Mehman Muradlı: “Demək ki, effekt var. Kanada deputatları ilə bağlı qəbul edilən qərar, verilən notanı haqlı hesab edirəm”
Azərbaycan Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota göndərib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, 2017-ci il sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada Parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı Səfirliyimiz Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb: "Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin, Kanadanın “Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.
Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir".
XİN rəsmisinin sözlərinə görə, notada, həmçinin, Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qanunsuz olduğu qeyd olunur.
Azərbaycanın işğal altında olan torpaqlara qanunsuz səfərlərlə bağlı atdığı addımları necə dəyərləndirmək olar?
Hüquqşunas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan bu yöndə olduqca doğru siyasət yürüdür: “Bizim tələblərimiz qanunudir və beynəlxalq qanunların tələblərinə əsaslanır. Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə bütün ölkələri bu barədə məlumatlandırıb. Bir neçə ildir ki, belə əməllərə qol qoyanların adı tərtib edilən “qara siyahı”ya salınır. Yəni onların Azərbaycana girişinə qadağa qoyulur, əksəriyyəti barədə beynəlxalq axtarış elan edilir. Əvvəllər bəzi ölkələrin nümayəndələri Azərbaycanın bu yöndə fəaliyyətinə bir qədər ironik yanaşırdılar. Hətta belə fikirlər də səslənirdi ki, həmin siyahı üzrə elan olunan beynəlxalq axtarışla kiminsə məsuliyyətə cəlb olunması mümkün deyil. Ölkəmizin yürütdüyü siyasətin doğruluğu, effektliyi bloger Lapşinin məsələsində özünü göstərdi. Həmin adam 3 nüfuzlu ölkənin vətəndaşı idi. Buna baxmayaraq, Dağlıq Qarabağa etdiyi qanunsuz səfərlərə görə o həbs edilərək Azərbaycana verildi və bizim qanunlar əsasında mühakimə olundu. Ən maraqlısı isə budur ki, Azərbaycanın bu faktlarla bağlı verdiyi etirazlara əsaslandırılmamış cavablar verilir. Fransa deyir ki, hansısa regionun separatçı rejimin nəzarətində olan subyektlə qardaşlaşmasının dövlət siyasətinə aidiyyəti yoxdur. Kanada bizim notaya cavab olaraq deyir ki, iki deputat ora dövlət xəttilə deyil, öz təşəbbüslərilə gediblər. Hesab edirəm ki, belə əsaslandırmalar məsələnin mahiyyətini, məsuliyyət dərəcəsini dəyişə bilməz. Mən əminəm ki, qondarma qurumun nəzarəti altında olan ərazilərə səfər edənlərin hər biri məsələnin mahiyyətindən xəbərdar olurlar. Necə ola bilər ki, insan dünyanın o başından durub bura gəlsin və hara, nə məqsədlə getdiyini bilməsin?! Hazırda informasiya almaq çox asandır. Əminəm ki, hər bir vətəndaş tanımadığı yerə ilk dəfə səfər edəndə ora barəsində informasiya toplamaqda maraqlı olur. Gəlin bir eksperiment edək. İstənilən dildə Dağlıq Qarabağ yazaq və axtarışa verək. Görün nə qədər məlumat çıxacaq. Bu baxımdan da arqument kimi göstərilən bəhanələri qəbul etməməliyik. Azərbaycan bu istiqamətdə sərt siyasətindən bir addım da kənara çəkilməməlidir. Ötən illərlə müqayisədə biz qanunsuz səfərlərin sayında azalmanı hiss edirik. Demək ki, effekt var. Kanada deputatları ilə bağlı qəbul edilən qərar, verilən notanı haqlı hesab edirəm”.
Məhəmmədəli QƏRİBLİ