Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan prezidenti Serj Sarkisyan arasında ötən günki görüş çox gərgin keçib. APA-nın məlumatına görə, bu barədə "İzvestiya” qəzeti Rusiyanın İrəvandakı səfirlikdəki mənbəyə istinadən yazıb.
Bildirilir ki, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzu olduğuna görə görüş belə məcrada keçib: "Rusiyanın İrəvandakı nümayəndəliyi bu ölkədə artıq işləyə bilmir. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar. Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Həmçinin Moskva Rusiya mövqeyini təbliğ edəcək erməni QHT-lərini artıq maliyyələşdirmir. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur”.