Arzu Nağıyev: “Onların susqunluğunu mən də anlamıram”
Ermənistanın müdafiə naziri Davit Tonoyanın ardınca separatçı qurumun “müdafiə naziri” Levon Mnatsakanyan da deyib ki, zərurət yaranarsa, Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək.
Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib. Erməni tərəfinin Mingəçevir SES-i vura biləcəyi ilə bağlı bəyanatı sırf terror təhdidi kimi başa düşülməlidir. Çünki həmin hadisədən çoxlu sayda dinc sakin zərər çəkə bilər. Maraqlıdır ki, ermənilərin bu terror təhdidinə bizim rəsmi qurumlarımız səviyyəsində reaksiya verilsə də, nüfuzlu beynəlxalq təşkilatlar nədənsə susqun mövqe nümayiş etdirirlər. Onların bu məsələyə reaksiyası hansı formada olmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevin sözlərinə görə, bu, ermənilərin Mingəçevir SES-lə bağlı ilk hədəsi deyil: “Bundan əvvəl Səngəçal terminalı haqqında da bənzər təhdidlər səsləndirirdilər. Lakin 2016-cı ildə bunu edə bilmədilər, çünki Azərbaycanın hərbi hava qüvvələri bu təxribatların qarşısını almağa qadirdir. Əsas məsələ isə seçkiqabağı manevrlər və separatçıların guya sərbəst şəkildə qərar qəbul edə biləcəklərini nümayiş etdirməkdir. Bu isə ermənilərin absurd bəyanatından başqa heç nə deyil. Bu günlərdə separatçılar Ermənistandan bir qrup KİV nümayəndəsini işğal edilmiş ərazilərə gətirib və hərbi hissələri göstəriblər. Hətta Lələtəpə yüksəkliyi ilə də bağlı bəzi süjetlər göstəriblər və guya oraya da qarşıdakı yüksəkliklərdən nəzarət edə bildiklərini bəyan ediblər.
Təbii ki, Ermənistan ordusunda narahatlıq var və bu, ilk növbədə, Azərbaycan Ordusunun yeni texnikalar alması və ölkəmizin Ermənistanı substantiv danışıqlara səsləməsilə bağlıdır. Eyni zamanda, Azərbaycanın Belarus, İsrail, ABŞ və bir sıra Qərb dövlətləri ilə silah-sursat sahəsində tərəfdaşlığı onların ciddi narahatlığına səbəb olub. Ermənistanın bu terror hədəsinə beynəlxalq qurumlar kəskin reaksiya verməlidirlər. Onların susqunluğunu mən də anlamıram. Bizim rəsmi qurumlar məsələyə kəskin reaksiya veriblər. XİN xəttilə də etirazlar bildirilir. Hesab edirəm ki, Ermənistanın insanlıq əleyhinə planlaşdırdığı bu terrorla bağlı bütün beynəlxalq qurumları ətraflı məlumatlandırmaq lazımdır. Bu istiqamətdə mətbuat, QHT-lər, həmin beynəlxalq qurumlarla əməkdaşlıq edən yerli təşkilatların hamısı fəal mövqe ortaya qoymalı və nüfuzlu təşkilatlardan yaranmış vəziyyətlə bağlı münasibət bildirməyi tələb etməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ