Ceyhun Məmmədov: “Ermənistanın bu absurd iddiaya görə Rusiyadan uzaqlaşdığını iddia etmək doğru deyil”
Ermənistanın Rusiyanı strateji tərəfdaş hesab etməməsi üçün əsasları var. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
Baş nazir jurnalistlərin 2026–2031-ci illəri əhatə edən hökumət proqramında Rusiyanın strateji tərəfdaş kimi göstərilməməsinin səbəbi ilə bağlı sualını belə cavablandırıb: “2022-ci ilin sentyabr hadisələrindən sonra strateji tərəfdaşlıqdan danışmaq… bu, həqiqətən də strateji tərəfdaşlıq demək olmalıdır. Əgər indi yazsaq ki, strateji tərəfdaşdır, siz məndən soruşacaqsınız ki, niyə Rusiya və KTMT 2022-ci ilin sentyabrında təhlükəsizlik sahəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər? Mən sizə buna nə cavab verməliyəm?”.
Məlumat üçün qeyd edək ki, 2022-ci ilin sentyabrında Ermənistan Azərbaycana qarşı təxribat törədib. Azərbaycan cavab olaraq lokal hərbi əməliyyatlara başlayıb. Ordumuz erməni mövqelərinə zərbələr endirib. Ermənistan buna görə KTMT-nin müdaxilə etməsini istəyib. Təşkilat bundan imtina edib. Çünki bunun üçün hüquqi, hərbi əsas olmayıb. O vaxtdan Ermənistan bunu bəhanə edərək guya bu səbəbdən Rusiyadan uzaqlaşmaq kursu götürdüyünü iddia edir. O baxımdan Paşinyanın hər şeyi 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmaya bağlamasının siyasi əsası varmı?
Bununla bağlı baki-xeber.com-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, bu tezis, bu yanaşma ilk dəfə deyil Paşinyan tərəfindən irəli sürülür: “Dəfələrlə Paşinyanın bu cür açıqlamalarla çıxış etdiyini, buna görə Rusiyanı günahlandırmasını görmüşük. Ənənəvi olaraq Paşinyan belə iddialarla çıxış edir. Hesab edirəm ki, Paşinyanın əsaslandırması doğru deyil. Yəni Ermənistanın bu absurd iddiaya görə Rusiyadan uzaqlaşdığını iddia etmək doğru deyil. Bu, olmasaydı belə, Ermənistan Rusiyadan uzaqlaşacaqdı. Çünki hakimiyyətə gələn Paşinyanın məqsədi bu idi. Ermənistanın siyasətində, strategiyasında Rusiyadan tamamilə uzaqlaşmaq niyyəti, istəyi, təşəbbüsü var. Getdikcə bu, daha çox özünü göstərir. Sadəcə, buna Paşinyan don geyindirmək üçün 2022-ci ildəki prosesləri əsas gətirir. Əslində məsələyə diqqətlə baxanda, prosesləri təhlil edəndə məlum olur ki, məsələlər heç də Paşinyanın dediyi kimi deyil. Bu, sadəcə, bir bəhanədir. 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində lokal toqquşmalar baş verməsəydi belə, Paşinyan onsuz da Rusiyadan uzaqlaşacaqdı. O anlamda prosesə baxanda biz bunu görürük və anlayırıq. Ermənistan tərəfi müxtəlif vasitələrlə çalışır ki, buna başqa don geyindirsin. Ancaq reallıq heç də belə deyil”.
Vidadi ORDAHALLI