Elşən Mustafayev: “Vitse-prezidentin verdiyi bəyanat da pafosa hesablanıb və bu, ABŞ-Avropa münasibətlərinə ciddi formada təsir etməyəcək”
ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropaya ultimatum verib. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasında mühüm rol oynayan Mayk Pens Tramp administrasiyası və İsrail hökumətinin qarşı çıxdığı İranla nüvə razılaşması ilə bağlı Avropanı seçim etməyə çağırıb. “Avropa ABŞ-ı dəstəkləyəcək, yoxsa qüsurlu sazişə bağlı qalmaqda davam edəcək? Avropa bir qərar verməlidir” – deyə ABŞ-ın vitse-prezidenti bildirib.
Qeyd edək ki, 2015-ci ildə Barak Obamanın prezidentlik dövründə ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya (BMT TŞ-nin 5 daimi üzvü +1) İranla nüvə proqramından nüvə silahları istehsalında istifadə edilmədiyinə əmin olmaq məqsədilə uzun sürən mürəkkəb danışıqlar aparıblar. İran nüvə fəaliyyətlərinin tamamilə dinc xarakter daşıdığında israr edir. Danışıqlar nəticəsində İranın uran zənginləşdirilməsi proqramını məhdudlaşdırması müqabilində ölkə iqtisadiyyatına böyük ziyan vurmuş sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşma əldə edilib. Ancaq ABŞ prezidenti Donald Tramp bu razılaşmadan çıxmaqda israr edir.
ABŞ-ın vitse-prezidenti, faktiki olaraq. Avropa ölkələri qarşısında İranla bağlı şərt qoyur və demək istəyir ki, ya bizi seçin, ya da İranı. Məsələnin bu cür sərt formada qoyuluşu gələcəkdə ABŞ-Avropa münasibətlərinə nə vəd edir?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, Vaşinqtonun İrana qarşı ittihamçı bəyanatlarından sonra proseslər daha təhlükəli və həssas məcraya keçib: “Mütəxəssislər tərəflərin qarşılıqlı ittihamlarının ardınca real addımların mümkünlüyünü istisna etmir, o cümlədən Amerika ilə İran arasında münaqişəyə başqa böyük dövlətlərin qoşulması ehtimalından danışırlar. Bu sırada daha çox Rusiyanın adı çəkilir, Çin və Türkiyəyə işarələr verilir. İsrail və Səudiyyə Ərəbistanı ayrıca vurğulanır. Yaranmış vəziyyətə mənfi təsir edə biləcək başqa faktor kimi regional ziddiyyətlər göstərilir. Burada əsas olaraq Yaxın Şərqin böyük dövlətləri və supergüclər arasında olan mürəkkəb münasibətlər sisteminə vurğu edilir. Nəhayət, digər səviyyədə olan ziddiyyətlər mənbəyi kimi İranın daxili vəziyyəti göstərilir. Bu zaman müxtəlif amillərə işarə edilsə də, daha çox etnik münasibətlərdən bəhs edilir. Yekun olaraq ABŞ-İran qarşıdurmasının bütün dünya üçün təhlükə yaratdığı qənaəti alınır.
ABŞ-ın vitse-prezidentinin bu açıqlamanı məhz Yaxın Şərq turnesi çərçivəsində verməsi də təsadüfi deyil. Qeyd edim ki, Avropa Birliyi ölkələri heç də ABŞ-ın bütün qərarlarına ikiəlli razı olmurlar. Bəzən məcburiyyət qarşısında onunla həmrəylik nümayiş etdirirlər.
İranla ABŞ arasında münasibətlərin sərinliyi 40 ildir davam edir. Həmin etaplarda İrana tətbiq edilən sanksiyalara baxmayaraq, Avropa şirkətlərinin çoxu Tehranla ticarət edirdi. Ola bilməzdi ki, dünyanın ən nüfuzlu ölkələrindən olan ABŞ kimi ölkənin kəşfiyyatı bunu bilməsin. Sadəcə göz yumurdu. Hazırda da Avropanın bəzi ölkələri Rusiyaya tətbiq edilən sanksiyalara qarşıdır. Onlar Rusiya ilə ticari əlaqələrinin olmasında maraqlıdırlar. Hətta bunu açıq bəyan edən ölkələr də var. ABŞ-ı belə sərt mövqe tutmağa vadar edən bölgədəki vəziyyət, xüsusilə də Rusiya ilə İranın yaxınlaşmasıdır. Vaşinqton bu həlqənin daralmasına çalışır. Bilirsiniz ki, Obamanın prezidentliyinin son dönəmində İranla müəyyən razılıq əldə olundu və yumşalma yaşandı. Tramp hakimiyyətə gələn kimi İrana qarşı sərt mövqe tutdu. ABŞ prezidentinin səsləndirdiyi bəyanatların heç də hamısı ciddiyə alınmır. Fikir verin, seçkidən bu tərəfə onun elə bəyanatı olub ki, dərhal əməl olunub, elələri də var söz olaraq qalıb. Qüdslə bağlı məsələnin BMT-də müzakirəsi zamanı Tramp ölkələri onlara ayrılan yardımı dayandıracağı ilə hədələdi. Nəticə nə oldu? ABŞ seçkini uduzdu, Trampın dedikləri də öz yerini tapmadı. Bu baxımdan da Avropa ölkələri heç də ABŞ tərəfindən səslənən hər bir bəyanatı dərhal icra etməkdə maraqlı deyillər. Hesab edirəm ki, vitse-prezidentin verdiyi bəyanat da pafosa hesablanıb və bu, ABŞ-Avropa münasibətlərinə ciddi formada təsir etməyəcək”.
Məhəmmədəli QƏRİBLİ