Səudiyyə Ərəbistanı münaqişənin başladığı fevral ayından bəri ilk dəfə Məkkə yaxınlığında mümkün PUA hücumları ilə bağlı xəbərdarlıqlardan sonra husilərə qarşı "çəkindirici tədbirlər" görməkdən çəkinməyəcəyini bəyan edib.
Çərşənbə günü Yəməndəki husi üsyançıları Səudiyyəyə məxsus qırıcı təyyarəni vurduqlarını elan edərək, təyyarəni vurmaq üçün yerli istehsal olan sursatlardan istifadə etdiklərini iddia ediblər. Husi hərəkatının hərbi sözçüsü Yəhya Sarea sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, "Allahın köməyi və lütfü ilə Yəmən silahlı qüvvələri düşmənçilik əməliyyatları həyata keçirən Səudiyyəyə məxsus F-15 qırıcı təyyarəsini vurmağa nail olub". Səudiyyə Ərəbistanını 450 zərbə endirməkdə ittiham edən Sarea təyyarənin yerli istehsal olan "hava-hava" tipli raketlə vurulduğunu bildirib. Sözçü həmçinin husilərin müqəddəs Məkkə şəhərini hədəf aldığına dair Səudiyyənin iddialarını rədd edib.
"Əməliyyatlarımız müqəddəs məkanlardan uzaqda yerləşən neft infrastrukturu və hərbi bazaları hədəf alır", - deyə bildirən sözçü əlavə edib ki, "cinayətkar Əl-Səud rejiminin yaydığı uydurma və yalanlar heç kimi aldada bilməz". Səudiyyənin rəhbərlik etdiyi koalisiya isə cavab tədbirləri görəcəyini vəd edərək, müqəddəs məkanların təhlükəsizliyinin "qırmızı cizgi" olduğunu vurğulayıb. Koalisiyanın sözçüsü Türki əl-Malikinin "X" platformasında yaydığı bəyanatda deyilir: "İki Müqəddəs Məscidin və zəvvarların təhlükəsizliyi qırmızı cizgidir və Koalisiyanın Birləşmiş Qüvvələr Komandanlığı husi terrorçu milislərinə qarşı zəruri və çəkindirici tədbirlər görməkdən çəkinməyəcək".
SAMİRƏ