Türkiyənin Afrində həyata keçirdiyi uğurlu antiterror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı getdikcə daha böyük qorxuya salmaqdadır. İndi erməni tərəfinin yeganə təsəllisi odur ki, ABŞ və Rusiya Türkiyəyə Suriyada əməliyyat zonasını genişləndirməyə imkan verməyəcək. Amma Ankara, belə görünür, ermənilərin bu təsəllisini də alt-üst edəcək.
Məsələ burasındadır ki, erməni tərəfi Türkiyənin əməliyyatı Afrinlə yekunlaşdırcağını güman edərək, onun Menbiçə qədər uzanmayacağına böyük ümid bəsləyir. Erməni ekspert Semyon Baqdasarov da ümid etdiklərini bildirib ki, ABŞ “Zeytun budağı” hərəkatının Menbiçə qədər uzanmasına icazə verməyəcək: “ABŞ Afrindəki hadisələrlə bağlı məsafə saxladı. Çünki bura Rusiyanın təsir dairəsindədir. Lakin Türkiyə əməliyyatı Menbiçə qədər davam etdirmək istəsə, ABŞ buna əngəl olacaq. Çünki bu şəhərin qərbində ABŞ-ın cavabdehlik daşıdığı ərazi başlayır”. O bildirib ki, Türkiyə Afrindən sonra hərbi əməliyyatların miqyasını genişləndirsə, Ermənistan həqiqətən də narahat ola bilər. Çünki belə vəziyyətdə Suriyanın ardınca Ankaranın Cənubi Qafqazda da mövqelərinin güclənməsini gözləmək olar. Bu da Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək. Xatırladaq ki, daha əvvəl erməni politoloq Ruben Safrastyan da Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişənin Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.
Yuxarıda qeyd olunduğu kimi, indi ermənilər əsas ümidlərini Türkiyənin Suriyada daha böyük nailiyyətlərə imza ata bilməməsinə bağlayıb. Onlar Rusiya və ABŞ-ın Türkiyəni durduracağına inanırlar. Xüsusən də ABŞ prezidenti Donald Trampın Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti ermənilərin ümidlərini bir qədər artırıb. Qeyd edək
ki, Afrində vəziyyət telefon söhbəti zamanı müzakirələrin mərkəzində olub. Tramp Afrin bölgəsində zorakılığın artması ilə bağlı narahatlıqlarını bildirərək, bunun Suriyada iki ölkənin bölüşdüyü ümumi maraqlara risqlər yarada biləcəyini qeyd edib. O, Türkiyəni gərginliyi artırmamağa, hərbi əməliyyatlarını məhdudlaşdırmağa qaçqınların sayının artmasına yol verməməyə çağırıb. O, həmçinin, Türkiyəni ehtiyatlı davranmağa və Türkiyə və Amerika qüvvələri arasında münaqişə risqi yarada biləcək hər hansı bir hərəkətə yol verməməyə çağırıb. Ərdoğan isə bildirib ki. əməliyyat özünümüdafiə çərçivəsindədir: "Zeytun budağı" təhlükəsizliyimiz üçün vacibdir".
Bu açıqlamadan aydın görünür ki, ABŞ Afrin əməliyyatlarının dayandıırlmasını, ən azından, qısa zamanda bitməsini istəyir. Amma Ankara məsələyə tamam fərqli prizmadan yanaşır. Hətta Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç və Fərat çayının şərq sahillərində də əməliyyatların başladılacağını istisna etməyib: "Hazırda əsas hədəfimiz Afrin və oradakı terrorçulardır. Bu əməliyyatdan sonra və ya buna paralel olaraq Menbiç və Fərat çayının şərqində də yeni əməliyyatlara başlaya bilərik. Vaxtilə bu bölgə ilə bağlı ABŞ bizə verdiyi vədə əməl etmədi". Çavuşoğlu bir daha bəyan edib ki, Türkiyənin hədəfi kürdlər deyil: "Bunu dəfələrlə bəyan etmişik. Hədəfimiz terrordur. Afrində PKK-nın qolu olan PYD, YPG kimi terror qrupları ilə yanaşı, İŞİD də var. Onlar Afrindən sərhədimizi keçərək, Türkiyədə terror törətməyə çalışırdılar. Eyni zamanda, sərhədi keçərək Fransa kimi ölkələrə getməyə cəhd edirlər. Afrində İŞİD-lə YPG-nin arasında işbirliyi var. Biz də onları məhv edirik".
Türk nazir Afrin əməliyyatına başlamaq üçün Rusiya və Suriya ilə bir anlaşma olub-olmadığı haqda da suala cavab verib: "Biz heç bir ölkə ilə anlaşmadıq. Sadəcə, gərəkli ölkələrə əməliyyat haqqında bilgi verdik. Suriya rejimindən də icazə istəmədik. Bir sözlə, bu əməliyyatla bağlı kimsə ilə bazarlıq ya da anlaşmamız olmayıb. Bu əməliyyat Türkiyənin təhlükəsizlik məsələsidir". Baş verənlərlə bağlı ABŞ-da çıxan “Al-Monitor” dərgisi yazır ki, Rusiya Türkiyənin əməliyyatları davam etdirməsinə razıdır, ABŞ-la isə vəziyyət fərqlidir: “Əməliyyatın ilk günündə 72 hava həmləsi Moskvanın ona “yaşıl işıq” yandırmasına sübutdur. Bu faktı Moskva İnnovasiya İnstitutunun İslam Araşdırmalar Mərkəzinin rəhbəri Kirill Semyonov da vurğulayıb: "Türkiyənin Afrinə yönəlik əməliyyatı, xüsusilə türk hava qüvvələrinin Suriya hava sahəsini istifadə etdiyini nəzərə alsaq, yalnız Rusiya tərəfi ilə razılaşmalar nəticəsində baş verə bilərdi". Rusiyadan fərqli olaraq, Ankaranın hərəkətləri ABŞ səlahiyyətlilərinə narahatlıq gətirir, çünki Ərdoğan ABŞ qüvvələrinin olduğu Fəratın şərqindəki Menbiç şəhərinin Türkiyənin növbəti hədəfi olacağına dair xəbərdarlıq edir. Pentaqon sözçüsü adını vermədən bildirib ki, Menbicdəki qüvvələr özlərini və müttəfiqlərini istənilən hücumdan müdafiə edəcək. Analitiklər türk ordusunun Menbic əməliyyatının Afrin əməliyyatdan daha çətin olacağını və türk ordusunun ABŞ qüvvələrinə qarşı döyüşmək məcburiyyətində qalacağını söyləyir”. Amma görünən odur ki, ABŞ-ın hədələri Ankara üçün əhəmiyyət kəsb etmir və Türkiyə, Afrində olduğu kimi, Menbiçi də terrorçulardan təmizləməkdə israrlıdır. Bu isə erməni tərəfini də qorxudan addımlardandır. Ermənistan rəsmiləri və erməni politoloqları məhz bu fonda "Zeytun budağı" əməliyyatından olduqca narahatdır. Bəzi erməni politoloqlar bu əməliyyatın Qarabağda da təkrarlana biləcəyinin mümkünlüyünü bildirir.
NAHID