Yeganə Hacıyeva: “Paşinyan iqtidarı Dağlıq Qarabağ siyasətinin müəyyənləşməsində özlərinin devirdikləri Serj Sarkisyanın ümidinə qalıb”
Ermənistanda hakimiyyətə yeni qüvvələrin gəlməsinə baxmayaraq, həmin ölkə Dağlıq Qarabağla bağlı danışıqlar prosesində qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Azərbaycan dəfələrlə bəyan edib ki, substantiv danışıqların aparılmasına hər zaman hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə hər vəchlə danışıqlar prosesini uzatmaqla, mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Ancaq beynəlxalq birlik ondan konstruktiv mövqe tələb edir. Maraqlıdır, indiki məqamda Ermənistan və şəxsən Paşinyan İlham Əliyevlə danışıqlar aparmağa hazırdırmı?
Politoloq Yeganə Hacıyevanın fikrincə, bu sual tək Azərbaycanı deyil, regionda sülhün bərqərar olması üçün çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində bütün maraqlı tərəfləri, nizamlayıcı missiya daşıyan beynəlxalq qurumları da dərindən narahat edir: “Ermənistandakı inqilabdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı populist mesajlar verən Paşinyanın vədlərinin reallaşmasını gözləyənlər az deyil.
Beynəlxalq qurumlarda kuluarlarda Qarabağ klanı, hərbi cinayətkar Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktində gərginliyin aradan qalxacağı, hakimiyyətə gələn yeni qüvvələrin loyal ola biləcəyi, o cümlədən, Paşinyanın müəyyən kompromislərə gedə biləcəyi haqqında fikirlər mövcud idi. Bu tip fikirlərin mövcudluğuna Nikol Paşinyanın siyasi fəaliyyəti dövründə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı xarici auditoriyalara beynəlxalq hüquqa uyğun mesajlar verməsi səbəb olmuşdu. Baxmayaraq ki, Paşinyanın adətən Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı daxili və xarici auditoriyalara yönəlik mövqeləri adətən təzadlı, problemin həlli ilə bağlı bir-birinə zidd, bir sözlə, siyasi riyakarlıqla müşayiət olunurdu. Paşinyan xarici ölkələrdə, beynəlxalq təşkilatların tədbirlərində demokrat imicində loyal mesajlar verib, ölkə daxilində isə fikirləri radikal Daşnak Partiyasının mövqeyindən fərqlənməyib. Məsələn, Avropa Birliyinin Cənubi Qafqazda regional təhlükəsizlik mövzusundakı konfranslarında konfliktin həlli yolları ilə bağlı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları Azərbaycana vermədən nizamlanma ilə bağlı danışıqlar aparmağın mümkün olmadığını söyləsə də, Ermənistan parlamentində “İrs” fraksiyasının təklif etdiyi qondarma Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması barədə qanun layihəsini dəstəkləyib. Qanun layihəsi isə özlüyündə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlardan bufer zona – təhlükəsizlik zonası məqsədilə istifadə olunmasını nəzərdə tuturdu. Başqa bir misal, Ermənistanda xarici səfirliklərin təşkil etdiyi dinləmələrdə Qarabağ məsələsində güzəştlərə hazır olduğu bildirilsə də, daxili mediada Ermənistanın atəşkəs rejiminə riayət etməsinin məqsədəuyğunluğunu şübhə altına alan mesajlar verib. Baş nazir kimi Paşinyanın istər fikirləri, istərsə də addımları sıravi siyasətçi Paşinyanın sərgilədiyi siyasi riyakarlıqdan yan keçməyib. Baş nazir kimi ilk mətbuat konfransını başqa dövlətin ərazisində keçirməklə o, demokrat qılığına girmiş şəxs olduğunu və hərbi cinayətkar Serj Sarkisyandan heç bir fərqinin olmadığını sübut etmiş olub. Mətbut konfransında ona bu haqda sual verən xarici media nümayəndələrinə isə təzadlı cavablar verib. O, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində formalaşmış qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinin danışıqlarda müstəqil tərəf kimi iştirakını israr edib. Paşinyanın bu mövqeyi ATƏT-in Minsk Qrupu çərçivəsində bütün razılaşmaların pozulması, münaqişənin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması demək idi. Sırf Ermənistan və şəxsən Paşinyan Azərbaycanla danışıqlar aparmağa hazır görünürmü sualına cavab versək, bu hazırlıq mövcud deyil. Ümumiyyətlə, Ermənistandakı yeni hakimiyyətin və şəxsən baş nazir Paşinyanın Dağlıq Qarabağ konfliktinin həllinə dair necə bir fikrinin olması haqqında ən səmimi fikri onun xarici siyasət üzrə müşaviri Arsen Xaratyan söyləyib. A.Xaratyan Ermənistan İctimai Televiziyasına müsahibəsində yeni hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konseptual yanaşmasının mövcud olmadığını, ümumiyyətlə, Ermənistanda Qarabağla bağlı danışıqlardan çox az insanın məlumatlı olduğunu bildirib və bu üzdən də sabiq prezident Serj Sarkisyanın xüsusi nümayəndə kimi bu danışıqlarda iştirakını istisna etməyib. Yəni Paşinyan iqtidarı Dağlıq Qarabağ siyasətinin müəyyənləşməsində özlərinin devirdikləri S.Sarkisyanın ümidinə qalıb. Ümimiyyətlə isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni hakimiyyət ilk günlərdə Paşinyanın parlamentdəki nümayəndəsi olduğu “Yelk” blokunun proqramında əksini tapan mövqeləri dəstəklədiyini bildirib. “Yelk” blokunun proqramında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllinə dair konkret konseptual yanaşmalar mövcud deyil. Danışıqlar prosesində yeni Ermənistan hakimiyyətinin və yeni baş nazir Nikol Paşinyanın ciddi dəyişikliklər etməsi, fərqli yanaşma, format dəyişikliyi və sair kimi yeniliklərin gözləntisi hələ hüquqi anlamda aktual deyil. Bu ancaq yeni parlament seçkisi keçiriləndən və hökumət tam formalaşandan sonra aydın olacaq”.
Məhəmmədəli QƏRİBLİ