Təbriz Musayev: “Rusiya baş verənlərlə bağlı nə qədər sərt bəyanatlar versə də, vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək”
Moskva Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu konsessiyasının Rusiyaya verilməsi ilə bağlı açıqlamalarını Qərb paytaxtlarının şantajı kimi qiymətləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik bildirib ki, konsessiyanın kiməsə verilməsi məsələsinin əvvəllər qaldırılmadığını nəzərə alsaq, Ermənistan rəhbərliyinin sadəcə şantaj edildiyi ehtimalı yüksəkdir: “Onlar nəqliyyat sektorundakı “Rusiya faktoru”nun aradan qaldırılmasını tələb edir və bunun müqabilində iqtisadi cəhətdən çətinliklə nəzərə çarpan layihələrdə çoxmilyon dollarlıq investisiyalar və iştirak vəd edirlər. Bu, Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırmaq məqsədi daşıyan çirkli oyunları ilə tamamilə uyğundur”.
XİN onu da bildirib ki, İrəvanın Rusiya konsessiyasının guya Ermənistanın logistika təşəbbüslərində iştirakına mane olduğu barədə arqumentləri tamamilə yalandır.
Rusiya bir tərəfdən dəmir yolu ilə bağlı öhdəliklərini yerinə yetirmir, o biri tərəfdən də belə sərt bəyanat verir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bu baş verənlər Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizənin tərkib hissəsidir: “Rusiyanın dəmir yolu məsələsində bu qədər dirəniş göstərməsi təbiidir. Çünki Ermənistan uzun illər regionda Rusiyanın əsas dayaq məntəqəsi olub. Bunun da bir sıra səbəbləri var. Başlıca səbəb onunla əlaqədardır ki, tarixən Rusiya ermənilərdən öz imperiya siyasətini həyata keçirmək üçün istifadə edib. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, orada Rusiyanın iki hərbi bazası mövcuddur, sərhəd qoşunları fəaliyyət göstərir. Ermənistan Rusiyanın yaratdığı iqtisadi və hərbi ittifaqlarda təmsil olunur. Bu ölkədə yerləşən bir sıra vacib strateji əhəmiyyətə malik sahələrin səhmləri, idarəçiliyi Rusiyaya məxsusdur. O cümlədən, dəmir yolları. Paşinyanın seçkilərdə növbəti qələbəsi Ermənistanda Rusiyadan uzaqlaşmaq kursunu geridönməz mərhələyə keçirib. Moskvada yaxşı anlayırlar ki, geosiyasi proseslər onların xeyrinə işləmir. Zamanla Ermənistandakı bir sıra sahələr Rusiyanın nəzarətindən çıxmaqla yanaşı, hərbi bazalarda ölkədən çıxarılacaq. Rusiyanın Ukrayna bataqlığına saplanması Ermənistan hakimiyyətinin manevr imkanlarını genişləndirir. Daha cəsarətlə Rusiyaya bağlı siyasi qüvvələrin üzərinə gedirlər. Strateji məqsəd odur ki, Rusiyanın Ermənistanda əsas təsir vasitələrini mərhələli şəkildə ortadan qaldırmaq. Ona görə də, Rusiya baş verənlərlə bağlı nə qədər sərt bəyanatlar versə də, vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI