin Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrinə yenidən baxılması barədə yuxarıda xatırladılan bəyanatı daha mühüm və prinsipial əhəmiyyət kəsb edir. Bu bəyanat çoxqatlıdır və bir neçə mesaj daşıyır.
Ən maraqlısı odur ki, Panikdəki hadisə Rusiya sərhəd qoşunlarının deyil, Gümrüdə dislokasiya olunmuş 102 saylı rus hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verib, rus sərhədçilərinin isə hərbi baza ilə birbaşa əlaqəsi yoxdur. Burada sual yaranır: bəlkə Panikdəki hadisədə yalnız 102 saylı hərbi bazanın hərbçiləri deyil, həmçinin Rusiya sərhəd qoşunlarının nümayəndələri də iştirak edib? Bu, vəziyyəti tamamilə dəyişir, belə ki, söhbət tamamilə müxtəlif olan qoşun birləşmələrindən və tamamilə müxtəlif hüquqi statusu olan qoşunlardan gedir. David Tonoyanın müqavilənin xüsusilə Ermənistan ərazisində yerləşdirilən Rusiya sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrinin dəyişdirilə biləcəyi barədə verdiyi bəyanat, bax, bu baxımdan diqqətəlayiqdir. Həm də nəzərə almaq lazımdır ki, nazir Panikdə baş verən hadisənin bu dəyişiklikləri stimullaşdıra biləcəyini qeyd edib. Beləliklə, bu hadisədə rus sərhəd qoşunlarının hərbçilərinin də iştirak etməsi haqqında olan versiya etibarlı olmağa layiq görünür. Ümumiyyətlə, Rusiyanın Ermənistanda hərbi iştirakı mövzusu, xüsusilə son illərdə dövri olaraq ictimai-siyasi müzakirələrin gündəliyinə çıxır. Buna ilk növbədə çox vaxt cəzasız qalan Gümrüdəki hərbi bazanın hərbçilərinin davranışı şərait yaradır. Bu və çoxsaylı digər hadisələr erməni cəmiyyətini, hərbi bazanın varlığının məqsədəuyğunluğu haqqında olmasa da (baxmayaraq ki, belə fikir söyləyən dairələr də var), heç olmasa, bu bazanın fəaliyyəti üzərində nəzarət qaydalarının sərtləşdirilməsi barədə məsələ qaldırmaq haqda düşünməyə məcbur edir. Müzakirələrdə həmişə o məsələ də qeyd olunur ki, öz hərbi bazasının varlığına görə Rusiya Ermənistana bir qəpik də ödəmir, bundan başqa, müxtəlif məlumatlara görə, hətta bazanın məişət, kommunal xərclərini də erməni tərəfi qapadır.
Və budur, müxtəlif dövrlərdə yüksək və ya aşağı kəskinliklə, ən azı, rus bazasının yerləşməsi şərtlərinə yenidən baxılması məsələsinin ictimai gündəlikdə durduğu belə bir şəraitdə müdafiə naziri müqavilədə rus sərhəd qoşunlarının statusu haqqındakı bir sıra maddələrə yenidən baxılması haqqında danışır. Ermənistan məmurunun, özü də müdafiə nazirinin Rusiyanın hərbi iştirakı ilə, həm də sərhəd qoşunlarının iştirakı ilə bağlı olan müqavilə haqqında danışması faktı özü-özlüyündə Ermənistanın bütün tarixi ərzində görünməmiş bir hadisədir. Rusiyanın Ermənistanda hərbi iştirakı mövzusu həmişə tabu qoyulan mövzu olub, əhəmiyyətsiz istisnalar olmaqla, bu barədə hətta müxtəlif dövrlərin ən radikal müxalifətçiləri belə danışmırdı, bu barədə, xüsusən də heç bir hakimiyyət danışmırdı.
Və bu şəraitdə, xüsusən də Panikdəki hadisədən və Nikol Paşinyanın bu hadisəni Ermənistanın suverenliyinə və erməni-rus münasibətlərinə qarşı təxribat kimi xarakterizə etdiyi bəyanatından sonra David Tonoyanın mesajını məqsədli hesab etmək lazımdır. Həm də müdafiə naziri qeyd olunan müqavilənin bir sıra maddələrinin dəyişdirilməsi üçün hər hansı bir vaxt göstərməyərək, bu barədə kifayət qədər lakonik danışıb. Bu məsələnin qaldırılması ona görə mühümdür ki, o bu məsələnin ictimai-siyasi gündəliyə gəlməsi, onun ətrafında müzakirələrin, debatların (Rusiyanın rəsmi və ekspert dairələrinin də bura cəlb edilməsi çox mühümdür) başlaması üçün stimul ola bilər. Bu problemin qarşıdurma rejimində müzakirə olunması həddindən artıq təhlükəli və yolverilməzdir. Bu mənada David Tonoyanın bəyanatındakı ümumiləşdirilmiş formullar tamamilə anlaşılandır.
Erməni-rus münasibətlərinin 20 ildən artıq müddət ərzində deformasiya və deqradasiya olunması, Gümrüdə hərbi bazanın yerləşdirilməsi haqqındakı müqavilədən başlayaraq, “Qazprom-Armeniya”ya inhisraçılıq verən razılaşmaya və digər hüquqi aktlaradək dövlətlərarası münasibətləri tənzimləyən müqavilə-hüquq bazasında da ifadə olunub. Bütün bu sənədlər suverenliyin pozulması və məhdudlaşdırılması, Rusiyanın dominantlığı və üstün təsiri prinsipləri əsasında tərtib edilib. İndi Ermənistanın yeni hakimiyyətinin bunları dəyişmək niyyəti Moskvada xoş qarşılanmır və Rusiya buna qarşı cavab tədbirləri görəcək. Bu cavab tədbirlərinə Qarabağ məsələsi də daxildir və burada Rusiyadan dəstəyin kəsilməsi indiki şəraitdə Ermənistan üçün müsbət heç nə vəd etmir. Ən azından, Azərbaycanın hərbi cəhətdən gücləndiy bir vaxtda”. Bütün bunlar onu göstərir ki, Moskvaya qarşı çıxmaq Ermənistan üçün yaxış heç nə vəd etmir. amma məsələnin əsas müsbət tərəfi baş verənlərin Qarabağ münaqişəsinin həllini sürətləndirə biləcəyidir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.