Seyid Camal Əzimbəyli: “Müsəlman dövlətləri daxilində hərbi birliklər onların təhlükəsizliyinin etibarlı təmin olunması deməkdir”
Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib.
“Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Türk-İslam birliyi bizim nicatımızdır: “Bunu ötən illərin təcrübəsi də sübut etdi. Cənab Prezident doğru qeyd etdi ki, Türk dünyası, İslam aləmi bir yerdə olsa, bizə qarşı ədalətsizliklər olmaz. Çünki birliyimiz buna imkan verməz. Zamanında bu birlik olsaydı, İslam dünyası vahid mövqe sərgiləsəydi 90-cı illərdə ərazilərimiz işğal edilməzdi. Başımıza bu müsibətlər gəlməzdi. Ona görə də keçmişdən ciddi dərs çıxarmaq lazımdır. Son illər türk dövlətləri arasında inteqrasiya güclənir. Xüsusən də Türkdilli Dövlətlər Təşkilatının inteqrasiyaya yönəlik ardıcıl və çoxşaxəli addımları ümidləri artırır. Nə qədər çox iqtisadi əməkdaşlıq qurulsa, birgə layihələr həyata keçirilsə, bu, bir o qədər həmin ölkələrdə sosial-iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək. Digər tərəfdən birgə hərbi təlimlər, ittifaqlar təhlükəsizlik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. O cümlədən, müsəlman ölkələri arasında hərbi ittifaqların qurulmasına ehtiyac var. Müsəlman dövlətləri daxilində hərbi birliklər onların təhlükəsizliyinin etibarlı təmin olunması deməkdir. O baxımdan hesab edirəm ki, İslam ölkələri bu yöndə səylərini artırmalıdılar”.
Vidadi ORDAHALLI