Mövcud Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllini uzatması bu gün Serj Sarksiyan iqtidarının əleyhinə işləyən əsas məqamlar sırasında yer almaqdadır. Belə görünür ki, bu amil prezident və baş nazir seçkilərində hakimiyyətə qarşı daha geniş şəkildə istifadə olunacaq məqamlardan birinə çevriləcək. Artıq bir çox müxalif dairələrdə məsələ getdikcə daha aktiv şəkildə gündəmə gətirilməkdə, Ermənistanın məhz Qarabağ konflikti üzündən çox acınacaqlı duruma düşməsi açıq şəkildə bəyan edilməkdədir.
Sarkisyan hakimiyyəti hazırda Qarabağ məsələsində ona yönəlmiş ittihamların qarşısına hansısa əks arqument qoymaqda acizlik çəkir. Məsələn, orduda artan itkilər fonunda indi hökumət əleyhinə çox sərt ittihamlar səslənir. Ermənistanın “Sülh dialoqu” ictimai təşkilatının yalnız rəsmi rəqəmlər əsasında hazırladığı hesabatda bu xüsusda bildirilir ki, Ermənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki qeydə alınıb. Hesabatda qeyd olunur ki, 7 il ərzində itkilərin 235-i döyüş şəraitində baş verib. 296 ölüm halı isə ordudaxili amillərlə bağlıdır. Bura qətllər, intiharlar, ehtiyatsız hərəkətlərə görə baş verən bədbəxt hadisələr, yararsız olanların orduya çağırılması kimi hallar daxildir. Statistikaya görə, qeyri-döyüş şəraitində qeydə alınan ölümlərin 56-sı qətl, 69-u intihar, 90-ı bədbəxt hadisə, 39-u sağlamlıq, 16-ı təhlükəsizlik qaydalarının pozulması, 9-u isə yuxarıların səhlənkarlığı ucbatından baş verib. Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub. Erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, ordu daxilində baş verənlər daha çox ölümə səbəb olur, nəinki rəqibin gülləsi: “Erməni anaya necə demək olar ki, sənin oğlun döyüşdə yox, komandir tərəfindən qətlə yetirilib, yaxud təhqirlərə dözməyərək intihar edib?! Məhz bu hadisələrə görə erməni valideynlər övladlarının Qarabağa getməməsi üçün bütün vasitələrə əl atır. Ermənistan ordusuna rəhbərlik edənlər təkcə bacarıqsız deyil, həm də tamahkardırlar. Onlar üçün dövlətin ən əhəmiyyətli sosial institutu qazanc mənbəyinə çevrilib. Bu gün Seyran Ohanyanın, Manvel Qriqoryanın, Yuri Xaçaturovun, Seyran Saroyanın, Aykaz Baqmanyanın və digərlərinin Ermənistanın ən varlı adamları olması əbəs yerə deyil. Bu gün orduya paqonlu oliqarxlar nəzarət edir. Onlar ordunun əmlakını satır, gənclər isə qeyri-döyüş şəraitində məhv olur. Seyran Ohanyan vəzifədən gedəndə müəyyən ümidlər yaranmışdı, lakin Vigen Sarkisyan ondan daha pis oldu”. Erməni şərhçi əhalini etiraz etməyə çağırıb: “Övladlarımızın məhv olmasına göz yuma bilmərik, bu statistika sistemə qarşı çıxmağa əsas yaradır”.
Bununla yanaşı, Tevos Arşakyan qeyd edir ki, Sarksiyan baş nazir qismində ölkənin idarəçiliyini davam etdirsə, onda Qarabağ məsəəlsində hansısa irəliləyiş gözləməyə dəyməz və bu durumda orduda yaşanan itkilər də ən azı eyni templə davam edəcək. Onun fikrincə, buna ölkə cəmiyyəti, siyasi qüvvələr qətiyyən yol verməməlidirlər. O bildirir ki, bu gün erməni hərbçilərinin böyük əksəriyyəti, o cümlədən zabitlər belə Qarabağda xidmətdən qaçmaq üçün ən müxtəlif yollara baş vururlar: “Ermənistan ordusunun zabitləri belə işğal altında olan Qarabağda xidmətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Elə bu günlərdə Qarabağda yerləşən hərbi hissələrdən birində xidmət edən kapitan Arayik Hovanesyan rüşvət verərək xidmət yerini Ermənistan Müdafiə Nazirliyinə dəyişib. Ardınca Hovanesyan hazırda Dağlıq Qarabağda xidmətdə olan yüksək vəzifəli tanışına rüşvət verməklə, Madagiz yaşayış məntəqəsində kəşfiyyat xidmət rəisi vəzifəsində olan qardaşı, baş leytenant Artur Hovanesyanın da xidmət yerini dəyişməyə cəhd edib. Belə halların sayı kifayət qədər çoxdur. Bu, Sarksiyan iqtidarının Qarabağ siyasətinin konkret nəticələridir“.
Ordu amili ilə yanaşı, belə məqamlara da xüsusi diqqət çəkilir ki, Qarabağ hadisəsi üzündən Ermənistanın sosial-iqtisadi tənəzzülü durmadan dərinləşir, ölkə bütün regional layihələrdən kənarda qalır. Bu xüsusda erməni politoloqları açıq şəkildə son illər ərzində Azərbaycanın Ermənistanın bölgədəki mövqelərini bərbad hala saldığını qeyd edir. Onların fikrincə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun qalmasında maraqlı olduğuna görə bütün əhəmiyyətli layihələrə həsrətlə baxır. İndilikdə Ermənistan hökuməti ölkəni bu durumdan çıxarmaq üçün cəmiyyətə müxtəlif vədlər versə də, onların heç birinin həyata keçməyəcəyi hamıya məlum olan faktdır. Məsələnin bu tərəfinə nəzər salan israilli ekspert Arye Qut qeyd edir ki, regiondakı layihələrdən kənarda qalan Ermənistanın vəziyyəti getdikcə ağırlaşacaq: ”Ermənistanın indiki siyasi elitasının keyfiyyəti Azərbaycanla Ermənistan arasında münaqişənin tənzimlənəcəyinə ümid yaratmır. Ölkədə vəziyyət son dərəcə mürəkkəbdir. Bu gün mübahisəsiz faktdır ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir geosiyasi və ya geoiqtisadi layihə həyata keçirilə bilməz. Ermənistan faktiki olaraq özünü tamamilə təcrid edib. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin, sonra isə Ermənistan xalqının problemidir. Prezident Sarkisyan və onun kriminal-oliqarxik klanı üçün Azərbaycanla müharibə, yəni Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi öz siyasi hakimiyyətini qoruyub saxlamaq üçün real imkandır. Ermənistan prezidenti öz ölkəsinin müstəqilliyi barədə danışmağı xoşlayır, lakin danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”. Onun bu fikirlərini erməni ekspert Sarkis Artsruni də bölüşür və yazır ki, Qarabağ probleminin həlli Sarksiyan iqtidarının da sonunu gətirəcək: “Serj Sarksiyanın Dağlıq Qarabağ siyasəti ölkəni sonu görünməyən macəraya sürükləyir. Ümumiyyətlə, Ermənistan hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil. Hakimiyyət bu məsələdə əsasən şəraiti və ani maraqları rəhbər tutur. İrəvan status-kvonun möhkəmləndirilməsi siyasəti aparırsa, bu, Bakı ilə uzunmüddətli qarşıdurma deməkdir. Yəni Azərbaycana qarşı sistemsiz Ermənistan dayanacaq. Hakimiyyətin isə Qarabağla bağlı heç bir konsepsiyası yoxdur. Bu vəziyyət isə ən çox Ermənistanın özünə zərər vurur”.
Məsələ ilə bağlı “Jamanak” qəzeti yazır ki, ciddi tənəzzül yaşayan Ermənistanın dövlət borcu durmadan artır. O da vurğulanır ki, bütün bunlar ölkənin sosial-iqtisadi durumunun ağır olduğunu göstərir və belə vəziyyət mövcud hakimiyyətin yarıtmaz siyasəti, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan qaynaqlanır. Bu səbəbdən də Ermənistan daxilində mövcud hakimiyyətə qarşı narazılıq dalğası sürətlə böyüyür. Bununla bağlı “Erməni dirçəlişi” təşkilatının Paris şöbəsinin koordinatoru Şant Voskerçyan qeyd edir ki, Sarkisiyanın hakimiyyət dövrü, Qarabağ məsələsinin həllinin uzanması da daxil olmaqla, ölkəyə çoxsaylı problemlər qazandırıb: “Bu gün həmin şəxs yenə Ermənistanda idarəçilik başında qalmaq istəyir. Seçki yolu ilə prezident olmayan Serj Sarksiyan konstitusiya dəyişikliklərini də o məqsədlə edib ki, özü və dəstəsi ölkənin sükanı arxasında daimi qalsın. Bu azmış kimi, son vaxtlar özünü göstərən bahalaşma sırf süni xarakter daşıyır, Serj və dəstəsinin varlanmasına xidmət edir. Erməni xalqı bürün bunlara daha dözməməlidir”.
Erməni diasporunun Rusiyada olan nümayəndəsi Armen Xaçatryan da hazırda hakimiyyətdə olanların yalnız öz şəxsi maraqlarını güddüklərini, Ermənistanın müstəqilliyini şəxsi mənfəətləri üçün qurban verdiklərini qeyd edir: ”Bütün bunları sübut edən faktların sayı kifayət qədərdir. Hamıya maraqlıdır, necə olur ki, Qarabağdan gəlmiş və bir qəpiyi də olmayan prezident Rusiyada və digər ölkələrdə səhmlər alır, ailəsi biznesə milyonlar qoyur? O da hamıya maraqlıdır ki, Sarksiyan bütün bunlara nail olduğu halda Ermənistanda xalq acından ölür?. Sarksiyan və onun ətrafında olanlar üçün müqəddəs heç bir şey yoxdur, Qarabağ problemi isə hakimiyyəti əllrində saxlamaq üçün bu gün də istifadə edilir”. Armen Xaçatryan belə vəziyyətdə Sarksiyanın baş nazir postunu tutmasının Ermənistanın problemlərinin daha da dərinləşməsinə gətirib çıxaracağını vurğulayır. Hesab edilir ki, Ermənistan siyasətçiləri gec-tez bu dövlətin xarici siyasətində dəyişiklik etməyə, qonşu ölkələrlə münasibətlərə yenidən baxmağa, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini dəyişməyə məcbur olacaqlar. Amma bu prosesə indilikdə hakimiyyətin müqaviməti Ermənistanın özünə kifayət qədər zərər vurur. Halbuki, Ermənistan dövlətinin xarici siyasətində dəyişiklik etməsi, bütövlükdə Cənubi Qafqazda sülhün bərpasına xidmət edə bilər. Eyni zamanda o da faktdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistan inkişaf etməyəcək. Məhz bütün bunlar indi daha qabarıq şəkildə gündəmə gətrilir və seçki ərəfəsində hakimiyyətə qarşı əsas arqument qismində istifadə olunur. Sarksiyan və komandası isə, yuxarıda qeyd olunduğu kimi, bütün bu arqumentlər qarşısında acizdir.
Digər tərəfdən real vəziyyətin təhlili göstərir ki, Qarabağ münaqişəsinin həlli uzanmaqda davam etsə, Ermənistanı daha böyük problemlər gözləyir.
Xarici Siyasət üzrə Amerika Şurasının analitiki Stiven Blank bunun bir səbəbini də Rusiya amilində görür: ”Rusiyaya, xüsusən də onun hərbi-sənaye kompleksinə qarşı tətbiq edilən yeni Amerika sanksiyaları Moskva ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən ölkələrə də təsir edə bilər. Bu fonda Ermənistan Rusiyadan böyük silah və hərbi texnika partiyaları almağa davam edərsə, bir sıra sürprizlərlə qarşılaşacaq. Bu durumda ABŞ-ın Ermənistanı sanksiyalara ”qonaq etməsi” tamamilə təbiidir”. Aydındır ki, hadisələr qeyd olunan səpkidə inkiaşf etsə, Ermənistanın çöküşü daha sürətli xarakter alacaq. Bu da cəmiyyətdə hakimiyyətə qarşı narazılıq dalğasının daha da böyüməsinə rəvac verəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.