Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti və hərbi ekspert Vladimir Yeranosyan bildirib ki, Ermənistan hökumətinin Rusiyaya qarşı atdığı addımları - Volodimir Zelenskini İrəvanda qəbul etməsi və Avropa rəsmiləri və Avropa liderlərinin rusofobik sammitini təşkil etməsi - cavabsız qala bilməz . Onun sözlərinə görə, Ermənistan geosiyasi seçimlərini edərkən qonşuluqda - İranda baş verənləri unutmamalıdır.
O, Ermənistanın bütün dünyanın ikiyə bölünmə nöqtəsində, təkcə Cənubi Qafqazda deyil, həm də Böyük Yaxın Şərqdə, hətta Fars körfəzinin monarxiyalarına qədər bir çox bölgə ölkəsinin taleyinin həll olunduğu yerdə yerləşdiyini qeyd edir. Ekspert qeyd edir edir ki, supergüclər yenidən Ermənistanı geosiyasi mübarizələrində istifadə etməyə çalışırlar: “Həmçinin başa düşmək vacibdir ki, bu gün Ermənistan təkcə ölkə rəhbərliyinin deyil, həm də erməni xalqının qarşısında duran ekzistensial seçimlə üzləşir. Bu seçim təkcə respublikanın özündə yaşayan erməniləri deyil, həm də bütün dünyaya yayılmış və vətənlərinə həyatlarının eşqi kimi baxan diasporu da gözləyir. Əgər söhbət Ermənistan üçün hər hansı təhlükəsizlik zəmanətindən gedirsə, Qərb tamamilə yanlış seçimdir”. Ekspert nümunə olaraq ən yaxın Avropa ölkəsi olan Fransanı göstərir: "Ermənistanla ortaq sərhədlərin olmaması səbəbindən Parisə ümid etmək açıq-aşkar bir illüziyadır. Ciddi silah və sursatın çatdırılması və saxlanılması, eləcə də Fransa hərbi kontingentinin yerləşdirilməsi və sair ilə bağlı açıq-aşkar çətinliklər var".
Yeranosyanın fikrincə, ABŞ üçün Ermənistan geosiyasi oyunda açıq-aydın xərclənə bilən bir ölkədir: “TRIPP layihəsi Türkiyənin maraqlarının hər şeydən üstün olduğu bir layihədir. Bunun üçün Xəzər neftinə çıxış və türk dünyası ilə birbaşa əlaqə lazımdır. Amerikalılar bu layihə üçün müəyyən maliyyə ayıra bilərlər, amma vəssalam. Qonşu İran üçün Ermənistan ərazisindən keçən və müxtəlif Qərb kəşfiyyat orqanları tərəfindən qorunan bir yol qanuni hədəfə çevriləcək. Buna misal olaraq Cənubi Qafqazdakı əsas marağını Bakının nefti olan Britaniyanı göstərmək olar. Lazım gələrsə, ingilislər regiondakı hər kəslə döyüşməyə və Azərbaycanı müdafiə etməyə hazır olduğunu başa düşmək lazımdır, amma bu, əlbəttə ki, Ermənistan üçün olmayacaq. Britaniya, məsələn, “British Petroleum” şirkətinin maraqları naminə canlarını qurban verməyə hazırdır və yalnız Azərbaycanın maraqlarını müdafiə edəcəklər”. Politoloq hesab edir ki, Rusiya Ermənistanın ən doğru seçimidir: “O, erməniləri ən çətin dövrlərində xilas etdi və bu, tarixi bir faktdır. Ermənistan ordusunu yaradan və Sardarapatda türklərlə toqquşan 20.000 ermənini silahlandıran Rusiya idi. Rusiya ordusu inqilabi xaos səbəbindən Qafqazı tərk etdi, lakin ermənilər üçün toplar və “Mosin” tüfəngləri qoyub getdi. Və 900 kazak könüllü qaldı. Bu gün münasibətlər mürəkkəbdir. Lakin onu da unutmamaq lazımdır ki, Ermənistan baş nazirinin danışdığı kimi, xarici istehlak bazarlarının şaxələndirilməsi faktiki olmaqdan daha çox populist xarakter daşıyır. Rusiyaya qarşı demarşlar və Cənubi Qafqaz Dəmir Yolu, hərbi baza və KTMT-də iştirak edib-etməmək ətrafındakı şantajlar əks-səda doğurub. Ərik, pomidor, gül, alabalıq, konyak və sair — cavab budur.Ölkənin perspektivləri barədə düşünmək üçün Ermənistan dərhal üç şey etməlidir: KTMT və AİB-in bütün tədbirlərində iştirakını bərpa etməli, Kiyev hakimiyyəti ilə əlaqələrinin tamamilə kəsildiyini açıq şəkildə elan etməli və müttəfiqi Rusiyanın açıq düşmənləri olan avropalı rusofoblarla flört etməyi dayandırmalıdır”. Politoloq iddia edir ki, o zaman Rusiya-Ermənistan münasibətləri dərhal bərpa olunacaq və kəskin şəkildə yaxşılaşacaq.
Tahir TAĞIYEV