Məhəmməd Əsədullazadə: “Kremldən verilən açıqlamalar və Minsk Qrupunun fəaliyyəti yalnız status-kvonun saxlanmasına hesablanıb”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır”. Məlum olduğu kimi, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.
“Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq”, - deyə Rusiya XİN-in sözçüsü erməni jurnalistin Rusiyanın il ərzində həmsədr kimi aktivliyini artırıb-artırmayacağı ilə bağlı sualına cavabında söyləyib.
Onu da qeyd edək ki, 2016-cı ilin məlum aprel hərbi eskalasiyasından sonra Kreml münaqişənin həllində əsas moderatorluğu öz üzərinə götürərək, bütün təklif və həll variantlarını özü tərəflərə təqdim edir. Ancaq bütün bunlara baxmayaraq, ortada nəticə yoxdur. Zaman-zaman M.Zaxarova münaqişə ilə bağlı müxtəlif fikirlər səsləndirib. Lakin ortalıqda real həll variantı yoxdur. Belə olan halda, M.Zaxarovanın “danışıqlar prosesində effektivliyi artırmaq lazımdır” deməsi nə deməkdir? Ekspertlər buna necə yanaşırlar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, danışıqlarda effektivliyi artırmaq üçün Rusiya Ermənistana təzyiq göstərməlidir: “Bir neçə aydır ki, Ermənistanla Azərbaycan arasında diplomatik danışıqlar gedir, aktivlik var, effektivlik isə yoxdur. Bu effektivliyi artırmaq üçün ilk növbədə Rusiya Ermənistandan işğal olunmuş əraziləri boşaltmağı tələb etməlidir. Əgər il ərzində Rusiyanın bu tələbi olmayacaqsa, danışıqlarda effektivlik gözləməyək. Aparılan diplomatik danışıqlara bir zərbəni də AŞ PA-nın sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan vurdu. Sarkisyanın çıxışı sübut edir ki, bu komanda sülhə və sabitliyə əsas təhdiddir. Danışıqlar prosesində müsbət irəliləyişlər gözlənilmir.
Rusiyanın region siyasəti sülhə deyil, yeni münaqişələrin yaranmasına xidmət edir. Minsk Qrupunun bütün fəaliyyətini öz nəzarətinə alan Moskva bu il ərzində çalışacaq ki, cəbhədə atəşkəsi qoruyub saxlasın.
Təəssüf ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsi prioritet təşkil etmir. ABŞ-ın əsas diqqəti Gürcüstana və oradakı münaqişələrin həllində rəsmi Tiflisin siyasətini dəstəkləməyə yönəlib. Vaşinqton Qarabağ probleminin həllində fəaliyyətini təktərəfli artırsa, Rusiyanın iştirakı olmadan Ermənistana güclü təzyiq etsə, münaqişənin həllinə nail ola bilər. ABŞ-ın bu dəstəyi fonunda Azərbaycanda çox ciddi şəkildə qərbyönümlü siyasət formalaşar. Kremldən verilən açıqlamalar və Minsk Qrupunun fəaliyyəti yalnız status-kvonun saxlanmasına hesablanıb. Hazırda Qərbdən verilən dəstək yalnız diplomatik etiket xatirinədir. Hazırda Rusiyanın bütün davranışları onun Azərbaycanı Qarabağ məsələsində daha da çıxılmaz vəziyyətə salmaqdır. Fikir versək görərik ki, sentyabr ayından aparılan danışıqlarda əldə olunan razılıqlar yalnız Ermənistan tərəfindən irəli sürülən təkliflərdir. Bura atəşkəsin qorunub saxlanması və ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması daxildir.
Qeyd edim ki, cəbhədə monitorinq qrupunun sayının artırılması atəşkəsin saxlanmasına və Ermənistana hər hansı təzyiqlərin qarşısının alınmasına yönəlib. Rəsmi Bakı bu təkliflərlə razılaşmamalı, Ermənistana hərbi təzyiqləri artırmalı və snayperlərin fəaliyyətini genişləndirməlidir. İşğalçı ölkə özünü rahat hiss etdikcə, daha da aqressiv siyasət aparacaq”.
Vidadi ORDAHALLI