Yadigar Məmmədli: “Onlar müəyyən mərkəzlərin sifarişləri əsasında Azərbaycanı məqsədli şəkildə hədəf alırlar”
Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı daha sonra bunları əlavə edib: “Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
Görünən odur ki, Avropa Parlamenti bütün bunları nə qədər gizlətməyə çalışsa da, vaxt gələr buna görə tarix qarşısında cavab verəcəklər. Bunları daim gizlədə bilməyəcəklər.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, Avropa Parlamentində mövcud olan pozuntuların zaman-zaman şahidi olmuşuq: “Dəfələrlə Avropa Parlamentində Azərbaycana qarşı ədalətə söykənməyən qərarlar qəbul edilib. Yəni reallıqları əks etdirməyən, ölkəni qaralayan böhtan xarakterli qətnamələr qəbul edilib. Zaman-zaman Avroparlament Azərbaycanı regionda geri qalan ölkə kimi təqdim etməyə çalışıb. İnsan haqları, mətbuat azadlığı kimi məsələlərdə ölkəmiz davamlı olaraq hədəfə alınıb. Ancaq Azərbaycanla bağlı qərəzli hesabat hazırlayan deputatlar barəsində aparılan araşdırmalar onların əsil simasını ortaya çıxarıb. Məlum olub ki, bu şəxslər rüşvətxorların başında gəlirlər. Bir sıra çoxsaylı neqativ hallara yol verdikləri ortaya çıxıb. Ona görə də belə rüşvətxor şəxslərin ədalətdən, insan haqlarından danışmağa mənəvi haqqı yoxdur. Çünki özləri bir nömrəli rüşvətxordular. Bu baxımdan cənab Prezidentin toxunduğu məsələlər doğrudur. Onlar müəyyən mərkəzlərin sifarişləri əsasında Azərbaycanı məqsədli şəkildə hədəf alırlar. Ölkəmizin imicinə zərər vurmağa çalışırlar. Bəzi hallarda buna nail olurlar, amma müəyyən müddət keçəndən sonra onların əsil siması ortaya çıxır. Avropa Parlamenti öz çirkin əməllərini nə qədər gizlətməyə çalışsa da buna tam nail ola bilmir. Hansısa mərhələdə onların çoxsaylı pis işləri ortaya çıxıb. Məlum olub ki, bunlar korrupsiya bataqlığının içindədilər. Hesab edirəm ki, bu faktlar onların ifşa edilməsində mühüm rol oynayacaq”.
Vidadi ORDAHALLI