Əli Mustafa: “Moskva istəmir ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalansın”
“Daxildə və xaricdə sülhü pozmağa və eskalasiyaya səbəb olmağa çalışan qüvvələr var”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Daha sonra Paşinyan bunları qeyd edib: “29 743 kvadratkilometr Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Hazırda Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı müzakirələr aparılmır. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı problemlər qalır. Daxildə və xaricdə sülhü pozmağa və eskalasiyaya səbəb olmağa çalışan qüvvələr var”.
Ermənistan daxilində sülhü pozmaq istəyən qüvvələr məlumdur. Maraqlıdır, Paşinyan “xaricdə sülhü pozmağa və eskalasiyaya səbəb olmağa çalışan qüvvələr var” deyərkən kimləri nəzərdə tutur?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Paşinyanın xarici qüvvələr deyərkən birmənalı olaraq Rusiyanı nəzərdə tutur: “Ermənistanın indiki siyasi kursu, Avroatlantika kursudur. Bu da əlbəttə ki, Rusiyanın ürəyincə deyil. Ona görə də Kreml açıq şəkildə deyir ki, ya Avropa İqtisadi İttifaqı, ya da Avropa İttifaqı. Ya KTMT, ya da Avroatlantika. Odur ki, burada həll olunmayan bir məsələ yoxdur. Rusiya çox istəyir ki, keçmiş postsovet məkanı onun işğal, təsir zonasında qalsın. Ancaq regionda yerləşən dövlətlər Rusiyadan xilas olmağa çalışırlar. O cümlədən, Ermənistanı. Rusiya isə Ermənistanı öz təsir dairəsində saxlamaq üçün bütün vasitələrə, təxribatlara əl atır. Moskva istəmir ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalansın. İki tərəf arasında gərginlik tam aradan qalxsın. Çünki Rusiya Qarabağın işğalı hesabına öz təsir dairəsini uzun illər Ermənistanda qoruya bilib. Bundan istifadə edərək Azərbaycana təzyiq göstərib. Qarabağ azad ediləndən sonra bu təsir vasitəsi əldən çıxıb. Belə baxanda Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə, həm də Ermənistanın müstəqilliyini təmin etdi. Paşinyan realistdir və anlayır ki, vaxt itirmək olmaz. Nə qədər ki, Rusiyanın başı Ukraynaya qarışıb ölkənin müstəqilliyini möhkəmləndirmək üçün addımlar atmaq lazımdır. Fikrimcə, Paşinyanın siyasəti buna yönəlib. Paşinyan çalışır ki, Ermənistanın həmsərhəd olduğu 4 ölkə ilə - Gürcüstan, İran, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurub bunu inkişaf etdirsin. Bu, o demək deyil ki, Ermənistan Rusiya ilə düşmən olmaq istəyir. Təbii ki, yox. Sadəcə Paşinyan istəmir ki, Ermənistan Rusiyanın forpostu olsun. Rusiya isə bununla barışmaq istəmir. Sadəcə, vəziyyət və şərait Rusiyaya imkan vermir ki, Ermənistana qarşı güc tətbiq etsin. Bu məsələdə Ermənistanın üstünlüyü odur ki, Rusiya ilə quru sərhədinə malik deyil. Bütün hallarda reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz tədricən Rusiyanın nüfuz dairəsindən çıxır”.
Vidadi ORDAHALLI