Daşdəmir Əliyev: “İnandırıcı versiya olmadığı üçün, Ermənistanın bu məsələdən hər hansı dividend götürəcəyinə inanmıram”
Ermənistan mətbuatı növbəti hiyləyə əl atıb. Bu dəfə yaydıqları növbəti dezinformasiya ilə onlar həm Azərbaycanı atəşkəs rejiminə riayət etməyən ölkə kimi qələmə verməyə çalışır, həm də Rusiya ilə Türkiyənin münasibətlərini korlamağa cəhd edirlər. Erməni KİV-ləri iddia edirlər ki, guya Azərbaycan Dağlıq Qarabağdakı qoşunların təmas xəttində əldədüzəltmə dronlardan istifadə edərək, onların mövqelərinə həmlələr edib.
Həmin məlumatda qeyd edilir ki, guya bu dronlarla Suriyadakı Rusiya bazalarına İŞİD tərəfindən endirilən zərbələrdə istifadə olunan dronlar eynilik təşkil edir. Vladimir Yevseyev adlı bir ekspertə istinadən bildirilir ki, Azərbaycan tərəfi yanvarın 21-22 də kustar üsulla düzəldilən sözügedən dronlar vasitəsilə ermənilərin mövqeyinə mina və qranatlar atıb. Sitat: “Bu dronlar Türkiyənin xüsusi sifarişi əsasında hazırlanıb. Rusiyanın Suriyadakı bazasına İŞİD tərəfindən edilən hücumlar zamanı bu vasitələrdən istifadə olunub, sonra həmin konstruksiya və texnika Azərbaycana verilib”. Daha sonra yazıda ekspertin açıqlamasına şərh verilir və bildirilir ki, Suriyadakı Rusiya bazasına edilən hücum dekabrın 31-dən yanvarın 6-na kimi davam edib. Həmin vaxt Rusiya İŞİD-ə verilən dəstəyə görə Türkiyəni ittiham edib. Sonra Putin bu işdə Türkiyənin əlinin olmadığını deyib, lakin bildirib ki, işin arxasında kimin durduğunu Ankara çox gözəl bilir. Məqalənin sonunda isə ermənilər əsl istədiklərini dilə gətirirlər. Bildirilir ki, dronlarla edilən bu cür hərəkətlər Ermənistana Rusiyadan xüsusi silah növlərini almağa əsas verir.
Bu cür məlumatları yaymaqla Ermənistan nəyə nail olmaq istəyir?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, ermənilər bu cür provokativ metodlardan daim istifadə edirlər: “Əsas məqsədləri odur ki, Rusiyanın fikrini bu prosesə cəlb etsinlər və onun dəstəyini alsınlar. Açıq-açığına Türkiyəni Azərbaycan vasitəsilə onlara həmlə endirməkdə şantaj edirlər. Görün şou müğənilləri kimi onlar gündəmdən düşməmək üçün hansı vasitələrə əl atırlar? Hansı amilləri bu məsələyə qatırlar? Suriya-İŞİD-Türkiyə-Rusiya-Azərbaycan. Bunlar bir müstəviyə sığan məsələlər deyil axı. Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququna malikdir. Bununla bağlı Ermənistana heç bir izahat verməyə də borclu deyil. Bəli, etiraf edirik ki, Azərbaycan Ordusunun arsenalında ən müasir silahlar var. Adlarını çəkmək istəmədiyim silah növlərilə biz düşmən tərəfdə kəşfiyyat aparmağa qadiriksə, kustar üsulla hazırlanan qurğulardan niyə istifadə etməliyik? Bizdə elə qurğular var ki, düşmənin hava hücumundan müdafiə sistemləri belə onları tutmaqda acizdir. Azərbaycan Ordusu heç vaxt kustar üsulla hazırlanan silahlardan istifadə etmir. Buna bizim ehtiyacımız da yoxdur. Məlumatın bu aspekti Ermənistanın nə dərəcədə primitiv dezinformasiya yaydığına əyani sübutdur. Onların digər məqsədi isə Rusiyadan kömək ummaqdır. Demək istəyirlər ki, görürsünüz, Türkiyə ilə Azərbaycan birləşib bizim başımıza bomba yağdırır, siz isə seyrçi qalıbsınız. İnandırıcı versiya olmadığı üçün, Ermənistanın bu məsələdən hər hansı dividend götürəcəyinə də inanmıram”.
Məhəmmədəli QƏRİBLİ