Yeganə Hacıyeva: “Bu qəbul olunarsa, müəyyən lobbi qruplarının ölkələrə yersiz təzyiq göstərmək cəhdləri də neytrallaşacaq”
Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA-nın qış sessiyasında deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır. AŞ PA-nın monitorinqi 1993-cü ildən keçirilir. Monitorinqin məqsədi üzv ölkələrin Avropa Şurasının standartları, qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsiplərinə uyğun müəyyən edilmiş ümumi hüquqi və siyasi çərçivədə olduğuna əmin olmaqdır.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər. Səfər yanvarın 28-də başa çatacaq.
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının həyata keçirdiyi monitorinq prosedurunun hansı əsaslarla dəyişilməsində maraqlıdır?
Avropa Şurası ilə sıx təmasda çalışan politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, AŞ PA-nın monitorinq prosedurları 1993-cü ildə təsis olunub və o ildən mütəmadi olaraq keçirilir: “Monitorinqin məqsədi üzv ölkələrin Avropa Şurasının standartları, qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsiplərinə uyğun müəyyən edilmiş ümumi hüquqi və siyasi çərçivədə olduğunu müşahidə etməkdir. 1993-cü ildə prosedur qaydaları formalaşanda bu mexanizm yuxarıda qeyd etdiyimiz sahələr üzrə mütəmadi olaraq aparılan monitorinq vasitəsilə meydana çıxarılan istənilən narahatedici məqam və mövzular olduqda tətbiq edilirdi. Prosedura, həmçinin, bütün üzv dövlətlərin təmsilçiliyi ilə komissiya formalaşdırmaq, həmməruzəçi təyin etmək və bu mövzunu AŞ PA sessiyasinda müzakirə etməklə, nəticə olaraq, bəyanatlar, qərarlar qəbul olunması da daxil idi. 1997-ci ildə isə AŞ PA-da monitorinq prosedurlarında bir sıra dəyişikliklər aparıldı. Nəticədə monitorinq üzrə xüsusi komissiyalar, daha əvvəlki kimi, dövlətlərin təmsilçiliyi ilə deyil, AŞ PA partiya qruplarının təmsilçiliyi ilə formalaşdırıldı. Bu komissiya AŞ PA-ya üzv dövlətlərin Avropa Şurasının standartları, qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması sahəsində öhdəliklərini həyata keçirməsi və bu prinsiplərə uyğun müəyyən edilmiş ümumi hüquqi və siyasi çərçivədən kobud kənarlaşan üzv dövlətlər olduğu halda, onların milli parlament nümayəndə heyətinin səlahiyyətlərinin AŞ PA tərəfindən dayandırılması, bu üzv dövlətin AŞ-dən kənarlaşdırılması təşəbbüsünü AŞ PA Nazirlər Komitəsi qarşısında qaldırmaq səlahiyyətlərinə malik oldu. Komissiya ildə bir dəfə assambleyaya hesabatını təqdim edir.
AŞ PA-da monitorinq prosedurlarına dair müzakirə olunan mövzu və ölkələr üzrə komissiyaların siyasi qrupların təmsilçiliyi ilə formalaşması müxtəlif iqtisadi və siyasi maraqlara xidmət edən lobbi qruplarının AŞ PA-da möhkəmlənməsi ilə nəticələndi. Onların fəaliyyəti isə AŞ PA-nın proseslərə nəzarət və təsir imkanlarının effektivliyinin azalmasına, komissiyaların zaman-zaman açıq-aydın prosedur pozuntularına getməsinə, AŞ PA-nın müxtəlif lobbi və iqtisadi dairələrin əlində təzyiq vasitəsi kimi istifadə olunmasına gəririb çıxardı. Azərbaycan milli parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun monitorinq prosedurlarının dəyişdirilməsi təklifi məhz bu istiqamətdə mövcud narahatlığın aradan qaldırılmasına hesablanıb. Çox gözəl təklifdir. Nəticə olaraq AŞ PA-nın qərar və bəyanatlarında daha ədalətli və müstəqil mövqe sərgiləməsinə gətirib çıxaracaq. Biz bura 2011 və 2017-ci illərdə AŞ PA-da monitorinq prosedurunda baş verən dəyişiklikləri də əlavə edə bilərdik. Ancaq Səməd Seyidovun təklif etdiyi yenilik tamamilə başqa yönlüdür. Bizim nümayəndə heyətinin təklifi monitorinq prosesində sui-istifadə hallarının qarşısının alınmasına hesablanıb. Bu qəbul olunarsa, müəyyən lobbi qruplarının ölkələrə yersiz təzyiq göstərmək cəhdləri də neytrallaşacaq”.
Məhəmmədəli QƏRİBLİ