Qabil Hüseynli: “Münaqişənin həllinə nail olmaqla bağlı açar daha çox Minsk Qrupuna üzv olan ölkələrin əlindədir”
ATƏT məkanında həlli uzanmış münaqişələrin nizamlanması 2018-ci ildə ATƏT Parlament Assambleyasının əsas prioritetlərindən biridir. Bunu ATƏT PA-nın prezidenti Georgi Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib. G.Sereteli qeyd edib ki, miqrasiya, terrorizmlə mübarizə və uzun müddətdir davam edən münaqişələrin həlli 2018-ci il üçün ATƏT PA-nın əsas prioritetləridir.
Qeyd edək ki, bu ildən ATƏT-ə sədrlik edəcək İtaliya da dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı səyləri artırmaqda marqlı olacaq.
Bu yaxınlarda daha bir nüfuzlu qurumun rəhbəri də 2018-ci ildə həll olunmamış münaqişələrlə bağlı vəziyyəti prioritetləri sırasına saldığını bildirib. Söhbət BMT-nin baş katibindən gedir. Antonio Quterreş keçirdiyi brifinqdə bildirib ki, Qarabağ problemi ilə bağlı vasitəçilik təşəbbüsləri canlandırılmalıdır: "Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanıdakı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır".
BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib Dağlıq Qarabağ münaqişəsini də həmin sıraya aid edib. Göründüyü kimi, ATƏT PA-nın yeni prezidentinin elan etdiyi təşəbbüsə dəstəklər də az deyil. Bütün bu faktorlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa canlanmanın, yeniliklərin olacağını bizə vəd edə bilərmi?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, doğrudan da bəzi qurumların fəallığını o da hiss edib: “ATƏT-ə yeni sədrlik edən İtaliyanın, həmin qurumun PA-nın prezidentinin, bundan əvvəl BMT baş katibinin, ən əsası da Rusiya xarici işlər nazirinin müavini və Fransa prezidentinin də oxşar bəyanatlar verməsi bir qədər düşünməyə əsas verir. Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onlara bu 25 ildə nə mane olub ki, indiyə kimi münaqişənin həllində hansısa uğura imza ata bilməyiblər? BMT və ATƏT-in fəallığı nəticə verə bilər. Ən azından BMT öz qətnamələrinin həyata keçirilməsinə səy göstərməlidir. Bizi bu fəallıq da qane edir. Çünki belə vəziyyət qurumun özünü hörmətdən salır. Ancaq gəlin etiraf edək ki, həll edilməyən münaqişələrə yanaşma da tamamilə fərqlidir. Sanki onların hamısı qoyulur bir yana, Dağlıq Qarabağ bir başqa tərəfə. Açığını deyim ki, mən burada bir xristian təəssübkeşliyi hiss edirəm. Biz ərazi bütövlüyü məsələsini əsas götürəndə, qarşımıza xalqların öz müqəddəratını təyin etmək hüququnu qoyurlar. Halbuki, Abxaziya kimi oxşar problemdə biz bunu müşahidə etmirik. Abxazlar ermənilərlə müqayisədə aborigen xalq sayılır. Ermənilər isə Dağlıq Qarabağa yaxın tarixdə köçürülüblər. Yanaşmadakı fərqi görürsünüz? Mən bu canlanmanı müsbət hadisə kimi dəyərləndirirəm. Ancaq hesab edirəm ki, münaqişənin həllinə nail olmaqla bağlı açar daha çox Minsk Qrupuna üzv olan ölkələrin əlindədir, nəinki beynəlxalq qurumların. Bir faktı da etiraf edək ki, həmin qurumların da nəhəng ölkələr tərəfindən canlandırıldığı şübhə doğurmur. Çünki münaqişənin bu qədər dalana dirənməsi, Ermənistanın heç bir güzəştə getməməsi Minsk Qrupu ölkələrini də bir qədər çətin duruma salır. Yəqin ki, ATƏT, BMT vasitəsilə Ermənistana təzyiqlərin edilməsi üçün zəmin hazırlanır. Hər halda, ümidimizi üzməyək. Bilirsiniz ki, artıq separatizm dalğası Avropanın özünü də bürüyüb. Bu baxımdan da bu il ərzində hansısa addımların atılacağına ümid etməyə dəyər”.
Məhəmmədəli QƏRİBLİ