Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması, Ermənistanın özü belə bir tələb irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun açıqlamasını şərh edərkən bildirib.
Bundan əvvəl Overçuk Ermənistanın AİB-dəki statusunun 29 mayda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında müzakirə olunacağını bildirmişdi. O, Ermənistanın Avrasiya və Avropa Birlikləri arasında tez bir zamanda qərar verməsinin Ermənistanın AİB müttəfiqləri üçün daha yaxşı olacağını bildirib.
"Bizim belə bir istəyimiz olmayıb. Buna görə də, bizim xaric edilməmiz müzakirə edilə bilməz. Nizamnamədə belə bir şey nəzərdə tutulmayıb", - Mirzoyan bildirib.
Ermənistanın müvafiq qərarı nə vaxt verə biləcəyi ilə bağlı suala isə Mirzoyan, bunun zərurət yarandıqda veriləcəyini bildirib. "Mən müddət açıqlaya bilmərəm. Belə bir məsələ bizim gündəmimizdə deyil", - deyə o qeyd edib.
Nazir qeyd edib ki, Ermənistanın AİB-dəki üzvlüyünün onun iştirakı olmadan dondurulması məsələsi də müzakirə edilə bilməz: "Bu, ola bilməz. Bu, nizamnamədə nəzərdə tutulmayıb. AİB konsensus qərarları ilə idarə olunan bir təşkilatdır. Bu necə ola bilər?".
Mirzoyan vurğulayıb ki, İrəvan Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmaq niyyətində deyil.
Tahir TAĞIYEV