Sentyabrın 1-də Qırğızıstan prezidenti Sadir Japarovun sədrliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının növbəti iclası və "ŞƏT Plus" formatında zirvə görüşü keçiriləcək.
Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşlərdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistan Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Çin Prezidenti Si Cinpin, Pakistan Baş naziri Şahbaz Şərif, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Toqo Respublikası Nazirlər Şurasının sədri For Essozimna Qnassinqbe, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqloun Sisulit, Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan və Misir Baş nazirinin müavini Hüseyn İsa iştirak edəcəklər.
Beynəlxalq təşkilatları ŞƏT-in baş katibi Nurlan Yermekbayev, ŞƏT Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktoru Ularbek Şarşeyev, BMT-nin baş katibi Antonio Quterreş, MDB-nin baş katibi Sergey Lebedev, KTMT-nin baş katibi Taalətbek Masadıkov, AİK-nin İdarə Heyətinin sədri Bakıtjan Saqintayev və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay təmsil edəcək.
Dövlət başçıları beynəlxalq və regional gündəlikdəki cari məsələləri, təşkilatın gələcək inkişafı üçün prioritet sahələri, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ətraf mühit və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.
Görüşdən sonra ŞƏT-in iyirmi beşinci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi, çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlər və qərarlar, eləcə də dövlət başçılarının bir sıra tematik bəyanatları imzalanacaq.
Qarşıdan gələn sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyinin əsas yekun tədbiri olacaq və "ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə" devizi altında keçiriləcək.
Tahir TAĞIYEV